Modern.az

Seçici problemləri: Deputat olmaq istəyən jurnalistlərin gördükləri

Seçici problemləri: Deputat olmaq istəyən jurnalistlərin gördükləri

Parlament

6 Fevral 2020, 11:18

İki gün sonar keçiriləcək parlament seçkilərində namizəd kimi xeyli  jurnalist qatılıb.

 

Təbliğat-təşviqat kampaniyasında fəal iştirak edən həmkarlarımız jurnalist işlədikləri zamanda görmədikləri hansı problemləri aşkar ediblər

 

İnsanların seçkiyə marağı yoxdur…

 

“Hünər Group”  şirkətinin PR və marketinq departamentinin direktoru 49 saylı Yevlax - Mingəçevir seçki dairəsindən namizəd Nəsimi Paşayev namizəd olduğu müddətdə insanların seçkiyə marağının olmadığını müşahidə etdiyini deyir:

“Seçkiyə marağın olmaması inamsızlıqdan irəli gəlir. Bu mənada işimiz çox çətindir. Çünki həm də insanları bu dəfəki seçkilərin fərqli olacağına inandırırıq. Bir də namizəd olaraq özümüzü inandırırıq. Problem hər yerdə var, əsas problem isə diqqətsizlikdir, özbaşınalıqdır. Nəzərə alsaq ki, namizəd olduğum rayonun keşmiş icra başçısı hansı əməllərinə görə həbs olunub, problemlərin nədən qaynaqlandığını rahat anlamaq olur. Bir də insanları bu konteksdə daha yaxşı gələcəyə inandırırıq”.

 

Sabiq millət vəkilləri seçiciləri aldadıb…

 

"Kaspi" qəzetinin parlament müxbiri, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatlığa namizəd Rufik İsmayılov seçicilərlə görüşdə inamsızlığın şahidi olduğunu deyir:

 

“96 saylı Goranboy-Naftalan Seçki Dairəsini əhatə edən yaşayış məntəqələrində seçicilərlə görüşdə müşahidə etdiyim məqamlardan birincisi onların millət vəkili seçiləcək şəxsə inamsızlığıdır. Bunun da obyektiv səbəbi var. Belə ki, 2 dəfə bu dairədən deputat seçilən şəxs ötən 10 il ərzində Goranboy rayonunun kəndlərinin taleyi ilə maraqlanmayıb, kəndlilərlə görüş keçirib onları qayğılandıran problemlərin həlli istiqamətində hər hansı əməli addım atmayıb. İstər namizədliyimin qeydə alınması üçün imza toplama kampaniyasında, istərsə də təbliğat-təşviqat başlayandan indiyə qədər gəzdiyim yaşayış məntəqələrində seçicilərin ilk sualı mənə bu olur: Bizim hal-hazırkı deputatımız kimdir? Belə “fəaliyyət”, “millət vəkilliyi” insanların ümidini itirib, inamlarını sarsıdıb. Halbuki, kənd insanını qayğılandıran məsələlər fərdi deyil, ümumən kəndi, qəsəbəni, şəhəri narahat edən problemlərdir”.

 

“Ya sən seçildin, ya başqası, bunun mənə nə faydası olacaq ki?”

 

“Kəndli suvarma suyunun çatışmazlığını dilə gətirir, əlavə artezian quyularının qazılmasını, əkinini vaxtlı-vaxtında suvarmağı, əldə etdiyi məhsulu bazara çıxarıb satmağı, pula çevirməyi, ailəsini dolandırmağı istəyir. Yaxud yolun asvaltlanmasını, uşaq bağçası və məktəb binasının tikilməsini, təmirini arzulayır. İndiyə qədər keçirdiyim görüşlərdə elə bir hala rast gəlmədim ki, kimsə şəxsi problemini, ailədaxili məsələni gündəmə gətirsin, bununla bağlı nə isə istəsin. Bir çox hallarda sakinlər, “ya sən seçildin, ya başqası, bunun mənə nə faydası olacaq ki?” fikrini də dilə gətirirlər. Bacardığım qədərilə onları maarifləndirir, belə yanaşmanın doğru olmadığını bildirir, insanları seçkiyə səsləyir, adlarına gələn bületeindən yararlanmağa, iradələrini ifadə etməyə, layiqli namizədə səs verməyə səsləyirəm. Nəticə hər necə olsa, yəni hansısa layiqli namizəd seçilərsə Vətənə, millətə, xalqa xeyirli-uğurlu olsun deyirəm”.

 

Seçici öz problemini çəkinmədən, qorxmadan dilə gətirir…

 

48 saylı  Yevlax  seçki  dairəsindən  namizəd,  “Olaylar” qəzetinin  əməkdaşı Süleyman İsmayılbəyli insanlrın namizədlərlə görüşlərə maraqlı olduğunu və əhalinin siyasi prosesləri diqqətlə izlədiyini deyir:

 

“Məlum olduğu kimi növbədənkənar parlament seçkilərinin təbliğat -təşviqat mərhələsi dövrünü yaşayırıq. Mən də bu mərhələyə uyğun olaraq seçicilərlə görüşlərimi davam etdirirəm. Seçkilərdə namizəd kimi ilk dəfə iştirak etməyimə baxmayaraq,  bu mərhələni əvvəlki seçkilərlə müqayisə edərkən bir sıra yeniliklərin şahidi oldum. İlk növbədə onu qeyd edə bilərəm ki, vətəndaşlarımız kifayət qədər siyasi prosesləri izləyir, bu prosesdə aktiv iştirak edir, ölkədə baş verən hər bir hadisədən məlumatlıdır.  Eyni zamanda vətəndaş, seçici öz problemini, qayğılarını heç nədən çəkinmədən, qorxmadan dilə gətirir, namizəddən deputat seçiləcəyi təqdirdə həmin problemlərin həllinə yardımçı olmağı istəyir. Hesab edirəm ki, bu da ölkədə hər bir vətəndaşın öz hüququnu tələb etməsi, fikir,söz azadlığının mövcudluğu ilə bağlıdır. Digər tərəfdən seçici nəinki hər bir deputatın,, eyni zamanda deputatlığa namizədin onunla görüşməsində, fikir mübadiləsi aparmasında maraqlıdır. Bu da seçki dönəmində müşahidə edilən müsbət tendensiyadır və əhalinin siyasi aktivliyinin göstəricisidir”.

 

S.İsmayılbəyli seçki mədəniyyətinin inkişaf etdiyini də əlavə edib:

 

“Seçki dönəmində müşahidə etdiyim ən mühüm məqamlardan biri də siyasi mədəniyyətin, seçki mədəniyyətinin daha da inkişaf etməsidir. Deputatlığa namizəd olduğum 48 saylı Yevlax seçki dairəsindən namizədliyi qeydə alınan hər bir şəxs öz təbliğatını aparır, qarşı tərəfə, rəqibə qarşı heç bir qeyri - siyasi,  qeyri-etik formalardan istifadə etmir. Demək olar ki, bir çox namizədlər arasında bir-birinə rəqib olmasına baxmayaraq normal münasibətlər mövcuddur.

 

Nəhayət, sonda onu da qeyd edim ki, artıq seçici onun dərdini dinləməyən,  seçici ilə görüşə gəlməyən deputatın yenidən onu təmsil etməsini istəmir və Cənab Prezidentin parlamentdə yeni simalar olmalıdır çağırışına qoşularaq özünə yeni millət vəkili seçmək istəyir. Konkret olaraq Yevlax seçicisi hazırkı millət vəkilinin yenidən qanunverici orqanda təmsil olunmasını istəmir”. 

 

Hər kəsi dinlədik, səsləndirdikləri məsələlərin həlli çətin deyil…

 

125 saylı Zəngilan-Qubadlı dairəsindən namizəd, REAL TV-nin əməkdaşı Afət Telmanqızı əhali ilə ünsiyyətdə insanların qayğı və problemlərinin çoxluğunu, seçkiyə inamsızlığın olduğunu müşahidə edib:

 

“Seçicilər tərəfìndən rəğbətlə, sevgi ilə qarşılandım. Hər bir seçiçimə seçkilərdə fəal iştiraka çağırış etdim. Onlarda seçkiyə inamı artırmağa çalışdım. Məncə buna nail olaraq, yeni ünvanlar gördüm. Seçicilərimin yaşadığı ünvanlardan söz gedir. Onları qapı-qapı gəzib ziyarət etdim. Hər bir seçicimlə sıx ünsiyyətdə olduq. Onlar məni, mən də onları dinlədim. Əvvəl secirdim, indi namizədəm. İnsanlarda seçkiyə inamsızlıq var idi. Bunu aradan qaldırmaq üçün təbliğat apardim. Əsas qayğıları kimi ilk növbədə işğal altında olan dədə-baba yurdlarına dönmək istəyirlər. Bu hər birimizin prioritetidir. Ali Baş Komandanın işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı siyasəti bizim də bütün görüşlərdə dəstəklədiyimiz deyildi. Bəziləri, yataqxanada və qeyri-yaşayış binasında yaşayanlar ilk növbədə mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin görülməsini istəyirlər. Mən də görüşlərdə bu istiqamətdə işlərin davam etdiyini, yataqxanalarda yaşayanların mərhələli şəkildə yeni salınmış yaşayış binalarına köçürülməsi prosesinin davam etdiyini deyirdim. Bundan başqa yol, insanlar işsizlik bəzi yerlərdə kommunal problemlərin olduğu barədə fikirlərini də dilə gətirdilər. Rayonlarda yaşayan məcburi köçkünlər təsərrüfatla məşğul olmaq üçün onlara torpaq sahəsinin ayrılması, mal-qara ilə təminat məsələlərini qabartdılar. Elə ailələr var ki, dəmiryol xəttinin bir addımlığında yaşayır onların həyatları üçün real təhlükə var. Bundan başqa, məktəblilərin məktəblə yaşadıqları yer arasında xeyli məsafənin olduğunu müşahidə etdim. Hər kəsi dinlədik, səsləndirdikləri məsələlərin həlli də çətin deyil”.

 

Görüşümüzə gələnlər sonrada yerli icra orqanları tərəfindən təhdid edilir…

 

102 saylı Samux-Şəmkir dairəsindən , “Həftəiçi” qəzetinin əməkdaşı Tural Turan bu dəfəki seçkilərdə çirkin, qara kampaniyaları daha çox müşahidə etdiyini bildirib:  

 

“İcra başçılarının yerli icra orqanlara "tapşırığı”dır ki, kəndlərdə bitərəf namizədlərə qapalı məkanda seçicilərlə görüşə imkan verilmir. Görüşləri açıq havada keçiririk. Görüşümüzə gələn sadə insanlar sonrada yerli icra orqanları tərəfindən təhdid edilir ki, “niyə filankəs namizədin görüşünə qatılmısan?!”.  Bundan başqa DSK bu günə qədər mənimlə görüşə polis verməyib, təhlükəsizliyimi təmin etməkdən müxtəlif  bəhanələrlə boyun qaçırıb. Eyni zamanda görüşlərdə naməlum adamlar peyda olur, görüşü pozmağa çalışıraq lüzumsuz replikalar atıb aradan çıxırlar.

 

Bunu da rayon icra hakimiyyətlərinin başçılarının etdiyi bildirilir. Təşviqat fotolarımızı hər kənddə qəsdən cıraraq günahı uşaqların boynuna atırlar. Bir sözlə, bu kimi çirkin qara kampaniyaları əvvəlki seçkidə görməmişdim”.

 

Heç bilmirdim ki, rusdilli əhalinin bu qədər problemi var…

 

24 saylı Nizami Birinci Seçki Dairəsindən deputatlığa namizəd, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəsiman Yaqublu seçicilərlə olan görüşlərdə rusdilli əhalinin probleminin çoxluğundan təəcübləndiyini deyir:

 

“Heç bilmirdim ki, rusdilli əhalinin bu qədər problemi var. Onların əsas qayğıları yaşayışla bağlıdır. Çoxu evlərini özəlləşdirə bilmir və bundan çox narahatdır. Bundan başqa, insanlarda seçkiyə qarşı inamsızlığın olduğunun şahidi olduq. Xüsusilə bələdiyyə seçkilərindən sonra parlament seçkilərinə də əhali ümidlərini itirib. Əksəriyyət seçkilərdə işçitirak etmək istəmir, birtəhər inandırmağa çalışırıq ki, gəlin səs verin dəyişiklik də olsun”.

 

Seçici ona lazım olanı bilir…

 

120 saylı Cəbrayıl-Qubadlı dairəsindən namizəd olan jurnalist Zaur Məmmədov seçicilərin gələcək deputatları peşiman edəcəyini deyir:

 

“Seçicilər arasında inamsızlıq var. Təəssüflə qeyd edim ki, insanları seçkiyə çağırmaq, bu dəfə fərqli mühitin olduğuna inandırmaq çox çətindir. Amma biz mümkün olduğu qədər çalışdıq ki, insanları seçkiyə cəlb edək. Bu dəfə maraqlı diqqətçəkən məqam odur ki, artıq insanlar narazılıqla, problemlərlərlə bağlı mövqelərini ifadə edirlər. Artıq seçici ona lazım olanı bilir. Budəfəki parlamentdə təmsil olunan deputatların işi çətin olacaq. Seçici növbəti deputatının susqunluğu ilə razılaşmayacaq. İnsanlar deputatdan işləmək  tələb edəcəklər. Hətta bəzi deputatları peşman edəcəklər. Əgər seçki saxtalaşdırılmasa, xalq öz istədiyini deputat seçəcək. Hər halda, insanların aktivliyi müsbət nəticələrə gətirib çıxaracaq. Seçici aktivliyi qşağı olsa da, seçkiyə gələvək adamlar ın fərqli tələbləri olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü