Modern.az

Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi  

Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi  

19 Aprel 2019, 12:19

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” (MŞA) layihəsini təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması  2023-cü ildə gözlənilir.

 

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə  36 milyard dollardan çox  investisiya qoyulub.  

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 25 il əvvəl “Əsrin Müqaviləsi” ilə ölkənin rifahı naminə  əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq:

“Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Mərkəzi-Şərqi Azəri” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb. Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”. 

 

Bu məsələ ilə bağlı BP-nin baş icraçı direktoru Bob Dadli qeyd edib ki, birgə fəaliyyətin ötən 25 ili ərzində uğurlu tərəfdaşlıq Azərbaycan xalqının  dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirib:

“AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək.”

 

Çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq, deyib ki, bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyulan uzunmüddətli hasilat planlarını dəstəkləyir:

“Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”     

 

MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.  

 

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından MŞA qurğularına nəql etmək məqsədi ilə MŞA və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

 

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

 

Qeyd edək ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunmuşdur. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.  

 

Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi