Modern.az

Lerikin 3 kəndinə qaz verildi - FOTO

Lerikin 3 kəndinə qaz verildi - FOTO

15 Noyabr 2019, 17:45

Noyabrın 15-də Lerikin 3 kəndinə (Vizəzəmin, Peştətük və Cəngənəvud) mavi qazın verilməsi münasibəti ilə Peştətük kəndində tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.


Tədbiri giriş sözü ilə açan Vizəzəmin kənd ərazi icra nümayəndəsi Elxan Aslanov qonaqları salamlayaraq tədbir iştirakçılarını əlamətdar bayramlar, 09 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, bu gün ərazimizin əhalisinin sevincinə sevinc qatan bir tədbirə - Vizəzəmin, Peştətük və Cəngənəvud kəndlərinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq.


Son illər ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin ildən-ilə inkişaf etdiyini, dünya birliyində yerini daha da möhkəmləndirdiyini vurğuladı. Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsinin simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da  yaxşılaşdığını qeyd etdi. Ərazimizin Vizəzəmin, Hamarmeşə, Bıbiyani Almu, Sivəkəran və Sipyəreğon kəndlərində tikilmiş yeni məktəb binalarının, Almu və Təbrizli kəndlərinə gedən avtomobil yollarında yeni körpülərin, Cəngənəvud kəndində Ağsaqqallar evinin, Vizəzəmin kəndində yeni ATS və Poçt binalarının tikilməsi, Almu, Bıbiyani və Peştətük kəndlərində yeni EATS-lərin quraşdırılaraq istifadəyə verilməsi və bu gün də 3 kəndə mavi qazın verilməsinin buna nümunə olduğunu diqqətə çatdırdı. Vizəzəmin, Peştətük və Cəngənəvud kəndlərinə 21500 metrdən çox müxtəlif diametrli borularla 176 abonentin evinə qaz xətti çəkilmişdir. Bu gün əlamətdar bayramlar ərəfəsində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
Sonra tədbirdə Vizəzəmin kənd sakini Eldar Bünyatov və Peştətük kənd sakini Təranə Həndəmova çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.


“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev çıxış edərək kənd sakinlərini bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdi. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı. 


Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək ilk öncə kənd sakinlərini salamladı və təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Lənkəran-Lerik avtomobil yolu yenidən beynəlxalq standartlar səviyyəsində inşa edilir, rayonumuzda yeni kənd yolları salınır, su-kanalizasiya və elektrik xətləri çəkilir, müasir məktəblər, səhiyyə ocaqları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir. Bu gün də çox əlamətdar hadisədir ki, ərazinin üç kəndinə mavi qaz verilişinin açılış mərasimində iştirak edirik. Bununla da rayonumuzun 53 yaşayış məntəqəsinə mavi qazın verilməsi təmin edildi.


Gələcəkdə rayonumuzun digər kəndlərinə də mavi qaz xətlərinin çəkilməsinin Dövlət Proqramında nəzərdə tutulduğunu, növbəlik əsasında qazlaşmanın davam edəcəyini diqqətə çatdırdı. Belə sosialyönümlü layihələrin reallaşması cənab Prezident respublikamızın hər bir bölgəsinə xüsusi qayğı və diqqət göstərdiyini bir daha sübut edir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.


Sonda rayon İcra hakimiyyəti başçısı Rövşən Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayevin xeyir-duası ilə Vizəzəmin, Peştətük və Cəngənəvud (cəmi 176 abonent) kəndlərinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir