Modern.az

Akademik Vaqif Fərzəliyevin 70 illik yubileyi qeyd edilib

Akademik Vaqif Fərzəliyevin 70 illik yubileyi qeyd edilib

25 Dekabr 2009, 18:52

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Fərzəliyev neft kimyası və üzvi kimya sahələrində görkəmli alimlərdən biridir. Onun aşqarların kimyası və texnologiyası, aşqarların təsir mexanizminin öyrənilməsi sahəsindəki uğurları kimya elminə dəyərli töhfədir.

Vaqif Fərzəliyevin sıravi aspirantlıqdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamət üzrə ixtisaslaşmış institut direktoru və AMEA-nın akademik-katibi vəzifələrinədək keçdiyi həyat yolu bütün ziyalılar üçün səciyyəvidir. Vaqif Fərzəliyevin nüfuzlu alim kimi yetişməsində 1965-ci ildə təşkil edilmiş, keçmiş SSRİ məkanında yeganə olan və hazırda dünya miqyasında çox az sayda ixtisaslaşmış elm mərkəzlərindən olan AMEA-nın Aşqarlar Kimyası İnstitutu böyük rol oynayıb.

Dekabrın 25-də AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Fərzəliyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AMEA prezidenti akademik Mahmud Kərimov akademik Vaqif Fərzəliyevin elmi fəaliyyəti haqqında qısa məlumat verib, onun kimya elminin inkişafı sahəsindəki xidmətlərindən söhbət açıb. O, yubilyarı AR Prezidenti İlham Əliyevin 17 dekabr 2009-cu il tarixli sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adı alması və anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib. Sonra yubilyarın həyat və elmi fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət film nümayiş etdirilib. Tədbirdə çıxış edən alimlər V.Fərzəliyevin həyatı və elmi fəaliyyəti haqqında ətraflı danışıblar. Sonda çıxış edən akademik V.Fərzəliyev ona göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub, 1968-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 1967-1987-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Sürtkü yağlarına polimer aşqarlar» laboratoriyası müdirinin müavini, «Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları» laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1987-ci ildə Aşqarlar Kimyası İnstitutuna direktor əvəzi təyin edilib, növbəti ildə isə institutun kollektivi tərəfindən direktor seçilib.

Vaqif Fərzəliyev aşqarlar kimyası elminin inkişafı sahəsindəki böyük uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2005-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib. O, 2007-ci ildə AMEA-nın həqiqi üzvü və AMEA RH-ın akademik-katibi seçilib. Əfqan Qafarlı  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi