Modern.az

ABŞ-la Çinin “ticarət müharibəsi”: Dollar möhkəmlənir, neft ucuzlaşır, manat isə...

ABŞ-la Çinin “ticarət müharibəsi”: Dollar möhkəmlənir, neft ucuzlaşır, manat isə...

İqtisadiyyat

6 Avqust 2019, 16:26

ABŞ və Çin arasında "ticarət müharibəsi"nin kəskinləşməsi yalnız bu ikilinin yox, dünya ölkələrinin də iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Təkcə onu göstərmək olar ki, Çin Xalq Bankının yuanı dollar qarşısında 7 vahiddən aşağı endirməsi nəinki Çin, həmçinin, digər Asiya fond birjalarında enişə yol açıb.

 

Bəs bu qlobal "müharibə"nin Azərbaycana hər hansı mənfi təsiri ola bilər? Xüsusilə dolların dünya bazarında möhkəmlənməsi manatın məzənnəsinə necə təsir göstərəcək ?

 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov  Modern.az-a danışıb.


Vüqar Bayramov deyir ki, baş verən qlobal "ticarət mühabirəsi" Azərbaycana təsir edəcək.

“Bu xarakterli "müharibələr" yalnız  inkişaf etmiş ölkələrin yox, həmçinin inkişafda olan ölkələrin də iqtisadiyyatına təsir göstərir.  Təbii ki,  inkişaf etmiş ölkələr qlobal "ticarət müharibəsi"ndən daha çox təsirlənir, həmin ölkələrin iqtisadiyyatına  mənfi təsirlər daha çox olur. Bununla belə, inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana da bu "müharibələr"in mənfi təsiri olur. Baxmayaraq ki, "müharibə" Amerika Birləşmiş Ştatları ilə Çin arasındadır, lakin bu, birbaşa olaraq dünya ölkələrinə, birjaya öz təsirini göstərir. Neftin qiymətindəki son azalmalar  bunun göstəricisidir”.

 

Ekspert deyir ki, beynəlxalq aləmdəki gərginlik dolların möhkəmlənməsinə, neftin ucuzlaşmasına səbəb olur. Bu isə manata təzyiqləri artırır:

“Əgər İrandan Çinə neft ixrac olunarsa, dünya bazarında neft kəskin ucuzlaşacaq.  Bu da təbii ki, Azərbaycanda neft satışından daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Digər tərəfdən, qlobal müharibənin gedişi dolların möhkəmlənməsinə səbəb olur. Qlobal ticarət müharibələri dolların möhkəmlənməsinə təsir göstərdiyi kimi, inkişaf etmiş ölkələrin valyuta bazarına da təsir edəcək. Neftin qiymətinin aşağı düşməsi və dolların qiymətinin möhkəmlənməsi Azərbaycana  daxil olan valyutanın həcmini azaldacaq, bu da manatda iqtisadi və psixoloji təsir yaradacaq”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı