Modern.az

Erməni rəqibini 10:0 hesabı ilə rüsvay edən tələbə: “Nəticə düşündüyüm kimi oldu”

Erməni rəqibini 10:0 hesabı ilə rüsvay edən tələbə: “Nəticə düşündüyüm kimi oldu”

Təhsil

12 Dekabr 2019, 12:16

“Bu bir daha  sübut etdi ki, biz ermənilərdən daha güclüyük”.

 

Modern.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Dağıstanda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirin qalibi Məhəmmədəli Quliyev deyib.

 

O, turnirlə bağlı olan təəssüratlarını bölüşərək, gələcək hədəflərindən söz açıb.

 

 “Beynəlxalq turnir çərçivəsində  Dağıstanda 5 gün qaldıq. İlk iki gün yəni,  28-29 noyabr tarixlərində hazırlıq prosesini həyata keçirdik. Dekabrın 1-də isə çəkilərimiz yoxlanıldı. Yarışlar son  iki gündə həyata keçirildi. Birinci gün 4 nəfərlə qarşılaşdım. Həmin şəxslər Qazağıstan, Rusiya və Ermənistan  yığmalarından olan iştirakçılar idi. Erməni rəqibimi 10:0 hesabı ilə məğlub edib finala vəsiqə qazandım. İlk dəfə idi ki, erməni  rəqiblə qarşılaşırdım. Mübarizə zamanı olduqca həyəcanlı idim. Digər görüşlərimdən fərqli olaraq bu daha məsuliyyətli idi. Çünki qarşımda dayanan şəxs erməni idi və onu mütləq şəkildə məğlub etməli idim. Qarşılaşmanın elə ilk dəqiqələrindən  onu məğlub edəcəyimi hiss etdim. Nəticə də düşündüyüm kimi oldu. Onu 10:0 hesabı ilə məğlubiyyətə uğratdım. Bu çox qürurverici hissdir. Bu bir daha sübut etdi ki, biz ermənilərdən daha güclüyük. Əldə olunan hesaba əsasən, final mərhələsinə  seçildim. Finalda isə rusiyalı rəqibimə 10:8 hesabı ilə qalib gəldim.

 

Gələcək hədəflərimdən biri  güləş idman növünü daha da yüksəklərə qaldırmaqdır. Avropa və dünya çempionatlarına hazırlaşıram. Bu istiqamətdə hədəflərim böyükdür.

 

Oxuduğum Bakı Mühəndislik Universiteti idmana olan həvəsimə böyük dəstək göstərir və mənə yaxından yardımçı olur. Müəllimlərim mənə hər zaman anlayışla davranırlar. İdmanla məşğul olduğum üçün dərslərimə ara vermirəm və onları mütəmadi şəkildə oxuyuram.Getdiyim xarici səfərlər mənim təhsilimə təsir etmir.

 

28 yaşıma kimi idmanla məşğul olmağı düşünürəm. Çünki güləşlə bir yaşa kimi məşğul olmaq mümkündür. Yaş keçdikcə isə öz ixtisasım olan şəhərsalmaya yönəlməyi düşünürəm.Bu istiqamətdə də böyük işlər həyata keçirəcəm”.

 

Xatırladaq ki, gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.

 

Həmçinin, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir 2 gün davam edib, ümumilikdə 5 yarış keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir