Modern.az

YAP-dan Əli İnsanovun qatıldığı toplantıya REAKSİYA: “Bir-birlərini tərifləyib, sonra düşmənçilik edəcəklər”

YAP-dan Əli İnsanovun qatıldığı toplantıya REAKSİYA: “Bir-birlərini tərifləyib, sonra düşmənçilik edəcəklər”

6 Noyabr 2019, 12:10

“Müxalifətin dəyirmi masası nə cəmiyyətdə, nə də siyasi dairələrdə heç bir maraq doğurmadı”. 

Bu sözləri Modern.az-a ötən gün Müsavat Partiyasının təşkilaçılığı ilə keçirilən müxalifət rəhbərlərinin dəyirmi masası haqqında danışarkən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə söyləyib. O qeyd edib ki, bu, sadəcə bir qrup müxalif yönümlü insanın toplantısından başqa bir şey deyildi:


“Azərbaycanda müxalifətin böyük sosial bazası yoxdur. Çünki hakimiyyət aktiv işləyir. Gələn il büdcəmiz 4 milyard manat artacaq. Deməli, büdcəyə əlavə vəsait daxil olur. Bu il iki dəfə minimum əməkhaqqı, pensiyalar artdı. Gələn il də belə artım gözlənilir. Mövcud vəziyyətdə müxalifətin yeni heç bir təklifi yoxdur. Dünənki çıxışlarda səsləndirilən ümumi sözlər, şüarlar özünü sakitləşdirməkdən başqa bir şey deyil. 

Onlar vaxtaşırı topalaşıb, bir-birinin şəninə dostluq tərifi deyib, qısa müddət sonra düşmənçilik edən şəxslərdir. Onların toplantısının mediada yayılan bir neçə sətirlik xəbərdən başqa heç bir əhəmiyyəti olmadı”.

Qeyd edək ki, Müsavat Partiyasının qərargahında müxalif liderlərinin və vətəndaş cəmiyyətin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Toplantıda partiyanın indiki  və keçmiş sədrləri Arif Hacılı və İsa Qəmbər, AXCP lideri Əli Kərimli, Xalq Partiyasının lideri Pənah Hüseynov, keçmiş səhiyyə naziri Əli İnsanov, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə, “Turan” agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.   

Sonda dəyirmi masanın iştirakçıları bəyanat yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir