Arxiv
30 Aprel 2019, 11:13 | ƏDƏBİYYAT
İudey mifologiyası və dünya hökmranlığı  

Rahid Ulusel

 

Baxın ilgəklənmiş göy tavanına: yüz milyonlarla insan –

Asılıb yellənir ölü məfkurələrin dar ağacından

 


“Tövrat”ın özək kanonikasını – “Əhdi-Ətiq”i ilk dəfə bir uşaq məsumluğu ilə, müqəddəs bir kitab olaraq əlimə alıb öpmüş, titrəyə-titrəyə açıb qarşıma qoymuş və oxumağa başlamışdım. Ancaq oxuduqca bu Kitab məni sarsıtdı və içimdəki ilahi duyğular, müqəddəslik seli bu Kitaba qarşı üsyana qalxdı: Onun anti-dünyası üzə çıxdıqca, həyatı bunca zorlamağın nə üçün gərəksədiyindən heyrətlənə-heyrətlənə ekzistensiyasını anlamağa çalışırdım. Bəlkə elə, bu Kitab suallarla çarpışmaq üçündür ki, heç birinə cavab tapmayıb, axırda bir qul kimi Ona təslim olasan?!  


“Əhdi-Ətiq” bəyan edir ki, Allah dünyanı, eləcə də canlı aləmi və insanı qabaqcadan təsəvvür etmədiyi şəkildə, yaratdıqca bunun “çox yaxşı” olduğunu görərək, ancaq sonunu bilmədən, sanki sövq-təbii yaradır (Varlıq, 1, 31). Bununla da elə başlanğıcdan “Əhdi-Ətiq” Allahı özünün əbədiyyət qüdrətini inkar etmiş olur. Yaratdığı ilk insan – kişi Adəm ikinci insan qadın Həvva ilə birlikdə ilahi nizamı pozur və Cənnətdən qovulur. Beləcə, tarix –   İnsanın Allah iradəsinə qarşı çıxması və qanla, onların övladlarının – üçüncü insanın – Kainin dördüncü insanı – Aveli öldürməsi ilə başlayır. “Əhdi-Ətiq” Allahı elə ilk münasibətlərindən məharətlə öz suçunu yaratdıqlarının üstünə atır: Kainin yox, Avelin qurbanını qəbul edir. Bununla da Kaində xainlik hissinə, qardaş qatilliyinə əsas yaradır. Dünyada insandan doğulmuş ilk məsum günahsız – Avel həlak olduğundan, məhz Kaindən və onun qardaşlarından nəsil əmələ gəlib artır. “Əhdi-Ətiq” Allahı bu nəsildən törəyən insanların çoxaldıqca pozulduğunu, niyyət və əməllərinin “şər” olduğunu görərək, yaratdıqlarına peşman olur, kədərlənir və qəzəblənib onları qırmaq qərarına gəlir (Varlıq, 6, 1-7). “Yaramaz” bəşəriyyəti suda boğduqdan, bircə özünə sadiq Nuhu xilas etdikdən sonra onun qurbanını qəbul edir. Nuhun ehsanının “xoş ətrini alıb” ürəyində şər gəzdirən insana görə bir daha yeri lənətləməyəcəyini, bütün canlı aləmi qırmayacağını bəyan edir (Varlıq, 8, 20-21).


Nuh epoxasının başlanğıcından “Əhdi-Ətiq” Allahı daha da “konkretləşərək və milliləşərək” açıq şəkildə “İsrail Allahı”, “Yəhudi Allahı”, “Avraam, İsaak, İeqova Allahı” obrazını da alır, “İsrail oğullarına” – “Mənim xalqım!” deyir (Çıxış, 3, 7; 5, 1-3). O, İsrail oğullarını sınayırmış kimi, onlara dünyada əzab və sərgərdanlığın hər üzünü yaşadır: bir tərəfdən Moiseyə (Musaya) İsrail xalqını Misir köləliyindən qurtarmağı hökm edir, digər tərəfdən Fironun qəlbini qəddarlaşdırır ki, onlar daha çox əziyyətə düçar olsunlar. Gah onları vətənə yönəldir, gah da Fironla qabaqlarını kəsdirir və etiraf edir ki, bütün bunlar onun öz gücünü və sanını göstərməyindəndir (Çıxış, 11; 14, 17-18). Bunca “qüdrətlə” “Əhdi-Ətiq” Allahı bəndələrinin dediyi ilə də oturub-durur. O qabaqcadan müəyyənləşdirmir, gerçək vəziyyətə uyğun qanun qoyur (Say, 27, 1-11). İşi-gücü yalnız insanları itaət və itaətsizliyinə görə mükafatlandırıb-cəzalandırmaqdan ibarət olan “Əhdi-Ətiq” Allahı hər an altdan-altdan sezdirir ki, dünyadakı bütün konfliktlərin determinantı İnsan yox, məhz O özüdür! İsrailə “Sən – sənin Sahibin olan Allahın müqəddəs xalqısan! Səni Allah seçib ki, Sən Onun yer üzündəki bütün xalqlardan ayırdığı xüsusi  xalqı olasan” (İkinci Qanun, 7, 6) deyən “böyük və dəhşətli” “Əhdi-Ətiq” Allahı İsrail oğullarını Midianitlərdən intiqam almağa göndərir. Nəyə görə? Çünki Midianitlərin allahı başqadır. Başqa allaha itaət edən xalqı isə qırmaq lazımdır! “Əhdi-Ətiq” Allahı, əslində, bütpərəst allahdır. O, özgə allahların varlığını “de-fakto” qəbul edir. Ancaq “Əhdi-Ətiq” Allahının ən çox qorxduğu odur ki, İsrail xalqı onu atıb başqa allahlara etiqad etsin. O həmin allahlarla təkbətək döyüşə çıxmır, onları yenmək üçün bəndələrindən qisas alır! Onların üzərinə İsrail xalqını özünün muzdlu ordusu kimi göndərir. İsraillilər yerli Midianitləri qılıncdan keçirir, qadınlarını, oğul-uşaqlarını qul edirlər. Moisey peyğəmbər isə daha amansızlıqla əsirlərin də öldürülməsini, bircə “kişi qucağı görməmiş qızların” özləri üçün diri saxlanmasımı əmr edir (Say, 31, 18). Ələ keçirilən qənimətdən – qızıl-gümüşdən “Əhdi-Ətiq” Allahının məbədinə ehsan gətirir. “Əhdi-Ətiq” Allahı bu sədaqətdən şövqə gəlib İsraillilərə “yer üzünün bütün sakinlərini qovun” (Say, 33, 52) – deyə hökm edir.  Onları vadar edir ki, başqa xalqların ərazilərini tutub öz qəbilələri arasında bölüşdürsünlər. Hətta İsrailliləri buna da təhrik edir ki, “Hərgah siz yer üzünün sakinlərini özünüzdən qovmasanız, onda onlardan qalanlar tikan olub gözünüzə batacaq, iynə olub böyrünüzə sancılacaq, yaşadığınız yerlərdə sizi sıxışdıracaqlar” (Say, 33, 55). “Əhdi-Ətiq” Allahı İsrail oğullarını daha böyük amansızlıqla bütün ətrafdakı çoxsaylı 7 xalqa – hettey, qerqes,   amorrey, hanaaney, ferezey, evey və ievuslara qarşı qırğın törətməyə (“Sənin Allahının Sənə rüsxət verdiyi bütün xalqları qırırsan!” – (İkinci Qanun, 7, 16), onlara  aman verməməyə, rəhm etməməyə, kökünü kəsməyə çağırır (İkinci Qanun, 7, 1-22).


Dünyanın ilk soyqırım ideoloqu – Allah hamıdan üstün tutaraq mehr və iltifat göstərdiyi yəhudi ilə heyvana fərq qoymamaq ironiyası altında zarafat etməyi, istəkli qövmünü ələ salmağı da bacarır: “Sən bütün xalqlardan daha çox xeyir-dua alacaqsan. Nə Sən özün, nə Sənin mal-qaran doğub-törəməsiz olacaq” (İkinci Qanun, 7, 14). Bütün bunlardan sanki vəcdə gələn Yəhudi Allahının sevimli peyğəmbəri David qalib gəldiyi Ammonit xalqını XX əsrin soyqırım vasitələri ilə yox edir: onları kütləvi şəkildə mişarlayır, baltalayır, sobalarda yandırır (İkinci Hökmdarlıq, 12, 31). – Faşizm üçün əla dərs və örnək! Yəhudilərin çevrəsində yaşayan həmin xalqlar indi yer üzündə yoxdurlar. Onların hamısının və ya bir çoxunun yəhudilər tərəfindən kökünün kəsilməsi mifdir, yoxsa həqiqət?! Tarix bunu araşdırıbmı?! Bəlkə bu da tarixin bir görküdür ki, belə “möhtəşəm” qalibiyyət triumfu ilə yəhudilər bu gün dünyaya səpələnsələr də, özgə ölkələrdə böyük nailiyyətlər qazansalar da, personal mənada dünyanın ən nüfuzlu insanları sırasında olsalar da, qlobal idarəetmənin başında dayansalar da, onlar planetin ən az siyasi əraziyə malik dövlətlərindən birində yaşayırlar...


İsrail xalqının hamı üzərində qələbəsi isə “Əhdi-Ətiq” Allahının gözlədiyinin tam əksi olaraq, onları pozğunluğun və əxlaqsızlığın təntənəsinə çatdırır. “Əhdi-Ətiq”də erosun hiyləgərliyə bulaşmış bütün sifətləri allanır: qızın atası ilə, gəlinin qayınatası ilə, oğulun atasının arvadları ilə, peyğəmbərin (David) öz sadiq sərkərdəsinin gözəl arvadı ilə yatışması, bic peyğəmbərlərin  doğuluşu, hakimiyyətə yiyələnməsi kimi haram davranışlar “Əhdi-Ətiq” Allahının yasaqları çərçivəsində, onun gözü qarşısında baş verir. İsrailin bütün hökmdar peyğəmbərləri ağlasığmaz günahlara qərq olurlar: onlar məhz müdriklik və hakimiyyətin zirvəsində yollarından azırlar. “Əhdi-Ətiq”  öz stixiyasına görə azmış peyğəmbərlər tarixinə dönüşür. Bu əməllər müqabilində heç satanaya (iblisə) da ehtiyac qalmır: o yalnız İovanın kitabında zühur edir. Başdan-ayağa iblisləşmiş İsrail dünyasını “Əhdi-Ətiq” Allahı heç cür yola gətirə bilmir. Bütün seçkinlik, imtiyaz və mükafatlara rəğmən İsraillilər axırda Onun naxələf oğulları olurlar...


Tarixdə ilk dəfə Tanrı-İnsan münasibətlərini Hökmdar-Qul münasibətləri şəklində qəti imperativlərlə modelləşdirən “Əhdi-Ətiq”in “hərşeyəqadir” Allahı Ona asi olduqda başına min müsibət açdığı İsraili şirnikləndirərək ərz edir: “... ancaq Mən Səni dünya xalqlarının işığı edəcəyəm” (İsay peyğəmbərin Kitabı, 49, 6). Hətta “Əhdi-Ətiq” Allahı İsraillə arvadını atıb sonra ona yiyə duran ər kimi rəftar edir (İsay peyğəmbərin Kitabı, 54, 5). İsrail və İudanın “Əhdi-Ətiq” Allahına hər dəfə üz tutması hər dəfə də mütləq Ondan üz döndərməsi ilə sona yetir. Allah – İnsan öcəşməsi, itaət – asilik kontrastı bitib-tükənmək bilmir. Bütün dönüklüyünə baxmayaraq, “Əhdi-Ətiq” Allahı yenə də bütün dünya xalqlarını İsrailə tabe etdirmək məqsədlərindən əl çəkmir. İsrailə xidmət etməyənləri amansızca qıracağı ilə hədələyir. Çünki davakar “Əhdi-Ətiq” Allahının yer üzündə yeganə dayağı – dönük, satqın, əxlaqsız olsa da, hər dəfə ram edib əsarətə aldığı qul İsrail xalqıdır. O öz qulundan bir addım da qabağa getmir. Onu da qabağa getməyə qoymur. Deməli, nə qədər İsrail xalqı var, “Əhdi-Ətiq” Allahı var! Yoxdursa, O da yoxdur!


Bütün bu əzici dramın içində İnsana dayaq ola bilən çox müstəsna kəlmələr ara-sıra güclə sayrışır: “Yağışın atası varmı? Bəs şeh damlasını kim doğur?!” (İova, 38, 28). “Əhdi-Ətiq”də dərin ekzistensial məna kəsb edən yeganə hissə “Ekklesiastın Kitabı”dır.  Həqiqət bu kitaba özünün dərindən gələn fəryadı, sərt üzü və inkarı ilə güclü şəkildə sızıb. “Solomonun Şərqilər Şərqisi” də yeganə hissədir ki, orada “Allah” olmasa da, buradakı şərqilər daha təsirli və tanrısaldır. Mifin dibindən bəzən real tarix də göyərir: Persiya və Yunanıstanın toqquşması kimi (Daniil peyğəmbərin Kitabı, XI). Lakin bütün səviyyələrində “Əhdi-Ətiq”in aparıcı teoloji müddəası Allahın İnsan üzərində mütləqiyyətidir: “Müdrikliyin başlanğıcı – Allahdan qorxudur” (Solomon pritçaları, 1, 7). “Əhdi-Ətiq” Allahı “İsrail Allahı” missiyasında gələcəyi də əsarətə almağa cəhd edir. – O, “Quran”dakı Allaha öz hökmünü belə göndərir: “Mən birinciyəm və sonuncuyam. Məndən başqa Allah da yoxdur!” (“la ilahə illəlllah”ın ilkin “Tövrat” versiyası). Cavabı  özündə olan təsdiq:  “Məndən başqa Allah varmı?!” (İsay peyğəmbərin Kitabı, 44, 6-8). “Əhdi-Ətiq” suç dünyasına qərq etdiyi bəşəriyyəti – başında da yəhudilər! –  hara sürüyürsə-sürüsün, sonda öz mənbəyinə qayıdan absurda çatır: Allah – İnsanın günahıdır!..


“Əhdi-Ətiq” yasaqları ilə zirehlənmişlər – “Öldürmə!” (İkinci Qanun, 5, 17) deyərək, hamıdan daha amansızca öldürdüyündən, “Oğurlama!” (İkinci Qanun, 5, 19) deyərək hamıdan betər soyğunçuluq etdiyindən, özünə mifdən tarix, dindən siyasət qayıran “İsrail oğulları”nın vaizləri ilğıma deyil, düşüncəyə etiqad edənləri, təbii ki, inandıra bilməyib, əvəzində, planetar sürünü idarə etmək üçün ikiüzlü farisey əxlaqı (siyasətdəki təzahüründə – “ikili standart”) formalaşdırıblar. Ağıla necə sığdırasan ki, belə əcaib tarixlə fəxr etmək də olarmış!..  

 
“Əhdi-Ətiq”i ilk dəfə məsumca titrəyə-titrəyə ələ aldığım vaxtdan 30 il keçir. “Əhdi-Ətiq” bu 30 ildə mənim fikrimi dəyişdirə bilmədi. İndi daha titrəmirəm, Onu bir daha içimdən keçirib düşünürəm: İnsanlar və xalqlar arasında böyük diskriminasiyanın ideoloji əsasını yaradan bu Kitab doğrudanmı müqəddəsdir?! Bəşəriyyətin faciəsi deyilmi – bütün mahiyyəti ilə onun varlığını inkar edən, şəri və yalanı ona xeyir və həqiqət kimi sırıyan, həyatını zəhərləyən bu Kitabı Özündən yüksəkdə tutur, min illərdir ki, dalınca gedir?! Bəşəriyyətin Böyük Yolunun min bir dolanbacını, qaranlığını, cəngəlliyini yaradan başlıca səbəblərdən biri də budur.


Müasir dünya da başlıca istiqamətlərində onun dərinliklərinə kök atmış “Əhdi-Ətiq” təlimatı ilə – “Realpolitik”lə idarə olunmaqdadır. Məsələn, 2017-ci ilin mayında dünya və Amerika tarixində ən böyük sövdələşmə – 110 milyard (perspektivdə 380 milyard!) dollarlıq  silah satışı müqaviləsi bağlanarkən, ər-Riyadda Səudiyyə kralı və əshabələri ilə “Qılınc rəqsi” oynayıb ardınca Yerusəlimdə başında yəhudi araxçını müqəddəs Koteli (“Qərb divarı”) ziyarət edərək, “America First” (“Öncə Amerika”) şüarını usanmadan bəyan edən bir prezident zəmanəmizin parlaq “Realpolitik” xadimidir. “Rusiyanın sərhədləri heç bir yerdə bitmir”, “Rusiyasız dünya bizim nəyimizə lazım?!” deyən bir prezident də eləcə.  Vaxtilə Nikkolo Makiavellinin (1469-1527) nəzəri olaraq biçimləndirdiyi, Almaniya imperiyasının reyxskansleri Otto von Bismarkın (1815-1898) praktiki olaraq irəli sürdüyü, əslində isə bütün tarixin içindən keçən “Realpolitik” İnsanı və İnsanlığı Dövlətə qurban verən, onun maraqları naminə bütün vasitələrə əl atmağı özünə sığdıran bir siyasətin adıdır: dində Allahın yerini – siyasətdə Dövlət tutur! Bu strategiyada İnsanı həmişə Tarixdən kənarda saxlamağa, onun küncünə sıxışdırmağa, yalnız alət funksiyasına endirməyə, Lenin və Stalinin “proletar diktaturası”nda olduğu kimi – dövlətin “təkərciyinə və vintciyinə”  çevirməyə çalışıblar...


“Realpolitik” yeni dünya siyasətinin ön, beynəlxalq hüquqa isə zidd tendensiyası olaraq, əsasən, Qərb dövlətlərinin planetar dominantlığını sürəkləndirmək və dərinləşdirmək məqsədləri ilə daha da inkişaf etdirilir. “Realpolitik” düşüncəsində beynəlxalq həyat – həmin paternalist dövlətlərin daim qaynatdığı bitməz “beynəlxalq konfliktlər” meydanıdır, “homo homini lupus est” (“İnsan insanın canavarıdır”) – “dövlət dövlətin canavarıdır” yozumundadır. Ziqmund Freydin psixoanalizi də  “homo homini lupus est” düsturuna haqq qazandırırdı: “Həyatın və tarixin təcrübəsi ilə üz-üzə qalan bir kimsə bu fikirlə mübahisə etməyə cəsarət tapa bilərmi?!” (Sigmund Freud. Civilization and Its Discontents, New York: W. W. Norton, 1961, p. 58). İnsanı canavarxislətli vəhşi saymaq – antropoloji müstəvidə İdrakı, tarixi müstəvidə Sivilizasiyanı inkar etmək deməkdir ki, əsasən, “sosial darvinizim”də bəraətləndirilən bu yanaşma bütünlüklə “Realpolitik”in altşüuruna yeridilib. “Tövrat”ın Günahkar-İnsanı fəlsəfi düşüncənin də iliyindən-qanından keçərək Şər-İnsan genezisi ilə “Realpolitik”də laxtalanıb...


Çağımızın “Əhdi-Ətiq”i – beynəlxalq etikaya meydan oxuyan “Realpolitik” “özək dövlət” (“core state”) ətrafında “peyk dövlətlərin” (“satellite states”) konfiqurasiyasını qurur, bir-biri ilə əməkdaşlıq edən dövlətləri belə bir-birinə potensial rəqib kimi görür, öz ölkəsinin daha da zənginləşməsi və güclənməsi naminə digər ölkələrin daha da yoxsullaşması və zəiflədilməsinə çalışır. Təsadüfi deyil ki, həmin “özək dövlətlərin” milli müdafiə strategiyasında onlara qlobal miqyasda bilavasitə dirəniş göstərən dövlətlər – “düşmən dövlət” olaraq hədəfə gətirilir. “Bellum omnium contra omnes” – “Hamının hamıya qarşı savaşı” (Tomas Hobbs) durumunda dünyanın bütün “düşmən varlıqları” sanki ayrı yolları üzlərinə bağlamış halda, toranlıq içrə bir-biri ilə boğuşa-boğuşa, esxatoloji yanğısında qıvrıla-qıvrıla Apokalipsisə – Qiyamətə doğru yürüyür! Əgər yaşamın mahiyyəti budursa, sən Kim olmalısan?! – Yağılar dünyasının Hökmranı! “Əhdi-Ətiq” ideologiyasının “Realpolitik”də nüvələnən əsas doktrinası belədir.              


İnsan isə öz tarixinin üç – (I) Mif, (II) Din, (III) Siyasət arenasında onların hər birinin doqmatik fazalarını adlamaq zərurətini yaşayıb. İrsi yanılma və yanıltma mifdən dinə, dindən siyasətə keçib. Siyasət doqmatikasını da dəf etməyi bacarsa, İnsan öz azadlığının həlledici mərhələsinə daxil ola biləcək. Onun əsarətindən azad olmağın əsas imperativləri bunlardır:


(1) Əxlaq humanizminin hər cür birtərəfli siyasi maraqlardan üstün olduğunu təsdiq etmək;


(2) “Realpolitik” prinsiplərini və davranışlarını dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırmaq;


(3) Beynəlxalq siyasətdə ilk növbədə hegemonluğu, hərbi bloklaşmanı, imperialistik cəhdləri, tarazsızlığı aradan qaldıran beynəlxalq hüquq sistemini konstitusiyalaşdırmaq;


(4) Qeyri-demokratik və anti-demokratik rejimlərin hökm sürdüyü dövlətlərdə indiki sui-istifadə müdaxilələrindən fərqli olaraq, bu dövlətlərin demokratikləşməsini mümkün edən beynəlxalq hüquq qaydalarını həyata keçirmək;


(5) BMT-nin mövcud 5-lik sisteminə əsaslanan Təhlükəsizlik Şurasını buraxmaq, dövlətlər birliyi olaraq BMT-ni beynəlxalq sistemin hər hansı bir dominant, ekspansionist, militarist, ekstremist, şovinist subyektini dayandırma gücündə inkişaf etdirmək;


(6) İnsan İdeyasının Dövlət ideyasından üstünlüyünü təsbit edən, qlobal vətəndaş cəmiyyətinə perspektiv açan beynəlxalq hüquq normalarını müəyyənləşdirmək.


Skeptik fövqəlşübhə pozasında qaşlarını qaldırır: müasir sivilizasiya üzərində onun zəifləməsindən, etik balansının azalmasından istifadə edərək hökmranlığa qalxmış Siyasətdə bu mümkündürmü?! Mümkündür! – Mif və Din həyatın əsas meydanından çıxarıldığı kimi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanıl   19 İyul 2019, 14:33 İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi - YENİLƏNİB 19 İyul 2019, 14:30 Hesablama Palatası Sumqayıt Regional İdarəsində nöqsanlar aşkarladı 19 İyul 2019, 14:28 Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr üçün sponsor axtarırılır 19 İyul 2019, 14:23 Mir Şahinin açıq dərsi 19 İyul 2019, 14:22 Susmayan iki səs, yaxud soydaş sevdalılar 19 İyul 2019, 14:22 Bərdə xəstəxanasında qanun pozuntusu – RƏSMİ 19 İyul 2019, 14:19 Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi 19 İyul 2019, 14:16 Azərbaycanda hərbi cinayətlərin sayı azalıb 19 İyul 2019, 13:57 Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA 19 İyul 2019, 13:54 Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub 19 İyul 2019, 13:47 Deputat Eldar Quliyev təltif etdi 19 İyul 2019, 13:40 “Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul   19 İyul 2019, 13:37 İlahiyyat İnstitutu məzunlar üçün “Məlumat bazası” yaradır 19 İyul 2019, 13:29 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı 19 İyul 2019, 13:22 Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər 19 İyul 2019, 13:18 Sabahın hava PROQNOZU 19 İyul 2019, 13:14 Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı 19 İyul 2019, 13:12 Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası 19 İyul 2019, 13:08 “İnstagram”da tanış olub Bakıda oğurluq etdilər - FOTOLAR 19 İyul 2019, 13:05 Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü 19 İyul 2019, 12:48 İspan idmançılar Atletlər kəndinə yerləşdirildi 19 İyul 2019, 12:45 Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı 19 İyul 2019, 12:36 XİN Kamal Abdullanı təltif etdi 19 İyul 2019, 12:23 Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır 19 İyul 2019, 12:19 Rəsmi Bakı Yaponiyaya başsağlığı verdi 19 İyul 2019, 12:05 Qazi ola bilməyən qazılar 19 İyul 2019, 11:50 Qənirə Paşayeva baş nazirlə nələrdən danışdı?  19 İyul 2019, 11:41 23 nəfəri gün vurub 19 İyul 2019, 11:37 Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli 19 İyul 2019, 11:35 “UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir” 19 İyul 2019, 11:31 “Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA 19 İyul 2019, 11:30 Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı 19 İyul 2019, 11:27 Bakı metrosu gücləndirilmiş rejimə keçir 19 İyul 2019, 11:23 Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil” 19 İyul 2019, 11:15