Modern.az

“İtirilmiş torpaqlarımız...” silsiləsindən IV yazı - Zəngilan rayonu

“İtirilmiş torpaqlarımız...” silsiləsindən IV yazı - Zəngilan rayonu

10 Oktyabr 2019, 12:07

1920-ci ildən sonra Zəngəzur qəzası hay-daşnak quldurları tərəfindən rus və  milli bolşevik qüvvələrinin razılığı ilə işğal edildikdən sonra inzibati-ərazi baxımından həmsərhədd olan  Qaryagin qəzasının Zəngilan nahiyəsinin bir çox kəndlərinin torpaqları mərhələ-mərhələ yenə də daşnaklar yuva salan Qafan və Gorus nahiyələrinin quldurlarının  hədəfinə çevrilmişdi. Bu baxımdan Zəngilan rayonunun H.Aslanov adına üzümçülük təsərrüfatında birləşən Yuxarı, Orta və Aşağı Yeməzli, Sarılı və Quyu dərə Xəştab kəndlərinin əkin, örüş, biçənək yerlərinin, yaşayış məntəqələrinin torpaqları  hissə-hissə (1930-cu ildən 1990-cı ilədək) kəsilərək  qonşuluqda yerləşən Qafan rayonunun Hərəək və Ağavurd kəndlərinə təhkim edilmişdi.

 
 Belə ki, Orta Yeməzli kəndi dövlət sərhəddindən 12-15-km məsafədə şərq hissədə yerləşsə də və Hərəək kəndi ilə  17-18  km məsafədə olsa da, haylar mənfur əməllərindən və niyyətlərindən əl çəkməmişdilər. Orta Yeməzli kəndinin “Kar daş” adlanan 10-15 hektarlıq meşə-kol sahəsi (əsasən palıd, vələs, yemişan ağacları çox idi)  1970-çi illərdə təmizlənərək haylar tərəfindən üzüm bağı altında istifadə edilib. Kəndin şimal-qərbində 1 km kənardakı  meşəlik “Kovxa düzü” yeri (5 hektar) hay-daşnak sürüsü tərəfindən şumlanaraq əkin sahəsinə çevrilmişdi. Onların bir məqsədi də o olub ki, Orta Yeməzli kəndinin camaatı (60-70 ev vardı) içməli su mənbələrindən mərhum olsun, çünki kənddə su mənbəyi yox idi. Həmin ərazidə “Yuxarı bulaq” (kəndin qərbində, 500-600 m kənarda), “Qoz dərə bulağı” (kənddən 200-300 m aralı) axırdı ki, əsas su ocaqları idi. Sonralar “Yuxarı bulağ”ın suyu sısqa axdı, amma o biri bulağın mənbəyi dağlarda olduğu üçün qurumadı. Bu yerlər Hərəək kəndindən 10-12 km aralı idi, bu hissədə onların taxıl, qarğıdalı əkinləri, biçənək sahələri yerləşirdi.

1960-cı ildə Yuxarı Yeməzli kəndində bir nəfər oğlu üçün evinə bitişik hissədə həyətyanı sahə salmaq məqsədi ilə tikinti aparmaq istəyir. Qafan rayonunun nümayəndələri xəritə-sənədlərlə dərhal orada peyda olublar ki, bu yerlər bizə məxsusdur...

 (Yazının hazırlanmasında   Zəngilan rayonu,  Orta Yeməzli  kənd sakini  Dilavər  Hüsü oğlu  Cəfərovun (1959) məlumatından  istifadə edilib.)


Qismət Yunusoğlu,
 Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı