Modern.az

BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”

BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”

Aktual

22 May 2019, 16:50

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”inin açılış mərasimi keçirilib. Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun BDU ilə bağladığı müqavilə əsasında təsis edilən “Füyuzat Mərkəzi” tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərmək, yaradıcılıq müsabiqələri keçirmək, Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində işlər görməyi qarşısına məqsəd qoyub.

MİMTA Fondunun nəşr etdirdiyi “Füyuzat”  jurnalının məsul katibi Mübariz Yunus Modern.az-a mərkəz haqqında danışıb. O qeyd edib ki, “Füyuzat Mərkəzi”nin təsisçisi olan fondun ilk önəmli layihələrindən biri məhz “Füyuzat” jurnalı olub:

“Ümid edirik ki, yeni açılan “Füyuzat Mərkəzi”i ziyalıları bura dəvət edərək, maraqlı təlimlər keçirməklə Jurnalistika fakültəsinin tələbələrinin vətənpərvər yetişməsinə nail olacaq”.


Yeni yaradılan mərkəzin rəhbəri Afaq Sadıqova isə “Füyuzat Mərkəzi”nin təkcə Jurnalistika fakültəsinin tələbələri deyil, digər fakültələrin tələbələri üçün də əhəmiyyətli elmi məkan olacağı qənaətindədir:

“Mərkəzimizdə müraciət edən tələbələr üçün maraqlı tədbirlər, müxtəlif layihələr həyata keçiriləcək. Əli Bəy Hüseynzadə irsinin daşıyıcısı olan “Füyuzat Mərkəzi” onun simasında digər şəxsiyyətlərimizin, ziyalılarımızın da milli irsinin öyrənilməsində etibarlı zəmin rolunu oynayacaq”.

A.Sadıqovanın sözlərinə görə, Azərbaycanda milli-mədəni irsimizin yaşadılmasına xidmət edən jurnalların təbliğinin bəlkə də əsas dayaq məntəqəsi Jurnalistika fakültəsidir:

“Bütün bu tədbirlərin, yeni jurnalların təsis edilməsinin, əhəmiyyətli elmi mərkəzlərin açılmasının tək məqsədi tələbələrimizə, gələcək nəsillərə zəngin tarixi irsimizi ötürə bilməkdir”.


Jalə Mehdiyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir