Modern.az

Azərbaycanın “Avroviziya” təmsilçiləri - 11 ilin ən yaxşı və ən pis İFAÇILARI

Azərbaycanın “Avroviziya” təmsilçiləri - 11 ilin ən yaxşı və ən pis İFAÇILARI

17 May 2019, 10:30

Bu günlərdə bütün Avropanın gözü 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinə dikilib. Bu il yarışma İsrailin Təl-Əviv şəhərində yerləşən Təl-Əviv Expo Mərkəzində keçirilir. Maynın 14 və 16-da “Avroviziya 2019”un yarımfinalları keçirildi. Bu il “Avroviziya” musiqi yarışmasında ölkəmizi  "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir. O, artıq finala adlayıb.  

Mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər: 

Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.


Modern.az
Azərbaycanın “Avroviziya” musiqi yarışmasında iştirak tarixi haqqında xülasəni təqdim edir.


Azərbaycan İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra, 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 53-cü Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdilər. Müğənnilərimiz 132 xalla 8-ci yeri tutmağa nail oldular.


2009-cu ildə “Avroviziya” Moskva şəhərində təşkil olundu. Həmin il Azərbaycanı müsabiqədə 19 yaşlı Aysel Teymurzadə təmsil etdi.  Aysel müsabiqədə əslən Cənubi Azərbaycandan olan isveçli bəstəkar və müğənni Araşın bəstəsi olan "Always" mahnısını ifa etdi. Həm də tək yox, elə Araşla birgə duet formasında. Final mərhələsində 207 xal toplayan Aysel və Araş üçüncü pillənin sahibi oldular. Azərbaycan üçün kifayət qədər maraqlı keçən yarışmada səsvermə sırasında Ermənistanın ölkəmizə 1 xal verməsi finalın ən gözlənilməz hadisəsi oldu.


2010-cu ildə müsabiqəyə Oslo şəhəri ev sahibliyi etdi. Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ Səfurə Əlizadəyə həvalə edilmişdi. O, yarışmada isveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi olan "Drip Drop" mahnısını ifa etdi. Səfurə Əlizadənin 55-ci “Avroviziya” Mahnı Müsabiqəsinin finalındakı performansı 145 xalla 5-ci yerə layiq görüldü.


2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı "Odlar Yurdu"na gətirdi.


2012-ci ildə “Avroviziya” yarışması paytaxtımızın Kristal Zalında təşkil edildi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutdu.


Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində keçirilən müsabiqədə Fərid Məmmədov "Hold Me" mahnısı ilə ikinci yeri tutdu. 


2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.


2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva "Skeletons" mahnısı ilə təmsil edib və nəticədə 14-cü yeri qazanıb.


Ölkəmizin “Avroviziya” Mahnı Müsabiqəsində ən uğursuz çıxışı isə 2018-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən yarışda oldu. “X My Heart” adlı musiqini səsləndirən təmsilçimiz Aysel Məmmədova finala vəsiqə qazana bilmədi.


Nəhayət, bu il 64-cü “Avroviziya 2019” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnı ilə finala vəsiqə qazandı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?