Modern.az

Yaddan çıxmış sənətkarlar: Heç bir təhsili olmayan AKTRİSA - Qəqəninin nənəsi - FOTOLAR

Yaddan çıxmış sənətkarlar: Heç bir təhsili olmayan AKTRİSA - Qəqəninin nənəsi - FOTOLAR

Mədəni̇yyət

27 Avqust 2019, 08:50

“Bir cənub şəhrində” filmində Mənsurə, “Görüş”də Səlminaz, “Tütək səsi”ndə Suğra xala, “Yeddi oğul istərəm”də Qəqəninin nənəsi, “O qızı tapın”da Səyyarə və daha neçə-neçə ekran əsərində özünəməxsus obrazlar yaradan aktrisa...


Xarakterik rollar yaradan, gənc yaşlarında dövrünün çətinliklərinə baxmayaraq, səhnəyi çıxmağı bacaran Süsən Məcidova...


Modern.az
saytı “Yaddan çıxmış sənətkarlar”  layihəsində bu dəfə Süsən Məcidovanın həyat və yaradıcılığına toxunub.


Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Cəmi dördillik ibtidai təhsil ala bilən aktrisa səhnəyə ilk dəfə 1929-cu ildə, dram dərnəyində çıxıb. Tezliklə tamaşalardakı kütləvi səhnələrdə iştirak edib, epizodik rollar canlandırıb. Daha sonra əsas rollarda çıxış etməyə başlayıb. Onun duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb.

1933-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. Aktrisa 17 iyun 1943-cü ildə Azərbaycanın Əməkdar artisiti adına  layiq görülüb.

Süsən Məcidova 1985-ci ildə  Bakıda vəfat edib.

 

Aktrisa ilə bağlı xatirələrini Modern.az-la bölüşən Xalq artisti Ağaxan Salmanlı deyir ki, Süsən Məcidovanın  elə  isti münasibəti, səmimiyyəti var idi ki, onu sevməmək, uzaq dayanmaq olmazdı:


“Ali təhsili olmayıb, cəmi 4 sinif oxuyub. Ailə vəziyyəti, o vaxtki təfəkkür onun təhsil almasına  mane olub.  Teatra da bacarığı və həvəsi ilə gəlib,  həm də təhsilsiz. Bəziləri elə bilir ki, o, aktrisa kimi ilk dəfə  Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxıb. Amma belə deyil, ondan əvvəl də fəaliyyəti olub. Əvvəllər “Türk İşçi Teatrı” var idi, ilk vaxtlar Süsən xanım orada işləyib. Sonra həmin teatr Gəncəyə köçüb. Gəncədə teatra seçim üçün müsabiqə keçiriləndə Süsən Məcidova da özünü sınayıb. Onun boyu, görünüşü çox qəşəng  idi, ona görə seçimdən keçə bilmişdi. O vaxtlar gözəl aktrisalara xüsusi önəm verilirdi.
Süsən xanım çoxlu filmdə, tamaşada  iştirak edib, lakin əsas rolları oynamırdı. İndi mən sizə onun rol aldığı xeyli filmin adın çəkə bilərəm.
Bircə “Tənha narın nağılı” tamaşasında əsas rollardan birini - nənə obrazını canlandırıb. Epizodik rollarda oynamağına baxmayaraq, Süsən Məcidova  tamaşaya, filmə yeni bir can, həvəs qatırdı”.

 

“Süsən xanımın əri də aktyor olub”

Müsahibimiz deyir ki, Süsən Məcisovanın əri Əlibaba Dadaşov da aktyor olub. Amma fəxri ad almayıb:


“Onun da xidmətləri az olmayıb. Bir övladı var idi, Ceyhun. Onu deyim ki, uzun müddət övlad yolu gözləməli olublar. Ailə qurduqdan sonra xeyli müddət  uşaqları olmayıb. Sonradan oğlu olanda ər-arvadın sevinci yerə-göyə sığmırdı. Ceyhun elə ilk və son övladları oldu, ondan sonra daha uşaqları doğulmadı.  
Süsənin oğlu bizim sahə ilə maraqlanmazdı, teatra da marağı heç yox idi. Adətən ata-ana aktyor olanda uşaqda da maraq yaranır. Amma Ceyhun gənc yaşlarından işləməyə başladı. Mərkəzi univermaqda, qızıl-gümüş satışı ilə məşğul olurdu”.


“Məcburən özünə “Susanna” adını götürdü”

Ağaxan Salmanlının sözlərinə görə, o vaxtlar hər şey indikindən fərqli idi. Qadınların aktrisa kimi çalışmasına pis baxanlar çox idi deyə, Süsən Məcidova da məcbur qalıb hamıya adını Susanna kimi deyirmiş:

“İnsanlarda başqa millətin nümayəndəsi  kimi təəssürat yaradıb ki, qınağa gəlməsin. 30-40-cı illərdən xalq milli aktrisalarımızı qəbul elədikdən sonra Süsən Məcidova da öz adına qayıtdı. Onu da deyim ki, sırf  Susanna adına görə bəziləri elə bilirdi ki, Süsən Rusiyada doğulub, əslən oralıdır”. 
 

Süsən Məcidova və həyat yoldaşının qəribəliyi...


“Ər-arvad illərlə teatrda işləməklərinə baxmayaraq, bir dəfə də olsun mübahisə etmədilər. Heç düzünü desəm, sevgilərini də göstərən deyildilər, kollektivlə aralarında pərdə saxlayırdılar. İşdə  sadəcə iş yoldaşı kimi münasibətləri var idi, başqa heç nə.
Əlibaba Süsəni qısqananda bilirdin ki, onun əridir. Qısqansa belə, Süsən imkan vermirdi ki, qısqanclığı mübahisəyə çevrilsin. Zarafata çevirib ötüşdürürdü hər şeyi. İstəməzdi söz-söhbətlərini kollektivdən kimsə görsün. Ümumiyyətlə, Süsən Məcidova çox ədəb-ərkanlı qadın idi. Hər şeyin yolunu-yöndəmini bilirdi”.



Ağaxan Salmanlı

“Əri təqaüdə gedəndən sonra dünyasını dəyişdi”

“Əlibaba Dadaşov 60 yaşında səhnədən uzaqlaşdı. Biz də  yaşda böyük olduğuna görə ona “Dayı” deyə xitab edirdik. Ad günündə  tamaşadan sonra bir qrup gənc yığışıb Əlibaba Dadaşovu səhnəyə çağırdıq, qısa təbrik hazırlayıb  hamıya dedik ki, bu gün 60 yaşı tamam olur, sabahdan daha səhnə ilə vidalaşacaq. Düzünü deyim ki, onda müdiriyyət bizə əsəbiləşdi ki, ad günü olduğunu desəydiniz, geniş bir tədbir təşkil edərdik, onu belə yola salmazdıq. Təqaüdə çıxandan bir müddət sonra eşitdik ki, dünyasını dəyişib”.

“Nəvələrə baxmaq onu yorurdu deyə, evdən qaçırdı”

Ağaxan Salmanlı deyir ki, aktrisa ömrünün sonrakı dönəmində xeyli əziyyət görüb:


“Oğlu Ceyhun özü sevib-seçdiyi xanımla ailə qurmuşdu. Əkiz nəvələri olandan sonra Süsən Məcidova evdə oturmaq istəmirdi. Deyirdi ki, gəlini uşaqları ona tapşırır, o da canı ağrıyır deyə, iki uşağın arxasınca düşə bilmir. Hər dəfə teatr səfər təşkil edəndə xahiş edirdi ki, onu  aparaq, yetər ki, evdən uzaq olsun. Bəlkə də şəkəri, xəstəliyi olmasaydı,  heç uşaqlara baxmağı problem eləməzdi. Lakin yaşlı adam, özü də xəstə, iş də bir tərəfdən, çox yorğun düşürdü.


Süsən xanımla bağlı xatirələrim, ələxsus gülməli xatirələr, əhvalatlar çoxdur...


Bir dəfə  teatr kollektivi qatarla səfərə çıxmışdı. Aktyorlar da öyrəşib ki, özləri ilə yola çıxanda qazan, tava götürsünlər ki, yemək bişirə bilsinlər.
Qatarda gedirik, hamımız da ac. Elə bu dəm Süsən xanım özünü tərifləyə-tərifləyə dedi ki, “ehh, görün indi mən sizə necə qayğanaq bişirəcəm”. 

Qaldım mat-məəttəl ki, qatarda nə yumurta, nə də qaz var, harda bişirəcək? Özü də onunla aram yaxşı idi, zarafatım da vardı. Dedim “ay arvad, bu kupedə harda bişirə bilərsən axı qayğanağı, nə danışırsan ac vaxtımızda?”.

Mənə qayıtdı ki, “uşaqsan, gör indi nə edirəm”. Gətirdi spirtlə işləyən balaca sobanı kupeyə. Tavanı da qoydu həmin sobanın  üstünə. Spirtli əskini sobaya vuran kimi kupedə bir həngamə düşdü gəl görəsən. Kupedə yastıq, yorğan hər şey alovlandı. Özümüzü necə itirmişdiksə, canımızın yox, yorğan-döşəyin hayında idik. Nəysə ki, qatarda olan nəzarətçilər bizim bu kiçik yanğından xəbərdar olmadılar. Düşəndə hər tərəfi səliqəyə salıb qaçdıq ki, cərimələnməyək. Həm ac qaldıq, həm də sözün əsl mənasında bizə həyəcan, qorxu yaşatdı...

...Doğrudur, evlərində qonaq kimi olmamışam, amma əl qabiliyyətinə yaxşı bələd idim. Səyahətə çıxanda qəribçilik olurdu, bilmirdik nə  tapıb yeyək. Bir də görürdün Süsən xanım çağırır. Görürdük ki, bizim üçün düşbərə bişirib ki, ac qalmayaq. Bazarlığa da tək gedərdi, süfrəni açıb, yeməyi bişirib bizi gözləyirdi. Ümumiyyətlə, əliaçıq adam idi. Baxmayaraq ki, o qədər imkanlı ailə deyildilər,  amma Süsən bacardığı qədər hər kəsə əl tuturdu. Əsl xeyir-şər, məclis adamı idi. İstər teatrda yubiley olsun, istərsə də toy-bayram, Süsən başda gedirdi”.



“Onun qadın dostu yox idi...”

“Elə aktrisa yoxdu ki, deyim ki, Süsən onunla yaxınlıq edib, bir-birlərinin evinə gedib-gəlib. Düzdür, hamı ilə salam-sağolu var idi, zarafat edirdi. Lakin sirrini bölüşəcəyi, yaxın həmsöhbət olacağı xanım həmkarı olmayıb. Kişilərlə daha yaxşı yola gedirdi, xüsusilə gənclərlə. Baxmayaraq ki, yaşı çox idi, amma onu yaşlı nəslin arasında görə bilməzdin. Deyirdi ki, “mən gənc ruhları, gənc beyinləri sevirəm”. Səyahətə çıxanda da gənclərin kupesinə gəlirdi, bizimlə loto oynayırdı, söhbətləşirdi. Deyim ki, kişilərlə yaxın olub deyə, əri onu bərk qısqansın, dava etsin, yox, qətiyyən. Çünki Süsən sözün hər mənasında davranışında, danışığında, hətta  etdiyi zarafatında belə hədd gözləyərdi. Ona görə əri Əlibaba Dadaşov onu qısqanmırdı, yüngül qısqansa da, bayaq dediyim kimi, Süsən onu yola verməyi bacarırdı”.


“Bəzən xəstəliyi oynamağa imkan vermirdi”

Süsən Məcidova şəkər xəstəsi  olduğuna görə yaşlanandan sonra səhhəti tez-tez pisləşirmiş.


Ağaxan Salmanlı:


“Xüsusilə başqa ölkələrə səfərə gedəndə çətin vəziyyətdə qalmalı olurduq. Bir də görürdün  axşam  vaxtı, tamaşaya lap az qalmış onun qan təzyiqi qalxdı, huşu gedirdi. Biz də məcbur qalıb tamaşanı onsuz oynayırdıq. Baxmayaraq ki, səhhəti əl vermirdi, lakin teatrdan uzaqlaşmaq istəmirdi.

Ölümü də qəfil oldu, bir gün də xəstə yatmadı. Təqaüdə çıxmamışdı, hər gün işə gedib-gəlirdi.
Şəkər xəstəsi olmasına baxmayaraq, həkimin dediklərinə, pəhrizə əməl etməzdi. Normal insan kimi hər şeyi yeyirdi. Ölümü ərəfəsində işə gedib-gəlirdi, yəni səhnədən uzaq qalıb dünyasını dəyişməyib. İşə gələcəyi günlərin birində eşitdik ki, Süsən Məcidova dünyasını dəyişib. Yasına getdik, ailəsi onu Bakıda dəfn elədi.

Süsən haqqında sonda onu deyə bilərəm ki, çox rəngarəng, həyat dolu qadın idi. İndi sıralarımızda onun kimi gülərüz, şən aktrisa demək olar ki, qalmayıb”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir