Arxiv
5 Dekabr 2019, 08:42 | REPORTAJ
“Avropanın ürəyi” - 3000 şokolad dükanı olan “Benilüks ölkəsi”ndən REPORTAJ

Bu dəfə “adama gəzmək qalır” deyib şokolad ölkəsi Belçikadan danışmaq istəyirəm. Niyə şokolad ölkəsi? Bir ölkə təsəvvür edin ki, ildə 220 min ton şokolad istehsal olunsun. Bir ölkə gözünüzün önünə gətirin ki, nə az, nə çox, 3000 şokolad dükanı olsun. Ölkədə 13 şokolad fabriki, 16 şokolad muzeyi var. Şokoladdan illik gəliri 5 milyard avro olan bu ölkə “şokolad ölkəsi” adlanmağa sonuna qədər layiqdir. Elə isə dadlı səyahətimizə keçid alaq...

Modern.az-ın əməkdaşı Belçikadan hazırladığı reportajı təqdim edir.

 

Yarım milyon avroluq, hasarsız “Belçika” villaları”

Səfərim Belçikanın 3 şəhərinə oldu. Bu səfərimi digərlərindən fərqləndirən özəllik isə azərbaycanlı bir ailənin qonağı olmağım və onların sayəsində ölkəni, insanlarını, qayda-qanunlarını daha yaxından müşahidə imkanımın yaranması idi. İlk getdiyim yer Gent şəhəri, daha dəqiq desəm, bu şəhərin Evergem qəsəbəsinin Vippelgem kəndi oldu. “Kənd” deyirəm sizə...
Çox dəqiq işləyən avtobusları ilə şəhərdən asanlıqla qapının ağzına kimi gəldiyin bir kənd. Asfaltı bu dəqiqə salınmış kimi görünən yolları olan bir kənd. Hətta qarğıdalı, taxıl tarlalarına kimi uzanan müasir standartlı asfalt örtük. Tarlaların düz yanındaca piyada keçidli, asfalt örtüklü yolların səliqəsindən zövq almağa başlamışdım ki, evlərin hasarsız olmağı diqqətimi çəkdi. Hanı bizdəki o iki metrlik daş hasarlar, lay divarlar? Hanı bizdəki dəbdəbəli villalar? Düzdür, bəzi evlərin hasarları vardı. O da evlərin sərhədini ayırmaq üçün əkilən ağaclar və kollardan ibarət. Hə bir də kiçik, rəngli, taxta “hasarlar”. Evlər də hamısı bir-birinə bənzəyən... Qonşunun bəhsinə bir az da böyük, bir az da mərtəbəsi çox saray tikdirmədinsə, nə marağı? Evlərin əksəriyyəti uzunsov formada idi ki, daha az yer tutsun, bu da ərazi vergisinin həddən çox olması ilə bağlıdır. Yığcam, rahatlığa önəm verilmiş, dəbdəbədən uzaq evlər... Dəbdəbədən uzaq dediyimə də baxmayın, belə evlərin yarım milyon avroyadək qiymətləri var. Hətta belə şəhərətrafı qəsəbələrin, kəndlərin evləri şəhər mərkəzindəki evlərdən qat-qat bahadır. Belçikada bizdən fərqli olaraq, insanlar mərkəzdə yox, kənar yerlərdə ev almağa üstünlük verirlər. Evlər gözəl, yollar səliqəli. Bəs, görəsən, bu Belçika kəndlərinin çatışmayan cəhəti yoxdur ki?! Var! 5 gün o kənddə qaldığım müddətdə bir dəfə də olsun həyətdə-bacada oturub tum çırtlayan, kim nə vaxt evinə gəldi, kim nə yedi-içdi, kim hara getdi ilə maraqlanan qonşular görmədim. Elə qonşun yoxdursa, nə marağı?


“Bura zibil atanın...”

Yeyib-içmək demişkən, bu belçikalılar yeyib-içdiklərinin zibilini atmaq mövzusunda əməlli-başlı əziyyət çəkirmişlər. Deməli, kağız-kuğuz, kartondan ibarət zibilləri ayrıca qutularda yığırlar və zibil şirkətləri ayda bir dəfə gəlib həmin qutuları aparır. Şüşələri, bankaları da ayrıca bir qabda yığıb, onu da ayda bir dəfə gələn zibil maşınlarına təhvil verirlər. Plastik və metal içki qabları, yoqurt qabları kimi zibilləri də ayrıca qablarda yığırlar, zibil maşınları belə tullantıları ayda iki dəfə götürür. Meyvə-tərəvəzi, qida qalıqlarını, həyətdən biçilən ot qalıqlarını da tamam ayrı çeşidləyib, hər həftə gələn zibil maşınlarına təhvil verirlər. Bu zibillərdən isə gübrə düzəldilir. Bütün bu çeşidlərə daxil olmayan digər zibilləri isə xüsusi sellofanda yığıb həftədə bir dəfə gələn zibil maşınına verməlisən. Özü də elə-belə sellofan torbada yox. Xüsusi sellofan almalısan ki, o da 10 dənəsi 15 avrodan. Vay o günə ki, ya başqa sellofanda zibil atasan, ya da zibili düzgün çeşidləməyəsən. Hətta zibil atmaqla bağlı bir əhvalat danışdılar ki, əlim üzmüdə qaldı. Bir türk zibili həmin xüsusi sellofanda atmır və düzgün çeşidləmir. Həmin zibil sellofanından çıxan məktublar isə zibil atanı ələ verir, ev ünvanı tapılır, həmin şəxs cərimə olunur. Bilmdim bu cərimələrin və sərt qaydaların nəticəsi idi, ya nə idi, müşahidə etdiyim o oldu ki, küçələr, evlərin önü tərtəmiz idi, yerdə bir zibil qırıntısı belə yox idi.



Ürəyin istədiyi vaxt işə gedə bilərsən!

Diqqətimi çəkən məqamlardan biri isə iş saatı ilə bağlı oldu. Məktəblər, bağçalar, xəstəxanalar və xidmət sektorundakı bəzi iş yerlərinin konkret başlama və bitmə saatları var. Amma digər özəl və dövlət işlərində iş vaxtını özün təyin edə bilirsən. Daha dəqiq desəm, sənə 2 saat vaxt verilir, məsələn, səhər 8-10 arası istənilən vaxt işə gələ bilərsən. 10-dan gec olmamaq şərti ilə. 8 saat da iş vaxtındır. Əgər 8-də işə gəlmisənsə, 8 saatlıq işini bitirib gedirsən, 6-yadək işləməli deyilsən. Bu da səhər və axşam saatlarında tıxacların olmasının qarşısını alır. Əlavə işlədiyin vaxtlar isə dəqiqəsinə kimi hesablanır. Məsələn, 4 gün boyunca 8 əvəzinə 9 saat işləmisənsə, 5-ci gün həmin əlavə 4 saatını toplayıb işdən tez çıxmaq imkanın var. İş sistemləri, iş saatları özlərinə xeyirdir, turistlərə bunun bir isti-soyuğu yoxdur. Amma Belçikada heç sevmədiyim bir cəhət mağazaların tez bağlanması oldu. Geyim mağazaları saat 6-da bağlanır. Gündüz gəzib, axşam bir-iki mağazaya baxmaq istəsən, açıq heç bir yer tapmayacaqsan. Və ya gecənin bir vaxtı ürəyin yeməli nəsə istəsə, açıq ərzaq mağazası da tapmaycaqsan. Ərzaq mağazaları isə 8-ə kimi işləyir. Bəzi türk mağazaları olur ki, onlar nisbətən gec bağlanır.



800 paltarı olan Manniken Pis

Keçək Belçikanın şəhərlərinə. Dediyim kimi 3 şəhərində oldum. İlk olaraq paytaxt Brüsseldən başlayım. Brüssel nəinki Belçikanın, eləcə də bütün Avropa Birliyinin baş şəhəridir. Yəqin ki, necə rəsmi və quru bir şəhər olduğunu anladınız. Heç təsadüfi deyil ki, hər 3 nəfərdən biri miqrantdır bu şəhərdə. Bu qədər beynəlxalq təşkilatın olduğu bir şəhərdə bu, normal haldır. Şəhərin gəzməli yerlərinin başında Grand Palace gəlir. Yəni şəhərin əsas meydanı. Onu da deyim ki, Grand Palace Avropada gördüyüm ən gözəl və ən böyük meydanlardan biridir. 2 ildən bir avqust ayında bu meydanda nəhəng bir xalça “toxunur”. O qədər nəhəng olur ki, bütün meydanı tutur. Özü də gül-çiçəkdən “toxunur”. Bu meydanın düz yaxınlığında isə məşhur Manniken Pis heykəli qoyulub. “Bir balaca boyu var, dam dolusu toyu var” məsəli bu heykələ aid deyilib sanki. 61 santimetrlik boyu ilə heykəlin önü həmişə qonaq-qaralı olur. Dəfələrlə oğurlansa da, hər dəfə yenisini hazırlayıblar. Heykəlin 800-dən çox geyimi də var. Qonşu ölkələrin kraliyyət ailələri, hökümət nümayəndələri Brüsselə gələrkən əliboş gəlmirlər, Manniken Pisə geyimlər gətirirlər, bu “balaca oğlan” da bayramlarda, xüsusi günlərdə gündə bir paltar geyinib “forslanır”.  


Göydən asılmış Brüssel restoranı

Gəzməli-görməli yerlər siyahısında 9 nəhəng  kürədən ibarət “Atomium”, onun yaxınlığında yerləşən Miniatür Park da var. Adətən hər bir ölkənin miniatür parklarında həmin ölkələrinin öz şəhərlərindəki abidələrin kiçildilmiş formaları yer alır. Brüsselin Miniatür parkında isə Avropanın 80 şəhərindən 350 binanın dəfələrlə kiçildilmiş formaları hazırlanıb. Avropa Birliyinin baş şəhərinə də bu yaraşar. Park demişkən, Belçika parklarında mərmərə rast gəlmədim. Əsas da Brüssel Parkında gözüm hər yerdə mərmər axtardı, gördüm deyən olmadı. Mənim park deməyimə baxmayın, meşə demək olar bu parka. Diqqətimi çəkən yerlərdən biri isə yenə də “Atomium” yaxınlığındakı restoran oldu. Bu restoranın bir “əmması” var ki, yerdə yox, göydə yerləşir. Vinçlə göydən asılmış bir masa arxasında 22 nəfərlə şam yeməyi yeyə bilərsiniz. Təbii ki, qoruyucu kəmərlərinizi bağlamış vəziyyətdə. Hətta göydən “asılı qalan” bu restoranda toy da etmək olur. Bir nəfərlik şam yeməyinin qiyməti isə təxminən 200 dollardır.



“Şimalın Venesiyası” Brügge  və tələbə şəhəri Gent

 

Səfər etdiyim digər iki şəhər isə Brügge və Gent oldu. Hər ikisi orta əsrlər şəhəridir, hara baxırsan tarixi binalar, qədim küçələr, kanallar. Hətta kanal və körpülərinin sayına görə Brüggeyə “Şimalın Venesiyası” da deyirlər. Brüsseldən qatarla Gentə cəmi 30 dəqiqəyə, Brüggeyə isə 1 saata çatırsan. Belçika ruhu bu kiçik şəhərlərdə daha çox hiss olunur. Gent vaxtilə Belçikanın taxıl, sonralar isə parça mərkəzi olub. Bu gün isə tələbə şəhəri adlanır. Burada bir çox universitetlər yerləşir. Gent Brügge və Brüsselin kölgəsində qalsa da, onlara nisbətən az tanınsa da, çox gözəl şəhərdir. Burada turistlər də daha az olduğu üçün qələbəlik sevməyənlərin cənnətidir deyə bilərəm.


Milli mətbəxdən “yarımayan” ölkə

Buraların kartof frisi və növbənöv vaffle-ları məşhurdur. Ümumiyyətlə, Belçika mətbəxi kasıbdır deyə bilərik. Dünyaya səs salmış, özlərinə xas xüsusi bir yeməkləri yoxdur. Elə özləri də çox yeyib-içən deyillər. Məsələn, adi günlərdə səhər yeməyinə bir balaca çörək, pendir və ya cem yeyirlər. Bazar günləri isə xüsusi təmtəraqla səhər yeməyinə yığışıb “çoxlu” yeyirlər. Xüsusi səhər yeməyi menyularına daxil olan isə bir fincan qəhvə, kruasan və ya müxtəlif bulkalar olur. Hanı mənim canım məmləkətimin bal-qaymağı, xalis kərə yağı, pomidor-yumurtası, təndir çörəyi?!

Bu şəhərlərdə diqqətimi çəkən bir məqam isə küçələrdəki restoranların oturacaqlarının üzünün meydana tərəf olması idi. Arxanı şəhər meydanına çevirib yemək hörmətsizlik imiş.

Belçika barədə deməyə söz çox, təəssürat bol... Amma sözümü burada kəsib, bir az da “fotolar danışsın” deyirəm...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu Qarabağda itki verdi 22 Yanvar 2020, 01:16 İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda - FOTO 22 Yanvar 2020, 00:56 İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb 22 Yanvar 2020, 00:46 Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14
SORĞU Yeni parlamentdə kimlər olsun?