Modern.az

Prezidentdən gənclərə TÖVSİYƏ: “Təhsilə çox böyük fikir verin”

Prezidentdən gənclərə TÖVSİYƏ: “Təhsilə çox böyük fikir verin”

1 Fevral 2019, 21:44

“Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlanıb. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılıb”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxışı zamanı bildirib.

 

Dövlət başçısı qeyd edib ki, o illər çox ağır illər idi: “Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanıb. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilib. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılıb, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir.

Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülüb. Biz Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da atılacaq”.

 

Prezident qeyd edib ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar: “Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.

Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək”.

 

Dövlət başçısı vurğulayıb ki, gənclərimiz bu gün sərhədlərimizi qoruyur: “Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.

Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.

Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin.

Yəni, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.

Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm”.

 

Prezident vurğulayıb ki, ölkəmizdə daxili vəziyyət sabitdir: “Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.

Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcəkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir