Modern.az

Kamal Abdullanın tədarükü  

Kamal Abdullanın tədarükü    

23 Fevral 2019, 18:48

"Don Kixot"u oxumusuz? 

Bir az uzun olacaq, ancaq maraqlı olacaq. 

Yaxın oturun. 

Bir misal var:"Tanımadım, varlı olacaqsan".Varlanandan sonra adamları tanımaq olmur deyə xalqın dilinə belə bir deyim düşüb. Həmişə vəzifəsi olub onun. Heç vaxt öyrəşdiyimiz "kreslo adamı”na çevrilməyib. Alternativ məmur obrazı yaradıb. İllər boyu rektor işləyib, prezidentin müşaviri olub, bir dəfə cangüdənlə, gözqamaşdıran avtomobillə görünməyib. Son illərəcən hətta sürücüsüz gəzirdi. Kamal Abdulladan danışacam sizə. Hərdən sözümün çəp gəldiyi, 15 ildən çox tanıdığım Kamal müəllimdən. Akademik Azad Mirzəcanzadə haqda araşdırma edirdim. Axtara-axtara gedib Kamal müəllimə çıxdım. Demə, akademikin mühazirələrini təşkil edirmiş Slavyan Universitetində. Nə əlaqəsi? Azad Mirzəcanzadə "neft alimi”, o hara, Slavyan hara? Mirzəcanzadə hərtərəfli alim idi. "İxtisasa giriş”, "İyirmi birinci əsrə yol” kitabını oxuyanlar bilir. Onun gəncliyə verə biləcəyi çox şey vardı. Bu səbəbdən də Kamal müəllim onu Slavyan Universitetinə dəvət edirdi. Azad müəllim də inanılmaz böyük həvəslə tələbələrin görüşünə gedirdi. Hə, Azərbaycanda belə alimlər yetişib...

Birgə yazdıqları kitab da var – Azadla Kamalın. 

O vaxt bizdə belə təcrübə yox idi, heç indi də yoxdu. Bu yalnız xarici universitetlərdə olur. Tələbələrin intellektuallığını, dünyagörüşünü genişləndirmək üçün alim hardansa transfer edilir, dəvət alır. Kamal Abdulla da zaman itirməyib. Azad müəllimlə bağlı çox adam zaman itirdi. Ölkə olaraq zaman itirdik. Biz ondan vaxtında iki döl ala bilərdik - elm və mədəniyyət sahəsində. Özü onsuz da bacardığını ürəyində gizlətmirdi. Canını qoyurdu. Kamal müəllim də bunu tələbələri üçün edirdi. "Tələbələrim” deyəndə Kamalın üzündəki işığı görmək lazımdı. Bu tək kəlmə ilə o sanki universitet gəncliyini bağrına basır. 

Ağızdolusu, böyük sevgiylə deyir: Tələbələrim...


Onun üçün böyük sevgidi universitet həyatı. Öz həyatını bu həyata dəyişib. Gəncliyi həmişə sevib. Çevrəsində həmişə özündən cavanlar olub. 

İlk dəfə yanına gedəndə soruşdu: "Don Kixot"u oxumusan? Çox gənc idim və bu sual beynimdə "Don Kixotluq etmə” eyhamı kimi dalğalandı. Bəlkə də eləydi. Sonra bildim ki, Kamal müəllimin çox sevdiyi əsərdi. Hamıdan  soruşur: "Don Kixot"u oxumusan? Don Kixotu niyə sevdiyini dəqiq deyə bilmərəm. Onun xəyallar arxasınca didərginliyini, çirksiz ruhunu sevir bəlkə. Gəlirli-çıxarlı dünyada ürəyini duru arzularla, duyğularla  yuyub tərtəmiz saxlayan və qara yalanlıq içində  həqiqət işıltısı axtaran adamlar həmişə Don Kixotu xatırladacaqlar. Kamal Abdulla özü Don Kixotdurmu?... Deyə bilmərəm, amma işığın tərəfindədi, çıraq yandıran adamlardandı. 

 

Hekayəsini tənqid etmişdim. Görüşəndə həmin tənqidi cümləmi səsləndirib ürəkdən güldü: "Düz yazmısan. Qərəzsiz tənqid olanda qəbul edirəm. Tənqiddə hikkə hiss edəndə əsəbləşirəm”. Bütünlükdə isə tərifi sevir. Hətta tərifdən estetik tablo kimi zövq alır. Bu da onun haqqıdı. Adı gələndə  təsəvvürümdə gecə-gündüz çalışan, bu səhərdən o biri səhərəcən kitab içində eşələnən, gününü universitetin problemlərinə xərcləyən, yeniliyə həvəsli, usanmadan işləyən, qarışqa kimi bir aydın canlanır. Kamal Abdulla həmişə qışa tədarük görür. Onun dünyasında həmin o qış nədi, haradı, - deyə bilmərəm. Mənə görə, o, bütün qışlardan alnıaçıq çıxıb ayaqda qala bilən bir aydındı. Ömrünü gerçək bir yazıçı, elm adamı kimi yaşayıb. Biz nə rektorlar görmüşük! Kortejini tələbələrin üstünə sürdürən, koridora çıxacacaq deyə tələbəni ordan qovduran, ətrafı cangüdən dəstəsi ilə dolu...elə bilərdin mafiya başçısı gəlir. 

 

Kamal Abdulla isə həmişə tələbələrinin içində dərviş kimi dolaşıb. Hətta bəzən gözəgörünməz olub. İçində yaşadığı mistik dünyasında özünü görünməz də hiss edir bəlkə. Prezidentin müşaviri təyin edilmişdi. Mərkəzdəki parkdan keçirdik. Kamal Abdulla ilə qarşılaşdıq. Yenə eyni sadə geyim-keçimində, yenə tək...yenə görünməzlikdə...Üzündə hüzn vardı. Vəzifəsi yüksəlmişdi, hüznü də artmışdı sanki. Universitet üçün darıxırdı, məncə. Kamal müəllim təhsilə, mədəniyyətə, ədəbiyyata misilsiz əmək vermiş adamdı. Ağıllı bir deyimimiz var, çox sevirəm:"İgidi öldür, haqqını yemə”. Bir fərd kimi çözələsək, hamı kimi ona da qüsur taparıq. Söhbətsə bir aydın  ömründən,  böyük mədəniyyət xadimindən gedir, haqqını verək gərək. Biz etməsək, kim edəcək?..

Musa Yaqub - böyük şairimiz, nəslinin son cəngavəri çox ağır günlərini yaşayır, hər an onu itirə bilərik. Saysız-hesabsız fəxri adların içində onun payı  yoxdu. Onun da haqqını vermək bizə düşür. İstərdim yazıçılar, elə Kamal bəyin özü də, Musa Yaqubun ad almasına çalışsın. Qoy Musa bəy istəməsin, biz edək.  

 

Biz onsuz da nə ediriksə, vicdanın səsi ilə edirik. Bütün situasiyalara reaksiyamız vicdanın diktəsi ilə olur. Vicdan nə deyirsə, onu edirik. Bu yazı da elə yazılıb. Biz onun Azərbaycan təhsili, gəncliyi, mədəniyyəti üçün etdiklərini heçə saysaq, vicdansız olarıq. "Bir günlük xəlifə” layihəsinin müəllifidi Kamal bəy. Bu layihə 2003-cü ildə Slavyan Universitetində gerçəkləşib. Arada dayandırıldı. İndi yenidən rəhbəri olduğu Azərbaycan Dillər Universitetində davam etdirir. Layihəyə görə universitetin 32 nəfərlik rəhbər heyəti  içindən tələbələr açıq səsverməylə xəlifə seçirlər. Həmin xəlifə universitetdə qərarlar qəbul edir, yeniliklər edir və bir il ərzində qərarlar qüvvədə qalır. "Kölgə kabineti” formalaşır və növbəti seçkiyə kimi işləyir. Xəlifə bir günlük işinin maaşını da alır. 

 

"Filoloqun kitabxanası – 100” layihəsini də Slavyan Universitetində işlədiyi vaxt edib. Dünyanın ən yaxşı yüz filoloji-fəlsəfi əsəri Azərbaycan dilinə çevrilib. Slavyanda yaratdığı "Yaradıcılıq fakultəsi” isə ölkə tarixində növbəti "ilk”di. Yaradıcı adamların tələbələrlə görüşü, onların leksiyalarının təşkili təhsildə tamamilə yeni estetika yaradırdı. Bu fakultədən yararlanan neçə gənc qələm adamı oldu. Slavyan Universitetinin praktikasının dünyanın bir çox universitetində müzakirə edilməsi də onun xidmətidi.

 

Çağdaş bir ortam yaratmışdı öz təhsil yuvasında. Bir dönəm vardı, ölkədə kreativ, azad, yaradıcı gənclərin çoxu Slavyanın tələbəsi idi. Bu gün online mediada çalışan, rəhbərlik edən slavyançılar az deyil. Bir dəfə ora gedəndə tələbələrin koridorda bir küncdə oturub söhbətləşdiklərini gördüm- modern, rahat. Fərqlənirdi slavyançılar. Eşitmədik rüşvətlə, haqsızlıqla əlləşdiklərini. Az qala bütün dövlət universitetlərində tələbələrin etirazları olub zaman-zaman.  Nüfuzları vardı slavyançıların, oxuduqları təhsil ocağının imicini qoruyan rektorları vardı. İndi də eyni işləri, bəlkə də daha artığını Dillər Universitetində görür. ADU-da 14 ölkənin mədəniyyətini öyrədən mərkəzlər yaradılıb. Qarşılığında xarici ölkələrdə də Azərbaycan mədəniyyətini yayan mərkəzlər işə başlayıb. Ölkə tarixində ilk dəfə ADU-da universitetin 4-cü kurs tələbələri könüllü olaraq 4 həftəlik pedoqoji təcrübəni məcburi köçkün məktəblərində keçəcəklər. Neçə ildi Azərbaycanda məcburi köçkün məktəbləri var. Kiminsə ağlına gəlibmi bu?..  

 

Ən maraqlısı, bundan sonra ADU tələbələri mağazadan aldıqları kitabın çekini versələr, universitet onlara  ödədikləri pulu qaytaracaq.  

Cəmiyyət gəmidirsə, çırpılacağı aysberq bərbad təhsil sistemidi. Savadsız xalqdan savadlı addım gözləməzlər. Savadsız toplum həmişə böyük faciələr yaşayar. Bir aydın cəmiyyətinə heç nə vermirsə, onun yeri heç vaxt açılmayacaq arxivdi. Ölkənin təməlini dağıdan minalar olur. Onlar gəncliyi düşünməyən ictimai-siyasi adamlar, aydınlardı. Bu gün yalnız öz qarnını düşünən adam ən qorxulu partladıcı maddədi. Gərək öhdəlik götürən, məsuliyyəti olan adam, öləndən sonra bu cəmiyyəti onun indi vecinə almadığı, yatırım etmədiyi gəncliyin yönəldəcəyini düşünsün. Bayağı, savadsız gəncliyin sabahkı cəmiyyəti yönəldəcəyini  düşünəndə adamı dəhşət bürüyür. Nə mutlu bizə ki, ölkə gəncliyinin bataqlığa düşməməsi üçün çalışan adamlarımız var. Vecsiz adamları isə quyuya salıb qapağını bərk-bərk bağlayasan. Ziyanlıdı belə adamlar, ziyanlı. Kamal Abdulla gənclik üçün etdikləri ilə, onlara sərgilədiyi örnəklə qiymətlidi.  Yazını da elə ADU tələbəsinin diqqətimi çəkən şərhiylə bitirmək istəyirəm. Bir cümlədə Azərbaycan cəmiyyətinin bütün gerçəkləri vardı: "Kamal Abdulla bufetdə gördüyüm ilk rektordu”.       

 

Aysel Əlizadə
qadinkimi.com 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu