Modern.az

İsraildəki diaspor sədri: “Fuad Muradovla çox səmərəli görüşümüz keçdi”

İsraildəki diaspor sədri: “Fuad Muradovla çox səmərəli görüşümüz keçdi”

Diaspor

26 Noyabr 2019, 17:24

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov noyabrın 24-də İsrailə səfər edib. Səfər zamanı komitə sədri İsrail-Azərbaycan Dövlətlərarası Komissiyanın sədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin, Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqan və diaspor təşkilatları ilə görüşüb.


İsraildəki “Azərbaycan evi”nin rəhbəri Şirin Mixaeli Modern.az saytına açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun səfərinə münasibət bildirib. O, komitə sədrinin diaspor təşkilatı ilə çox səmərəli və işgüzar görüş keçirdiyini qeyd edib:

“Bir neçə gün bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  İsraildəki “Azərbaycan evin”in qonağı oldu. Komitə sədri ilk dəfə idi ki, bizim təşkilata gəlirdi. Görüş çox səmərəli və işgüzar formada keçdi”.


Diaspor təşkilatının rəhbəri qeyd edib ki, İsrailin Akko şəhərində azərbaycanlılar çoxdur:


“Akko şəhəri balaca olsa da, 8 min azərbaycanlı yaşayır. Onu da deyim ki, burada yaşayan insanların 95%-i Qubadan gəlmə dağ yəhudiləridir. Hər yerdə Azərbaycandan gəlmiş insanlar Azərbaycan və yəhudi dilində danışırlar. Bizim də burada müəyyən nüfuzumuz var. 30 ildir ki, İsraildə yaşayırıq. 30 il ərzində çox əziyyətlərimiz olub. Keşməkeşli yollar keçmişik. Öz biliyimizə, mərifətimizə görə müəyyən yerlərə gəlib çıxmışıq”.


Şirin Mixaeli Fuad Muradovla ilk dəfə görüşdüyünü vurğulayıb:


“Çox müsbət təəssüratlarla ayrıldıq. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən təşkilatlarla sıx əlaqələr qurmaqdadır. Fuad Muradov çox çalışqandır. Diaspor sahəsində fəaliyyət göstərən insanlara bacardığı qədər dəstək olmağa çalışır. Gənc olduğu qədər həm də alicənab və işgüzar adamdır. Diaspor sahəsi ilə bağlı bir çox məsələləri müzakirə etdik. İsraildəki Azərbaycan diasporunun fəaliyyətini komitə sədrinə məruzə etdim. Ümid edirəm ki, komitə ilə əməkdaşlığımız qarşılıqlı və sıx şəkildə davam edəcək”.


Təşkilat sədri Azərbaycanda doğulmasından hər zaman fəxarət hissi keçirdiyini də qeyd edib:


“İki dəfə şəhər sovetinə deputat seçilmişəm. Müəyyən ictimai-siyasi məsələlərdə səriştəm var. İsraildə 200 mindən yuxarı dağ yəhudisi var ki, onlar təkcə Azərbaycandan deyil, həm də digər ölkələrdən gəliblər. Mən dağ yəhudisiyəm və bununla fəxr edirəm. Allaha şükür olsun ki,  Azərbaycanda doğulmağımızı bizə qismət edib. Bunu dərk etmək çox önəmlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir