Modern.az

İlham Əliyev baramaçılıq, tütünçülük və fındıqçılıqla bağlı tapşırılar verdi  

İlham Əliyev baramaçılıq, tütünçülük və fındıqçılıqla bağlı tapşırılar verdi   

4 Avqust 2017, 13:09

Avqustun 4-də Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyev respublika müşavirəsində yekun nitqi söyləyib.

İlham Əliyev bildirib ki, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına böyük dəstək və diqqət var. Qarşıda duran vəzifələrdən danışarkən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salan Prezident İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirib və qeyd edib ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir.


Baramaçılığın inkişafından da danışan dövlət başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirib. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident  2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğulayıb, bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən Prezident İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirib. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən dövlətimizin başçısı fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini vurğulayıb.

Həyata keçirilən bu tədbirlərin ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət etdiyini deyən dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərin əhəmiyyətindən danışdı, bu müşavirənin də nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı