Modern.az

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

26 Noyabr 2019, 19:56

Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət, idarə və ictimai fondlarından mənzil ala bilərlər. Amma əcnəbi vətəndaşlara torpaq sahəsi almaq hüququ verilmir.

Əcnəbilərin rahat şəkildə ölkəmizdə mənzil, fərdi yaşayış evi alması yerli əhalidə narahatlıq yaradır. İnsanlar düşünür ki, turizmin də inkişafı nəticəsində ölkəmizdə mənzil sahibi olan əcnəbilər artır. Nəticədə, Azərbaycanın əmlak bazarında qıtlıq yaranır, tələbatın çox olması qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

 

Bu fikirlər haqqında Modern.az-a danışan ekspertlər isə narahatlığa əsas olmadığını düşünürlər.

 

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, 2018-ci ildə xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb:

 

“Bu, öncəki illərlə müqayisədə çoxdur. Məlumata görə, mənzillərə maraq göstərən xaricilər daha çox Şərq ölkələrinin vətəndaşlarıdır.

Azərbaycanın əmlak bazarında isə təklif kifayət qədərdir. Sadəcə mənzilə ehtiyacı olan vətəndaşların alıcılıq qabiliyyəti ilə bağlı problem ola bilər. Mənzil almaq, onu kirayə vermək əcnəbilərin hüququdur. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Onların bu hüququnu məhdudlaşdırmaq qətiyyən olmaz”.

 

İqtisadçı ekspert Natiq Cəfərli isə bu məsələdə hazırkı durumu qonşu ölkələrlə müqayisə edib. Onun sözlərinə görə, Gürcüstan həmin bizneslə ölkəyə vəsait cəlb etməyə şərait yaradır:

 

“Məsələn, Batumidə tikilən evlərin ən azı 40 faizi xarici vətəndaşlar tərəfindən alınır. Bu əslində mənfi məqam deyil. Əksinə ölkəyə valyuta daxil olur. Ona görə, xariciləri mənzil alışına daha çox cəlb etmək lazımdır ki, investisiyalar artsın.

Yeganə torpaq sahəsinin əcnəbilər tərəfindən alınması məhdudlaşdırıla bilər ki, regionlarda hektarlarla torpaq sahələri mənimsənilməsin. Bu torpaq fondunun qorunması baxımından təhlükəsizlik tədbiridir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi