Modern.az

Diaspor Komitəsi dünyadakı azərbaycanlıları BİRLƏŞDİRİR

Diaspor Komitəsi dünyadakı azərbaycanlıları BİRLƏŞDİRİR

10 İyul 2019, 14:07

Ötən gün Şamaxı şəhərində “Nəsimi-650” - Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib. Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilən Diaspor Gənclərinin II Yay Düşərgəsində 51 ölkədən 100-dən çox gənc iştirak edir.


Bəs görəsən bu layihənin əhəmiyyəti nədən ibarətdir?  

 

Məsələ ilə bağlı Modern.az-a danışan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi təşkil etdiyi Diaspor Gənclərinin Yay Düşərgəsi Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin şəbəkələşməsinə səbəb olacaq, iştirakçılar isə Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını daha da yaxından öyrənəcəklər.

 

“Həmçinin, ölkəmizdə gedən prosesləri və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərlə, o cümlədən gənclər üçün yaradılan misilsiz şəraitlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, bu platformada iştirak edən gənclər Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verəcək və ölkəmizin bir növ həqiqət çarçılarına, səfirlərinə çevriləcəklər”.

 

“İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidov xatırladıb ki, bu il ikinci dəfədir ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə təhsil alan, yaşayan, dünyanın 50-dən artıq ölkəsindən gəlmiş azərbaycanlı gəncləri birləşdirən yay düşərgəsi təşkil edilir:

“Heç təsadüfü deyil ki, keçən il Şəki şəhərində keçirilən düşərgə yetərincə uğurlu nəticələrə nail oldu. Birinci düşərgədə Azərbaycan adı altında birləşən möhtəşəm komanda formalaşdı. Bu il ikinci dəfə keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsi Şamaxı rayonunda gerçəkləşib. Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması, 2019-cu ildə Gənclər paytaxtının Şamaxı şəhəri seçilməsi düşərgənin orada təşkilinə səbəb olub. Bu baxımdan diaspor fəaliyyətində fərqlənən gənclərin Şamaxıda bir araya gəlməsi məqsədəuyğundur”.

 

“İrəli” sədrinin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman Azərbaycan gənclərinə beynəlxalq rəqabətə davamlı olmağı, beynəlxalq platformalarda yaxından iştirak etməyi, xarici ölkələrin media orqanlarında, dövlət strukturlarında, sosial sferalarında yer almağı tövsiyə edir:

“Bu səbəbdən mən düşünürəm ki, gənc soydaşlarımızın müxtəlif ölkələrdə fəaliyyəti nəticəsində Azərbaycanın bayrağı ən uca zirvələrə doğru addımlaya bilir. Diaspor fəaliyyətində fərqlənən şəxslər öz aktivliyi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətin daha da yaxşı çatdıra bilirlər. Hesab edirəm ki, keçirilən yay düşərgəsinin keyfiyyət indikatorları, şəxsi göstəriciləri yetərincə çoxdur. Biz dünən də çox möhtəşəm açılış mərasimdə iştirak etdik, gənclərlə görüşmək imkanımız oldu. Çox maraqlı təşkil olunan bu düşərgədə layiqli gənclərin seçilməsi sevindiricidir. Rəqabət güclü idi, biz təşkilatçılarla da söhbət zamanı məlumat aldıq ki, 500-dən çox gənc düşərgədə iştirak üçün müraciət edib. Onların arasından müəyyən göstəricilərə uyğun olanlar seçilib. Proqram çox zəngindir, diaspor fəaliyyəti ilə məşğul olmaq, Şamaxını tanımaq, onun tarixi haqqında məlumat almaq, Azərbaycan taxini, milli-mənəvi dəyərləri yaxından öyrənmək üçün imkanlar olacaq. Yetərincə uğurlu layihədir, gənclərimizə də uğurlar arzulayıram. Onlar hər zaman cənab Prezidentin ən əsas qoyduğu Dağlıq Qarabağ mövzusu üzərində işləsinlər, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə layiqincə çatdıra bilsinlər, milli kimliyimizi qoruya bilsinlər və Azərbaycan üçün canla çalışsınlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir