Modern.az

Xaricdəki azərbaycanlılardan MESAJ: “Yeni seçiləcək deputatlara ümid edirik”

Xaricdəki azərbaycanlılardan MESAJ: “Yeni seçiləcək deputatlara ümid edirik”

Diaspor

11 Dekabr 2019, 09:39

V çağırış Milli Məclis tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilərək, təsdiqlədi. Ardınca qurumun Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi barədə məlumat verdi.

Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” həmin sənəd olacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyirlər. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara “soydaş vəsiqəsi” verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək.


Xaricdəki Koordinasiya şuralarının əlaqələndiriciləri bu məsələ ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.

 


“Diaspor fəaliyyətini stimullaşdıracaq...”

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov:


““Soydaş vəsiqəsi”ni  vətəndən kənarda diaspor fəaliyyətinə könüllü şəkildə töhfə verən şəxslər alacaq. Ümid edirəm ki, bu vəsiqə soydaşlarımızı diaspor işində daha da fəallaşmağa təşviq edəcək. Həmçinin, dövlətin xaricdə yaşayan azərbaycanlılarla münasibətini daha da dərinləşdirməyə və yaxşılaşdırmağa sövq edəcək”.

 


“Yeni seçiləcək deputatlara ümid edirik...”

 

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova:

“Bir diaspor rəhbəri olaraq bu ideyanı yüksək qiymətləndirirəm. Çünki xaricə uzun müddətli iş üçün gələn bəzi həmvətənlərimiz daha sonra  yaşadıqları ölkənin vətəndaşlığını alırlar. Sonradan vətənə gedib-gəlmək üçün viza almaq məcburiyyətində qalırlar. Bu da insanda bir balaca qəribçilik hissi yaradır. Sanki öz evimizə qapını döyüb girmiş kimi hesab olunuruq. Amma Diasporla İş üzrə Dövlət Komitəsinin bu təşəbbüsünün qanun halına salınması ideyası çox gözəl bir layihədir. Çünki bu qanun qüvvəyə minərsə, təkcə orta və yaşlı şəxslər deyil, valideynlərinin yaşadıqları ölkədə dünyaya göz açan uşalar da vətənə getmək üçün əcnəbilər kimi viza alaraq, özlərini yad kimi hiss etməyəcəklər. Hətta gələcəkdə tamamən qayıtmaq istəkləri olarsa, işləmək və oxumaq üçün hər hansı sənədlər toplamayacaqlar. Ümid edirəm ki, Milli Məclisin tərkibinə seçiləcək deputatlarımız bu layihəni qanun kimi qəbul edəcəklər”.

 

““Soydaş vəsiqəsi”gələcək nəslin Azərbaycanla bağlılığının itməsinə imkan verməyəcək...”

 

Belçika-Hollandiya  Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev:
Bu vəsiqə bağlılığın itməsinə imkan verməyəcək. Hesab edirəm ki, “soydaş vəsiqəsi”nin öncə hansı imtiazlar verəcəyi barədə bilməliyik, amma ən azından diaspor nümayəndələri üçün ölkəyə vizasız gediş-gəliş məsələsini həll edə bilsə, gözəl olar. “Soydaş vəsiqəsi”nin tətbiq olunması həm də ikinci nəslin diaspor sahəsiylə məşğul olmasına təkan verərək. Azərbaycanla bağlılığı itirməyə imkan verməyəcək”.

 

“Səsimizi eşidin...”

 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov:

“Xaricdə yaşayan soydaşlarımıza belə rəsmi qayğının göstərilməsi hamımızı sevindirəcək. Nə qədər bizə diqqətlə yanaşılarsa, o qədər də öz fəaliyyətimizi ciddi və tutarlı qura bilərik. Bizə dəstək güclü olarsa, o qədər də işimiz rahat və problemsiz gedər. Bizim səsimizi eşidin. Biz vətənimizin yalnız inkişafını və qabağa getməsini istəyirik. Vətənimiz bizə Azərbaycanda yaşayan soydaşlarımız qədər əzizdir. Birlikdə Azərbaycanın rifahı üçün təmənnasız və ürəkdən çalışmalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü