Modern.az

Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI

Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI

22 Sentyabr 2019, 12:41

Modern.az saytı tanınmış jurnalist Ramilə Qurbanının növbəti yazısını təqdim edir...

Epiloq:   

Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb həvəslə yeməyə başlayır.   

Yeganə bala

Bakıda əslən Gəncədən olan Adıgözəl adlı bir kişi  yaşayırdı. Xanımının adı Yaqut, yeganə övladlarını adı Ələkbər idi.  Adıgözəl kişi  Bakı dəmir yolunda maşinist işləyirdi. Cavanlığında ixtisasca həkim Yaqutun xəstəsi olmuşdu, soyuqdəyməsi canından çıxandan sonra isə Yaqutun “xəstəsi”nə çevrilmişdi. Onun üçün oxuduğu “Həkim qız” mahnısının sehrinə düşən Yaqut Adıgözələ necə vurulmuşdusa, bu məhəbbət evliliklə nəticələnmişdi. 

1983-cü ildə - onda artıq Ələkbər də böyük oğlan idi - Adıgözəl kişini Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurdu. O vaxtkı Abşeron tərəvəz institutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlir yalvar-yaxar edir,  göz yaşları axıdırdı: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.

Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlmişdi. Ələkbərin ürəyi dözməyib: “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla ata sağalan deyil”. Beləliklə anasını razı salıb şikayət etməkdən çəkindirir. 


Ata isə  yataq xəstəsinə çevrilir.  On bir il  yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi  elə yataqda ikən təkrar insult keçirib dünyasını dəyişir. 
 

Anası Yaqut Hüseynova: 

“Ələkbər 1961-ci ildə anadan olmuşdu. Sakit uşaq idi. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nəylə fərqlənmirdi.  Öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapardı. Daha burada nələr düzəltmirdi: təyyarə, maşın, qatar. Onun üçün “Texnika-molodyoji” jurnalını alardıq. Ordan maraqlı konstruksiyalar seçib qurur, redaksiya ilə əlaqə saxlayır, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edirdi. Bir dəfə indiki Azadlıq meydanında keçirilən yarışda onun quraşdırdığı təyyarə modelini uçurtdular. O an mənə elə gəldi ki, bu, Ələkbərin fantaziyası, sakit, mülayim təbiətində gizlədib-saxladığı xəyallarıdır, genişliyə, ümmana doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az zəif uşaq idi, tez-tez soyuqlayardı. Ona görə də çalışırdım onu bu işdən, açıq havada təyyarrə uçurmaqdan uzaqlaşdırım. Amma hardasa 13-14 yaşlarından o özü texnikadan daha çox musiqiyə, rəqsə meyil göstərməyə başladı. Nəyə görəsə son vaxtlar xırda-xırda bizdən pul alır, özü üçün yığırdı. Günlərin bir günü gördük budur, həmin pula nağara alıb gətirib evə. Azca keçəndən sonra qarmon, sonra maqnitofon aldı. Beləcə, otağını çevirib incəsənət guşəsi elədi. Bununla paralel məktəbdə də özfəaliyyət musiqi dərnəyinin solisti kimi çıxış edirdi. Səs ona atasından keçmişdi. Adıgözəlin də gözəl səsi, qeyri-adi ifa tərzi vardı.
Ələkbərin səsi isə çox nadir rast gəlinən tembrə malik idi. Bir gün də eşitdik ki, rəqsə gedir. Hardasa bir il rəqsə gedəndən sonra müəllimi ona belə xarakteristika verdi: bu uşaq artıq peşəkar rəqqasdır. Sən demə, Ələkbərin axtarışları bununla da bitməyəcəkdi. Bir gün gəlib bizə xəbər verdi ki, Yuri Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı – red.) dram dərnəyinə yazılıb. Bax özünü, nəhayət, orda tapdı. Ona baş rollar verirdilər.
Bir gün məni Mark Tvenin əsəri əsasında “Şahzadə və dilənçi” tamaşasına çağırdılar. Tamaşa anşlaq keçdi. Mən hətta unutmuşdum ki, baş rolda oynayan mənim uşağımdır. Tamaşaya baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə sərf etdi. Bir-birinin ardınca müxtəlif tamaşalarda çıxış etdi. Açığı, istəmirdim bu yolu tutsun. Onu fikrindən döndərmək, başqa sənət seçməyə yönəltməyə çalışırdım: “Alik, bax a… Birdən artistliyə meyil salarsan… Biz atanla səni tamam başqa sahənin adamı görmək istəyirik”.

Bakıdan Şəkiyə və geri

Taledən isə qaçmaq olmur.  Ələkbər özü də bu taleyin ardınca məmnunluqla gedirdi. O, aktyor olmalıydı. Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur.

“İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə… Birdən görürəm, daha bir tanış institutdan çıxıb, sevincdən əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur”.

İxtisas fənnindən imtahan götürən müəllimlər, professorlar Mehdi Məmmədov, Rza Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sadıqzadə və digər hörmətli pedaqoqlar, sənətkarlar Ələkbərə şeir dedizdirdikdən, etüd oynadandan, mahnı oxutdurandan, rəqs etdirdikdən sonra onun aktyor olacağına tam əmin, arxayın olmuş, hamı ona “əla” qiymət yazmışdı. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə dərs deyirdi.

Təhsilini başa vurandan sonra Ələkbər Hüseynov təyinatla Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən sonra yenə öz işinə qayıtdı. 1987-də onlar Şəkidən Bakıya döndülər. Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başladı. 

O vaxtdan “Ələkbər əmi”nin sənət yolu başladı desək, qəbahət etmiş olmarıq. Oynadığı rollar, rejissor kimi hazırladığı tamaşalar bir yana... Balacaların “Ələkbər əmi”si böyüklərin də yaddaşında məhz Kukla Teatrından başladığı yolla qaldı.  Lap ilk gəncliyindən, o vaxtlardan ki, özü uşaqlığa təzəcə əlvida deyib gəncliyinin ilk sevgi deyilən günlərini yaşayırdı. 

 
Əminin sevgi tarixçəsi

 
Afaq Hüseynova (həyat yoldaşı): “İlk  baxışdan xoşuma gəlmədi. Analarımız bir yerdə işləyirdilər. Anası məni xoşlamışdı və  anamla  qərarlaşmışdılar ki, bizi görüşdürsünlər. Bir axşam Yaqut xala ilə bir qarayanız oğlan gəldi evimizə, boyu ortadan bir az hündür, qalın, qıvrım, qapqara saçlarını arxaya vermişdi. Nəyə görə birinci görüşdə xoşuma gəlmədi, bilmirəm. Amma ikinci görüşdə...

Mən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) oxuyurdum. Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir dəfə yox, dəfələrlə, ömrüboyu görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildik beş dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi birbirimizə əbədi bağladı. Əbədi.

Bu gün Ələkbər dünyada yoxdur, amma o görüşün təəssüratı yaşayır. Özü də təkcə mənim daxilimdə yox, ikimizin arasında yaşayır. O günü, ona bənzər başqa günləri, eləcə də anları mən Ələkbərlə birlikdə xatırlayıram.  

Bir dəfə uroloji xəstəxanada əməliyyat keçirmişdi.  “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədilər. Ələkbər azca sağalan kimi elə xəstəxanadan gəlib onu çəkilişlərə aparır, sonra yenə gətirib qaytarırdılar yatdığı palataya. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirdi. Telestudiyaya təcili həkim çağırdılar. Birtəhər onu özünə gətirəndən sonra yenə rolunu oynamağa qayıtdı. Ələkbər üçün nə kiçik rol var idi, nə də kiçik iş. Hər bir şeyə diqqət, qayğı, işgüzarlıqla yanaşırdı. Evdə adi su kranını düzəldəndə belə onu ən yaxşı ustanın əlindən çıxan iş səviyyəsinə qaldırardı. Amma bir şərtlə: gərək buna daxilən hazır olaydı. Həvəs demirəm, sadəcə, evdə nəsə xarab olanda hamımızı belə sakit edərdi: “Darıxmayın, düzəldəcəyəm, amma hələ yox, hələ məqamı gəlməyib”.

İndi də bəzən nəyisə düzəltmək lazım gələndə, mənə elə gəlir, yenə onun səsini eşidirəm: “Darıxma, məqamı çatanda hər şey düzələcək”.

2002-ci ildə Ələkbər Hüseynov  UNİMA – Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl  diş həkimi olan dostunun yanına yollanıb ki, ağrılı dişdən canını qurtarsın. Kaş elə diş ağrısı ilə Parisə gedəydi, görünür bu da taleyin oyunudur. Fransaya getdi, orada elə uğurlu çıxış etdi ki, hamı bəyəndi, çoxlu dəvətlər aldı. Gələndən sonra kefi yaxşı idi. Ailəsini götürüb Yessentukiyə dincəlməyə getdi. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında…

“Hepatit C” diaqnozu

Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlmişdi. Yoldaşı onu məcbur həkimə aparır.  Ciddi yoxlamadan sonra məlum olur ki, onda “Hepatit C” adlı virus var. Nə özü, nə də yaxınları buna inandı. Buna kim inanmaq istəyərdi ki… Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni diktə edir.  2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqləndi. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda bu virusa yoluxub?  Ailədə hamı susqunluq keçirirdi. 

Moskva həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki,  2002-ci ildə Paris səfərindən əvvəl dişini çıxartdırmışdı. İki il  ərzində virus bədəndə öz işini görübmüş.  Artıq qara ciyəri şişməyə başlamışdı.

Ana, mən öləcəm…

Anası Yaqut Hüseynova: “Təzə ev almışdıq,  beşinci mərtəbədə. Ələkbərin əl qabiliyyəti yaxşı olduğundan çardağı qəşəng düzəldib, yerə metlax döşəyib, oranı səliqəli iş otağına çevirmişdi. İndi də ora iş otağıdır. Amma çox zaman boş qalır. Ələkbər internetdə maraqlı nəsə oxuyanda oradan bizi çağırardı. İndi də bizə elə gəlir ki, hansısa hadisə ilə əlaqədar, yaxud maraqlı bir xəbər, ya da çox gülməli lətifə tapıb bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olardı. Bir gün eşitdim məni çağırır. Qalxdım onun yanına. İnternetdə “Hepatit C” səhifəsini açıb yavaşca mənə dedi:

-  Görürsən, ana? Burda yazılıb bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir…

- Niyə sən üç ili fikirləşirsən, səkkiz ili yox? – ağlıma gələn birinci fikirlə ona etiraz edib qışqırdım.

Sonra çalışdım onu sakit edim. Yalandan bir hadisə danışdım:
- Bizim yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır bu diaqnozla yaşayır. Gəl sən də bədbin olma, Allah kömək edər, bir çarə tapılar bizim üçün də, mənim balam…
Bir neçə gündən sonra onun özünə gəlmədiyini, fikirli olduğunu, daim gözlərinin yol çəkdiyini görüb daha bir yalan danışdım. Mənim Türkan kəndində bibim yaşayır. Onun adından dedim: - Bibi gedib “Quran” ağzı açdırıb, orda sənin üçün yazılıb ki, altmış yaşından az yaşamayacaqsan.

Hər gün mən onu belə söhbətlərlə qara fikirlərdən ayırmağa çalışırdım. Ona təlqin edirdim ki, xəstəlik keçəcək, yaxşı olacaqsan. Özüm isə dərdimi içimdə çəkirdim, hər səhər yastığım gecə tökdüyüm göz yaşlarından yamyaş olurdu. Gözüm get-gedə tutulurdu”.

Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər işinə həmişəkindən daha ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrə imza atmağa başladı. Qət etmişdi ki, getdikcə azalan bu müddət ərzində daha artıq işləmək lazımdır. Daha fəal, daha yaradıcı həyat yaşamalıdır. Teatrda, televiziyada maraqlı layihələr həyata keçirir, ən müxtəlif tədbirlərdə iştirak edir, hara çağırırdılar, hansı konsertə dəvət edirdilər, gedirdi. Allah elə bil onun gücünü artırmışdı. Səmərəli işləyirdi. Rejissor kimi tamaşalar hazırlayır, şou-proqramlar aparır, uşaqlar üçün yeni verilişlər yazdırırdı. Ölümünə bir neçə ay qalmış onu teatrın baş rejissoru vəzifəsinə təyin etdilər.
Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verildi. Onun üçün hesab nömrəsi açıldı. Heydər Əliyev Fondu yardım etdi. Onun bədəni antibiotikləri qəbul etmirdi. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün idi. Onu xarici xəstəxanalara göndərməyin də xeyri yox idi. Orada da antibiotiklə müalicə edəcəkdilər. Odur ki bir yol qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq.

Ölümünə bir neçə ay qalmış ona Polşada 1968-ci ildə təsis olunan “Təbəssüm” ordenini verdilər. Bu, dünyada yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir. Bu ordenə ən müxtəlif vaxtlarda Tereza Ana, Bill Klinton, Marqaret Tetçer, Dalay-Lama, Sergey Obraztsov,            II İoann Pavel, Çingiz Aytmatov və başqa məşhur şəxslər layiq görülüb. Kim özünü uşaqlara, onların dünyanı daha rəngarəng görməsinə həsr eləyibsə, bax, o adamlara bu mükafat verilir.

2007-ci ildə Ələkbər də bu ordeni aldı.  Elə həmin ilin 2 avqustunda –həsrətin çəkdiyi kino günündə vəfat etdi.

Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır. 


Ramilə Qurbanlı
“33 pərdəli dram”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir