Modern.az

Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür

Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür

3 İyul 2017, 09:10

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anım günüdür.

Modern.az-ın məlumatına görə, Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailəsi 1961-ci ildə dədə-baba yurdları olan Zəngibasar mahlının Sarcalar kəndinə köçüb. 1969-cu ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra ali əhsilini tamamlayıb.

1979-cu ildə ailə həyatı qurub, Rəşad, Samir və Ülviyyə adlı övladları dünyaya göz açıb.

Xocalı faciəsindən sonra, 1992-ci il martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb.
Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib.

1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.

Prezidentin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır