Modern.az

BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə məhəl qoymur - Ramiz Həsənov

BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə məhəl qoymur - Ramiz Həsənov

Aktual

27 Fevral 2020, 15:41

 

2020-ci il fevralın 26-da Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib.

 

Modern.az-ın məlumatına görə, çıxışında nazir müavini ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlər və insan hüquqları sahəsində fəaliyyət göstərən BMT qurumları ilə əməkdaşlıq səviyyəsindən bəhs edib.

 

O, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil etdiyini və bu seçkilərdə indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda namizədin, o cümlədən qadın namizədlərin mübarizə apardığını vurğulayıb.

 

Nazir müavini, həmçinin Ermənistan təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimizin öz səsvermə hüquqlarını həyata keçirmələri üçün ölkə boyu 523 seçki məntəqəsinin yaradıldığını bildirib. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşlarının Mərkəzi Seçki Komissiyası tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunduğunu qeyd edib.

 

Bu gün ölkəmizdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edildiyi barədə məlumat verən Ramiz Həsənov bu soyqırımın bir sıra dövlətlər tərəfindən tanındığını və bu ölkələrin sayının artmaqda olduğunu bildirib. O, BMT-nin İnsan Hüquqları Şurası və insan hüquqları üzrə ali komissarını qaçqın və məcburi köçkünlərin 30 ilə yaxındır ki pozulan hüquqlarının bərpası ilə bağlı qəti mövqedən çıxış etməyə və səmərəli tədbirlər görməyə təkidlə çağırıb.

 

Ramiz Həsənov Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrinə məhəl qoymadığını qeyd edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma seçkilərin beynəlxalq hüququ pozduğunu və bu günədək heç bir ölkə tərəfindən tanınmadığını və qəbul edilməyəcəyini vurğulayıb. Eyni zamanda, o, Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı bəyanatlarına baxmayaraq, bu ölkənin rəhbərliyinin həqiqi yanaşmasının münaqişənin həllinə maneə törətdiyini bildirib.

 

Nazir müavini bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ermənistan tərəfinin yalan bəyanatlarına cavab olaraq birmənalı şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməli olduğunu bəyan etdiyini vurğulayıb. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və ölkəmizin ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını bir daha bəyan edən nazir müavini bildirib ki, Ermənistan özünü uçuruma aparan siyasətinin heç bir nəticəsinin olmadığını nə qədər tez dərk edərsə, bir o qədər tez erməni xalqı sülh və iqtisadi inkişafdan yararlana bilər.

 

Həmin gün xarici işlər nazirinin müavini Ramiz Həsənov Cenevrədə yerləşən Parlamentlərarası İttifaqının (PAİ) baş katibi cənab Martin Çunqonq ilə görüşüb. Görüşün əvvəlində M.Çunqonq dünyanın ən böyük parlament birləşməsi olan PAİ-nin fəaliyyəti, dünyanın bir çox parlamentləri ilə birgə həyata keçirdiyi proqramlar və layihələr barədə ətraflı məlumat verib, və PAİ-nin Azərbaycan ilə əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, 2017-ci ildə Azərbaycana etdiyi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunduğunu qeyd edib və Azərbaycan ilə PAİ arasında genişlənən əməkdaşlığın dəstəklənməsinə görə dövlət başçısına minnətdar olduğunu ifadə edib.

 

Parlamentlərarası əlaqələrin önəmini vurğulayan R.Həsənov Azərbaycanın bir sıra beynəlxalq parlament qurumları ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Daha sonra R.Həsənov fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkiləri haqqında həmsöhbətinə məlumat verib və ölkəmizlə PAİ arasında mövcud olan əməkdaşlığın gələcəkdə də genişlənməsinə ümid bəsləyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar