Modern.az

Ziya Bünyadovun ETİRAZI: “...rəhbərlər hara baxırlar?”

Ziya Bünyadovun ETİRAZI: “...rəhbərlər hara baxırlar?”

21 Dekabr 2019, 22:24

Bu gün böyük alim və vətəndaş Ziya Bünyadovun doğum günüdür.

Ziya müəllimi ilk dəfə 1978-ci ilin yayında görmüşdüm. Akademiyanın Rəyasət Heyətinin iclasında aspiranturaya yaz qəbulunun nəticələri müzakirə və təsdiq olunurdu. Mən də yeni aspirantlar sırasında idim. Baş elmi katib institutlar üzrə bir-bir əyani aspirantların, habelə onların elmi rəhbərlərinin ad və soyadlarını oxuyur, namizədlik dissertasiyalarının mövzusunu elan edirdi.

Akademiyanın o zamankı prezidenti, məşhur QB - Həsən Abdullayev bəzi aspirantlara suallar verir, əksəriyyətindən isə ixtisasından asılı olmayaraq şeir oxumağı tələb eləyirdi.

Həmin vaxt aspiranturaya əyani daxil olanlar sırasında rus, erməni, yəhudi millətindən olan bir neçə nəfərin də adı dalbadal çəkildi. Diqqəti cəlb edən başqa bir maraqlı məqam onların dissertasiya mövzularının Azərbaycanla o qədər də bağlı olmaması idi. Özlərini çox iddialı aparan bu sığallı-tumarlı gənclərin gələcəkdə Azərbaycan elmi üçün ballasta çevriləcəklərini, yaxud elmlər namizədi adı alandan sonra respublikanı tərk edəcəklərini başa düşmək o qədər çətin deyildi. Amma sosialist beynəlmiləlçiliyinin həyatımızın norması sayıldığı bir dövrdə kim bu barədə danışa bilərdi, kim buna etiraz edə bilərdi?!

Etiraz edən tapıldı. Arxa sıralardan gur, hökmlü səs eşidildi.

- Гасан Багирович, слушайте, ну нельзя же так! - Bu Ziya müəllimin səsi idi.

- Bunların Moskvası, Leninqradı, Xarkovu var. Qoy gedib orada aspiranturaya girsinlər, müdafiə eləsinlər. Axı bura Azərbaycan SSR Elmlər Akademiyasıdır. Bu Akademiya günün altında yanan Azərbaycan kolxozçularının balaları üçündür. Neft mədənlərində mazuta bulaşan Azərbaycan fəhlələrinin uşaqları üçündür. İnstitut direktorları, elmi rəhbərlər hara baxırlar, niyə belə məsələlərə fikir vermirlər?

70-ci illərdə, sosializm quruluşunun və kommunist partiyasının hələ əbədi göründüyü, yad və fərqli fikrin hər vasitə ilə təqib olunduğu bir vaxtda yüzlərlə adamın iştirak etdiyi tədbirdə bu sözləri demək hünər, cəsarət istəyirdi.

Yəqin ki, elə ertəsi günü Ziya Bünyadovun millətçiliyi və antisovet ruhlu təxribat fəaliyyəti haqqında növbəti donoslardan biri də yazılmışdı.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü