Modern.az

“Dövlət universitetlərində təhsil pullu ola bilməz!” - ETİRAZ

“Dövlət universitetlərində təhsil pullu ola bilməz!” - ETİRAZ

6 Avqust 2019, 17:30

“Ali məktəblərdə ödənişli təhsil ləğv edilməlidir”.

 

Modern.az xəbər verir ki, bu barədə təklifi “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı, ekspert Qadir İbrahimli səsləndirib. O, özünün sosial şəbəkə hesabında paylaşdığı təhlillə müzakirələrə səbəb olan təhsilhaqqı probleminə münasibət bildirib:

“Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır. Bir neçə gündən sonra valideynlərin sevinci kədərinə qarışacaq – uşaq ali məktəbə qəbul olub, ancaq ödənişli ixtisasa. Kasıb valideyn üçün bundan böyük yük yoxdur. Övladını sındırmamaq üçün borc-xərc hesabına da olsa, pulu tapmalıdır. Özü də 1 illik təhsil haqqını qabaqcadan ödəməlidir. Təsəvvür edin ki, orta aylıq gəliri 500-600 manat olan ailənin övladı yüksək Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. ATU-də təhsil haqqı isə 5500 manat – ailənin 1 illik gəliri səviyyəsindədir. Məhz bu səbəbdən də hər il yüzlərlə savadlı tələbə təhsilini davam etdirə bilmir. Yerini isə ondan az bal toplayan, ancaq imkanlı ailələrin övladları tutur. Gənclər həyatlarında ilk ağır zərbəsini alır və mənən sınırlar. Bu zərbə ömürləri boyu onları təqib edir və yaxşı vətəndaş ola bilməyəcəklər. Orta aylıq gəlirin 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur. Və heç bir tənqidə dözmür”.

 

İbrahimli qətiyyətlə vurğulayıb ki, dövlət universitetlərində təhsil pullu ola bilməz:

“Ödənişli təhsil yalnız özəl unversitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır. Ümumiyyətlə, universitetlərdə təhsil haqqının hansı kriteriyalara uyğun müəyyənləşdirildiyi bəlli deyil – hər rektor xəyalına uyğun təhsil haqqı təyin edir. Qızımın daxil olduğu Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə əcnəbilərə təhsil haqqı 2000 lirədir - 610 manat. BDU-da eyni ixtisas üzrə yerli tələblərə isə illik təhsil haqqı 2500 manat – düz 4 dəfə çoxdur. Halbuki reytinqinə görə, Uludağ Universiteti BDU-dan ən azı 4 dəfə öndədir. Bu situasiyada nə məntiq var, nə aydın kriteriya...

Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad edilməsi barədə qərar qəbul etsin. Bu həm xeyli aztəminatlı təbəqəni əhatə edəcək sosial layihə olar”.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən imtina etdiyi barədə məlumat paylaşıb. Bu hadisə ictimaiyyət nümayəndələrini də ayağa qaldırdı və mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Ali məktəblərdə yüksək təhsil haqqı məsələsi yenidən gündəmə gətirildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir