Modern.az

Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ  

Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ   

19 Dekabr 2018, 14:49

Ötən gün Milli Məclisdə Azərbaycanın Dövlət Himni ilə bağlı müzakirələr aparıldı. Müzakirələr zamanı deputat Araz Əlizadənin “Himnimizin mətnini Əhməd Cavad yazmayıb. Bu faktlarla sübut olunub” fikri narazılığa səbəb oldu. Bəzi deputatlar və tarixçilər belə iddiaların yanlış və yersiz olduğunu diqqətə çatdırdılar.

 

Son olaraq, Əhməd Cavadın nəvəsi Anar Axundzadə də babası haqqında yazılanlara münasibət bildirib. Modern.az-ın məlumatına görə, A.Axundzadə sözügedən iddiaya belə cavab verib:

“Bəzi insanlarımız hər fürsətdə babam Əhməd Cavadla bağlı yersiz fikir yürütmək həvəsinə düşür. Mən Əhməd Cavad ailəsinin mənsubu kimi bu qəbildən olan həvəslərin babamın əziz ruhunu müəzzəb etdiyini düşünərək, narahatlıqla qarşılayıram. 
Dövlət Himnimizin müəllifi babam Əhməd Cavad həyatdaykən də yaradıcılığını “təftiş” etməyə həvəs göstərənlər az olmamışdı, onu qətl etdirdikdən sonra əsərlərinə yiyələnməsi faktları da geniş bilinməkdədir”. 

Əhməd Cavad irsini müdafiə edən həmvətənlərinə, ölkəmizin bütün dəyərli övladlarına - elm, dövlət, siyasi və ictimai xadimlərinə dərin şükranlarını çatdıran Anar Axunzadə keçən əsrin 20-30-cu illərində milli və mənəvi dəyərlərimizə, Əhməd Cavada və onun əqidədaşlarına qarşı çıxan mənfəətçilərə babasının münasibətini əks etdirən bir əsəri də paylaşıb:

 

HƏCV 


Özləri məhrumkən feyzi-ədəbdən,
Günahı bizlərdə görənlərə bax!
Parlayıb bir zaman, düşdülər dəbdən,
Bazara yeni mal verənlərə bax!

Deyir yazdığınız, bu “nə həyatdır?”
Çömçəyə əl tutan, qoldur, qanaddır.
Dediyi kiflənmiş, fikri boyatdır,
Özünü irəli sürənlərə bax!

Dün biri haykırdı, çaldığım sazdır,
Xəzanım bulunmaz, günlərim yazdır.
Baxdım rəngi solğun, ruhu da azdır,
Dost-yad arasına girənlərə bax!

Sağdan da, soldan da yüksəlir səslər,
Doğma qardaşına nifrinlər bəslər.
Cavidi, Cavadı sevməyən kəslər, –
Onların yerində duranlara bax!

Yazıb-pozduğunuz nədir sözünüz!
Bu bizim üzümüz, sizin üzünüz!
Gəlib nə yapdınız, deyin özünüz?
Sənət keşiyində duranlara bax!

Biz aydan arıyıq, sudan duruyuq!
Günəşin zərrəsi, haqqın nuruyuq!
Ona-buna baxıb, bulayıb quyruq,
Bizdən haqqı-hesab soranlara Bax!
Sənət keşiyində duranlara Bax!!.

 

Əhməd Cavad, 1929 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi