Modern.az

Bizə çayxana lazımdı, yoxsa kitabxana?! - Naxçıvandan YAZIRLAR

Bizə çayxana lazımdı, yoxsa kitabxana?! - Naxçıvandan YAZIRLAR

Hadisə

27 Fevral 2019, 10:29

Sahil Tahirli


Dostlar, şəxsən mən 21-ci əsrdə yaşaya-yaşaya çayxana, eləcə də kababxana təfəkkürlü insanları başa düşməkdə çətinlik çəkirəm. Son vaxtlar adət olub: Onsuz da daşı ağır olan Naxçıvanın adı çəkilən kimi bəziləri başlayırlar stəkanda fırtına qoparmağa. Nədən ki, bəs Naxçıvan kəndlərində çayçılar, elmi dillə desək, çayxanalar sökülüb, yaşlı adamlar qaz borularının üstündə oturub vaxtlarını keçirir,  istirahət edib əylənməyə yer tapmırlar. Təəssüfləndirici məqam odur ki, hətta bu fikirləri səsləndirənlərin arasında mətbuat nümayəndələri, iş adamları, ziyalılar (ziyalı demək mümkünsə), hətta bu günlərdə mətbuata bu barədə boş-boş silsilə açıqlamalar verən deputatlar da var...


Zaman özü çayçıların axırına çıxdı...

Qardaşlar, bir dəfə bilin ki, çayçı təfəkkürü, çayçı mədəniyyəti 20-ci əsrlə bərabər tarixin arxivinə yuvarlanıb getdi. Onları kimsə sökmədi, yetişmiş zaman, müasir dövrün dəyişən tələbləri çayçıların axırına çıxdı...

Xatırlayıram ki, müstəqilliyin ilk illərində Naxçıvanın Cəhri, Nehrəm, Qarabağlar kimi böyük kəndlərinin mərkəzində onlarla çayçı var idi. Sirr deyil ki, onların çoxu isə axşam və gecə saatlarında qumarxana, lotoxana kimi fəaliyyət göstərirdi. Özüm şahidi olmuşam ki, hətta bəzi çayxanalarda həyətlərdə əkilən narkotik tərkibli bitkilər də  alınıb-satılırdı. Evindən tezdən çıxıb gecəyarısı ancaq qayıdıb gedən adamlar da az deyildi. Əkin-biçindən, iş-gücdən, təhsildən, idmandan uzaq düşən gənclər vaxtlarının çoxunu bu məkanlarda kart, domino oynamaqla keçirirdi. Dünya ölkələrinin “siyasi xətti”, ölkəmizin “qlobal problemləri” müzakirə edilib qurtarandan sonra camaatın ailə-uşağının qeybəti başlayırdı. Həmin çayçılarda hər gün birini “vəzifəyə gətirir”, beşini “azad edirdilər”. Təhlükəli dini cərayan və dini ekstrimizm təbliğatı da (xarici ölkələrin marağı və dolayı təşkilatçılığı ilə) bu məkanlarda aparılırdı. Təkcə bir faktı deyim ki, həmin vaxt Naxçıvanda yayılan bir çox yoluxucu xəstəliyin də mənbəyi elə bu antisanitariyanın tüğyan etdiyi yerlər idi. Məsələn, rəsmi statistikaya nəzər yetirəndə görürsən ki, bu gün vərəm xəstəliyi Naxçıvanda minimal həddə olduğu halda həmin vaxt yüzlərlə adam bu xəstəlikdən əziyyət çəkirdi.

Çayxana həsrəti ilə yaşayan çayxana təfəkkürlü adamlar

Bu məqamları boşuna xatırlatmadım. Məqsədim odur ki, çayxana həsrəti ilə yaşayan çayxana təfəkkürlü adamlardan soruşum: Bu cür çayçılar və onların sizin başınızdan çıxmayan siqaret tüstülü yaşantısı kimə və nəyə lazımdı?! Bu gün Yaponiya, Fransa, Almaniya kimi inkişaf etmiş ölkələrdə hansı ağsaqqal özünü idmandan, üzgüçülükdən, kitab oxuyub mütaliə etməkdən, yeni texnologiyalardan, təbiət gəzintisindən, konsert və digər əyləncələrdən təcrid edib gününü çayçılarda keçirir?! Yaxud bu ölkələrdə “çayçı” adında nəsə varmı?! Yaxşı, tutaq ki, var. Siz mənə çayçılarda öyüd-nəsihət alaraq yetişib formalaşan bir Nobel mükafatçısı, dünya şöhrətli alim və ziyalı göstərə bilərsinizmi? Fikirləşməyin, çünki tapa bilmərsiniz. Nə Nizamini, nə Nəsimini, nə Xətaini, nə Vaqifi, nə Məhəmməd Tağı Sidqini, nə Hüseyn Cavidi nə də ki digər görkəmli mütəfəkkir və şəxsiyyətlərimizi çayxanalar yetişdirməyib. Onları məktəb-mədrəsə, ozan-aşıq mühiti, dastan axşamları, ədəbi məclislər, yaradıcı söz-sənət ab-havası Azərbaycanımıza qazandırıb.

Naxçıvan çayçı “mədəniyyətini” tarixin zibilliyinə atıb

Bəli, günü-gündən inkişaf edib müasirləşən Naxçıvan illərdir ki, çayçı “mədəniyyətini” büküb atıb tarixin zibilliyinə.

Gəlin, belə fikirləşək: Ata-babasını çayçıda axtaran uşaq görəsən ondan hansı valideyn tələbkarlığını və ya valideyn nümunəsini götürəcək?! Bu minvalla uşaqlar təhsildən də, mədəniyyətdən də kənarda qalacaqlar.  Sual oluna bilər ki, bəs insanlar hara üz tutsunlar, asudə vaxtlarını necə keçirsinlər? Birincisi, atalar demiş, torpaq kəndlinin iş yeridi... Zəhmətkeş adamların çətin ki, bir o qədər boş vaxtı ola. İkincisi də son illər yöndəmsiz, uçuq-sökük çayxanaların yerində yüzlərlə Kənd mərkəzləri tikilib. Həmin mərkəzlərdə zəngin kitabxanalar, mədəniyyət evləri fəaliyyət göstərir. Onlarla musiqi və folklor qrupları, xalq teatrları, dram dərnəkləri yaradılıb. Rayon mərkəzlərində möhtəşəm Mədəniyyət Sarayları ucaldılıb. İndi ən ucqar kənddə də sürətli internet, İP televiziya xidməti təşkil edilib. (halbuki heç Berlindən 40 kilometr aralıda insanlar internet tapmır. Rusiyanın 4-cü böyük şəhəri olan Samarada elə kəndlər var ki, uşaqlar hər gün 11 kilometr aralıda yerləşən məktəbə piyada gəlib-gedirlər). Sifətindən nimdaşlıq və kir-pasax tökülən çayçıları isə səliqəli kafe və restoranlar, istirahət və turizm mərkəzləri əvəzləyir.

Ta o qatar gedib

Məsələn, son illər Şahbuzda möhtəşəm Ağbulaq turizm kəndi yaradılıb. Batabat restoranı tikilib, ailəvi istirahət üçün onlarla kotej qurulub.Şərurun, Culfanın, Ordubadın mərkəzi və kəndlərində müasir istirahət guşələri qurulub. Hətta tarixi hamam və buzxanalar da bərpa edilərək istirahət və mədəniyyət sahələri kimi əhalinin istifadəsinə verilib. Naxçıvan şəhərində “Danyeri”, “Dəyirmançı”, “Nuh yurdu”, “Dörd fəsil”, “Sevgilim”, “Mado”, “Görüş yeri”, “Zümrüd”, “Kitab-kafe”, "Göl-kafe", “Uzunoba” kimi xidmət sahələri fəaliyyətə başlayıb. “Böyük bağ”da çay evi müasirləşdirilib, ahıllar üçün təqaüdçülər klubu açılıb (həmin obyektlərin fotoları sizə təqdim olunur). Rayonlarda şahmat mərkəzləri istifadəyə verilib, bütün məktəblər ən müasir tələblər səviyyəsində tikilib və şagirdlərin  istifadəsindədir. Və bu istiqamətdə sadalamadığım yüzlərlə layihə reallaşdırılıb. Digər layihələrin icrası isə davam etdirilir.

İndi biz bu cür yüksək mədəni səviyyəsi ilə seçilən yerləri qoyub çayçı dalına düşməliyik? Tüstü-dumandan göz-gözü görməyən çayçılardan yana göz yaşı səpələməliyik? Nədi ki, kənddə bekar-behtin 5-6 nəfər gedib siqaretini tüstülədib arvadın da pensiyasından çaypulu edəcək...

Yox, ta o qatar gedib. İndi yeni əsr və yeni dönəm gəlib çıxıb. Məncə, əsl ağsaqqal gənclərə örnək olmalıdı. Çayxana həsrəti ilə yaşayıb qaz borularının üstündə vaxtını “öldürmək” əvəzinə nəvələrinin əlindən tutub kitabxanaya, teatra, dastan axşamına, saz-söz məclisinə, idman yarışlarına, tarixi abidə və muzeylərə, uşaq-əyləncə mərkəzlərinə aparmalıdır.  Bununla da həm fiziki, həm də mənəvi baxımdan istirahət etmiş olar, həm xeyirxah əməllərindən zövq alar, həm də ölkəmizin intellektli və bilikli gənclərdən asılı olan gələcəyinə öz payını verər. Ta səhərdən axşama  çayçıda milçəyini qovalamaz...

PS. Bəziləri iddia edir ki, Naxçıvanda çayçıların “sökülməsi” işsizlik yaradıb. Özləri naxçıvanlı olan həmin adamlar  xarici ölkələrdə böyük müəssisələr açıb, biznes qurublar. Naxçıvanda da bir daşı o biri daşın üstünə qoyduqlarını şəxsən mən xatırlamıram və görməmişəm də. Sözümün canı ondadı ki, elə ürəyiniz yanır, gəlib burda da bir müəssisə açıb 5-10 adama da siz iş verin. Yoxsa, boş-boş danışmağa nə var ki...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu