Modern.az

Saatlıların qalib namizədi: “Qarşıdakı beş il ərzində problemlərin hamısının həllində qərarlıyıq”

Saatlıların qalib namizədi: “Qarşıdakı beş il ərzində problemlərin hamısının həllində qərarlıyıq”

Parlament

12 Fevral 2020, 11:45

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı seçki dairəsindən 49 faiz səslə qalib elan olunan Əziz Ələkbərli ilk təəssüratlarını Modern.az-la bölüşüb.

 

Ə.Ələkbərli saytımıza deyib ki, Saatlı rayonu onun üçün nə qədər doğma rayon olsa da, burada seçki təbliğatına ilk növbədə insanları öyrənməkdən başlayıb:

 

“İnsanlar necə yaşayırlar və necə yaşamaq istəyirlər, nə düşünürlər və daha çox nə barədə düşünürlər, onların bugünkü problemləri və əsas həyat çətinlikləri, bugünkü həyatdan istəkləri və sabahdan gözləntiləri – bütün bunları öyrəndikcə, fikir mübadiləsi etdikcə, insanlarla bir-birimizə daha da doğmalaşdıq.

 

İnsanlar gördü ki, mən onlara yuxarıdan baxan birisi deyiləm, onlardan biriyəm, mən onları sevdim, onlar da məni sevdi. Beləcə, biri-birimizə daha da doğmalaşdıq. Ona görə də rəqiblərim arasında bir neçə pullu, imkanlı namizədlər olsa da, hətta bəzən onlar maddi imkanları gücünə insanları öz tərəflərinə çəkməyə çalışsalar da, buna müvəffəq ola bilmədilər.

 

Çünki saatlılar yaxşını yamandan seçməyi, elmə, ziyalıya dəyər verməyi bacaran, millətini, dövlətini sevən, sadəliyi, səmimiyyəti qiymətləndirməyi bilən camaatdır. Az vaxtda insanların etimadını qazanmağımızın əsas səbəbi bu oldu.

 

Təsadüfi deyil ki, bəzi dairələrdə seçicilərin seçkilərdə iştirak faizi nisbətən aşağı olsa da, bizdə belə problem olmadı. Həmin gün Saatlıda hava şəraiti kəskin dəyişsə də, insanlar seçkilərdə kütləvi şəkildə iştirak etdilər, həvəslə gəlib namizədlərə səs verdilər. Bəli, uzun illər idi Saatlı qışda qar üzünə həsrət idi. Elə bilirəm ki, bu da bir xeyirli əlamət və bu seçkilərin saatlılılar üçün xeyirli olacağına bir işarə idi”.

 

Ə.Ələkbərli qeyd edib ki, təbliğat dövründə insanlara çox sayda vədlər verib:

 

“Amma birincisi, o vədləri verdik ki, insanlarımız, nə qədər çətin olsa belə, o problemlərin həllini haqq edirlər. İkincisi, biz qarşıdakı beş il ərzində o problemlərin hamısının həllində qərarlıyıq. Cənab Prezidentin ölkədə apardığı islahatlar, o islahatların son zamanlar götürdüyü sürət söyləməyə əsas verir ki, yaxın beş il ərzində insanlarımızın həyat şəraitində yaxşılığa doğru daha böyük və köklü dəyişikliklər olacaq.

 

Belə olan surətdə seçicilərimin qaldırdığı məsələlər çox kiçikdir  və həlli üçün heç bir çətinlik olmayacaq. Belə baxanda hələ az vəd vermişəm.

 

Ümumiyyətlə, təbliğat dövründə namizədlər tərəfindən qanun pozuntuları, təbliğata xələl gətirən nüanslar mənim üçün artıq keçilmiş mərhələdir.

 

Hamı öz səviyyəsinə və düşüncəsinə görə təbliğat aparır. Onu deyə bilərəm ki, rayonda ilk gündən bütün namizədlərə bərabər və mən deyərdim ki, nümunəvi şərait yaradılmışdı.

 

Bunu bütün namizədlər təsdiq edə bilər. Özüm haqqında isə onu deyə bilərəm ki, namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldüyü üçün biz bütün təbliğatımızı partiyanın Saatlı təşkilatının tərtib etdiyi qrafik üzrə aparmadıq.

 

Təbliğat kampaniyasında iki məsələni xüsusilə diqqət mərkəzində saxladıq. Birincisi, Seçki Məcəlləsindən kənar heç bir təbliğat hərəkətinə yol vermədik, hətta bəzi namizədlərdən fərqli olaraq təbliğat lövhələrindən kənar yerlərə bir ədəd belə şəkil, təbliğat materialı vurmadıq.

 

İkincisi, tərəddüd etmədən xalqın içinə girdik, bütün kəndlərdə, şəhərdaxili məntəqələrdə olduq və Saatlı əhalisinin ürəyinə girdik. Artıq bu gün seçki başa çatıb, yəni biz uzun bir yolun – seçki kampaniyasının sonuna gəldik. Amma şəxsən mənim üçün bu, həm də daha çətin və daha uzun olan yeni bir yolun başlanğıcıdır. Yəni mən qarşıdan gələn beş il ərzində Saatlı əhalisinin xidmətində ləyaqətlə dayanmaqda qərarlıyam”.

 

Qalib namizəd Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbycan İcmasının sədri olaraq, ölkənin tarixi taleyi ilə bağlı bütün məsələlərin böyük önəm daşıdığını vurğulayıb:

 

“Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi hər birimizin ana məsələsidir. Qarabağ probleminin həlli, köçkünlərimizin, qaçqınlarımızın doğma yurdlarına qayıtması hər məsələdən öndə durur.

 

Lakin bu o demək deyil ki, biz Qarabağ uğrunda mübarizə ilə kifayətlənməliyik. Erməni iki yüz ildən çoxdur ki, xarici havadarlarının dəstəyi ilə Cənubi Qafqazda sağalmaz bir yaraya çevrilib, xalqımızı çoxlu itki və fəlakətlərə məruz qoyub.

 

Srağagün Dərbənd, Borçalı, dünən Qərbi Azərbaycan, bu gün Qarabağ... Əcəba sabah nə olacaq?!

 

Ona görə də bölgədə gedən proseslərə kompleks baxmaq lazımdır.

 

Mən həmişə demişəm, biz Qərbi Azərbaycan uğrunda mübarizəmizi Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab edirik və dünya Qarabağla yanaşı, Qərbi Azərbaycan həqiqətlərini də bilməlidir, dünya ermənilərin həqiqi sifətini görməli, görüb görməməzliyə vurursa, biz bu sifəti onlara göstərməkdən yorulmamalıyıq.

 

Əgər Qərbi Azərbaycan İcması olaraq Qərbi Azərbaycan həqiqətlərini dünya miqyasına lazımi səviyyədə çıxara biləriksə, bu, Qarabağ məsələsinin ədalətli həllinə böyük bir kömək olar. Bu gün Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağa iddia edən erməni bilməlidir ki, onun üzərində gəzdiyi, özünə “Ermənistan” adlı qondarma dövlət yaratdığı torpağın belə heç bir qarışı da onun deyil və o torpaqların sahibləri o torpaqları onun ayağının altından çəkib götürərsə, erməninin kəllə-mayallaq olmaqdan başqa yolu qalmır.

 

Ə.Ələkbərli Qarabağ İcmasının sədrinin bu parlamentdə təmsil olunacağına sevindiyini deyib:

 

“Biz iki icma gələcəkdə mütləq əlaqəli şəkildə işləməliyik. Elə bilirəm ki, bu, son iki yüz ildə Cənubi Qafqazda gedən prosesləri dünya ictimaiyyətinə çatdırmaq işinə böyük töhfə verə bilər. Azərbaycandan israrlı şəkildə “qarşılıqlı güzəşt” gözləyən dünya bilməlidir ki, xalqımızın başına gətirilən bu qədər faciələrdən sonra bizim ermənilərlə yanaşı yaşamaqda davam etmək istəyimizin özü belə, bu separatçı toplum üçün ən böyük güzəştdir. Bu, Azərbaycan xalqının mənəvi böyüklüyündən və tolerantlığından irəli gəlir. Dünya da, erməni də bunu dəyərləndirməyi və bu imkandan istifadə etməyi bacarmalıdır.

 

Sonda VI çağırış parlament seçkilərində namizədliyimin Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və bu gün Azərbaycanın ən böyük və hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsini özüm üçün böyük bir şərəf, etimad və etibar sayıram. Bu yüksək etimada görə başda partiyamızın sədri cənab Prezident İlham Əliyev, sədr müavini Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla Yeni Azərbaycan Partiyasının bütün siyasi rəhbərliyinə təşəkkür edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi