Modern.az

Miras

Miras

6 Oktyabr 2019, 10:19

İbrahim İsgəndərli                 

Hərdən oturub fikirləşirəm ki, bizə nə etmək olar ki mövcud mənzərəni olduğu kimi görək. Maşallah, ağlımız və elmimiz pis deyil, boy-buxun desən o da öz yerində. Bəs bizdə nə çatmır ki, reallıqları nə görə nə də dərk edə bilirik. Bax bunu çox fikirləşirəm, amma tapa bilmirəm.  Düzü hərdən gizli olaraq ağlımın ucundan keçir ki, bəlkə əksik olan özümüzü anlamamaqdır. Sonra da düşünürəm ki, axı anlamasaydıq  bu qədər "analoqu olmayan" işlərlə necə məşğul olardıq? Deyirəm bəlkə bu analoqu olmayan işləri gördüyümüzə inanaraq özümüzü hipnoz vəziyyətə salıb, axırda da bu duruma gəlib çıxmışıq. Axı bizlər özümüzü hipnoz hala salmağı çox sevirik. Sual olunur ki, bu sevgi hardan sirayət edib həyatımıza? Fikirləşəndə görürsən ki, bunun tarixi çox qədimlərə gedib çıxır. Vallah, görünür bu miras məsələsidir,  ancaq bundan qurtulmaq lazımdır, özü də düşünə-düşünə yox, analoqu olmayan formada. Onda da deyirəm ki, ay qurtulduq ha.......


Bir anlıq təsəvvür edin ki, bizdən başqa hər hansı bir millətin də Dağlıq Qarabağ məsələsi kimi problemi olsa, eyni zamanda xarici işlər naziri də V.Quliyev, T.Zülfüqarov və yaxud hal-hazırdakı nazirimiz E.Məmmədyarovdan biri olsa, bu durumda, yəni şərtlər bərabər olduqda həmin şəxslər məsələnin həllində hər hansı bir müsbət rol oynayardılarmı? Mən deyərdim ki, bu nadir bir yanaşma olduğu kimi, həm də çox düşündürücüdür. Cavab vermək isə Azərbaycan vətəndaşından başqa hər bir millətin nümayəndəsinin haqqı ola bilər. Bəlkə bu cür testlər bizi özümüzə qaytarar. Bu testlərin nəticələrinə isə heç vaxt biganə qalmamalıyıq.


Bilirsiniz, məni bir də nə düşündürür? 7-dən 77-yə  hamı bilir ki, Qarabağ rusların sayəsində ermənilər üçün işğal olunub. Bu işğalların illər uzunu davam etməsinə baxmayaraq, biz nədən rus yox təkcə erməni deyirik, heç rusun adını çəkmək belə istəmirik. Bəlkə deyirəm bu işdə əsas rol oynayan rusların adını çəkmədiyimiz üçün onlar bizdən inciyir, istəyirlər ki, bu işləri törədənin adını çəkəndə dürüst olaq, ona görə onlar da bizlə dürüstcə davranmırlar. Deyirəm bəlkə biz qorxuruq, onlar da bizim qorxduğumuzu bilməyib, bizlərdən  yenə nə isə qopartmaq istəyirlər. Yoxsa Putin bizə "isti olmaq" naminə Paşinyana soyuq külək əsdirməklə, yaxud İrəvanın içində maşınını(rus nömrəsindən başqa nə ola bilərdi ki) ora-bura sürməklə kiməsə mesaj verirdimi? Görünür ya biz Putini "kəşf" edə biləmişik, yaxud biz özümüzü tapa bilməmişik. Ya  da Putin utanır desin ki, Qarabağı biz işğal etmişik, erməninin burda cürətindən söhbət  belə gedə bilməz, yaxud ara qarışmasın deyə biz qorxumuzdan Putinə əsl həqiqəti demirik. Bəlkə də çətin də olsa, həqiqəti deyə bilsəydik, azda olsa məsələ öz həllini tapardı, Putin də  ən azı o "iztirablara" və təpkilərə məruz qalmayıb bu fani dünyada bir dosta xəyanət etməmək naminə öz "xeyirxahlığını" əsirgəməzdi.    


Vallah mən bilmirəm nə edim ki, özüm üçün bu məsələnin çözümünü tapım, ancaq təəssüflər......

                                        
Tarix: 06.10.2019

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır