Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Teleradio Akademiyasının qonağı olub.
Modern.az-ın məlumatına görə, rektor Faiq Hüsiyev rusiyalı diplomatı salamlayaraq, Teleradio Akademiyasının fəaliyyəti barəqə qısa məlumat verib. O, bildirib ki, Akademiyada dərslərlə yanaşı, müxtəlif qurumların nümayəndərinin, tanınmış şəxslərin mühazirələri də təşkil olunur və belə mühazirələr gələcəyin aparıcıları, müxbirləri və rejissorları üçün faydalıdır.
İyunun 10-da Azərbaycanda səfir kimi çalışmasının 1 ilinin tamam olacağına diqqəti cəlb edən M.Boçarnikov Teleradio Akademiyasına dəvətdən məmnun olduğunu bildirib. O, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksəlişdə olduğunu deyib, siyasi, idisadi və humanitar əlaqələrin dinamik inkişaf etdiyini, hər iki dövlətin müxtəlif mötəbər tədbirlərdə bir-birlərinin mövqelərini dəstəklədiklərindən razılıq ifadə edib. Səfir ölkələrimiz arasında iqtisadi və ticari layihələrin daha çox olmasını, mədəniyyət və incəsənət sahəsində daha geniş əlaqələrin yaranmasını arzuladığını vurğulayıb.
Akademiya dinləyicilərinin suallarına cavab verərkən, M.Boçarnikov Azərbaycanı “bölgənin mühüm dövləti” adlandırıb: “Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək olduqca rahat və maraqlıdır. Azərbaycanın tarixini oxuyuram, mədəniyyət və incəsənəti ilə maraqlanıram. Bakıda yaxşı dostlar tapmışam”.
O, bildirib ki, humanitar sahədə əlaqələrin çox olması xalqlar arasında qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına gətirib çıxarır: “Bakıda tez-tez teatrlara gedirəm. S.Vurğun adına Rus Dram Teatrının tamaşalarına baxıram. Opera və Balet Teatrının da tamaşalarını izləyirəm. Amma çox istərdim ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Dövlət Filarmoniyasında klassik musiqini izləyirəm”.
Səfir qeyd edib ki, vaxtaşırı AzTV-yə baxır: “Əsasən xəbərlər proqramını AzTV-də izləyirəm”.
M.Boçarnikov Azərbaycan diplomatiyasını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycan diplomatiyası özünə güvənir. Xarici siyasət idarəsinə rəhbərlik edən şəxslər öz işlərinin mütəxəssisləridirlər”.
Səfir Azərbaycan Teleradio Akademiyasının dinləyicilərinə diplomatlar kimi hərtərəfli biliyə sahib olmağı arzulayıb.
Sonda rusiyalı səfirlə şəkil çəkdirilib və xatirə hədiyyələri təqdim olunub.