Modern.az

TƏBİB Astara Mərkəzi Xəstəxanasındakı biabırçılığı etiraf etdi

TƏBİB Astara Mərkəzi Xəstəxanasındakı biabırçılığı etiraf etdi

27 Fevral 2020, 17:25

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallara münasibət bildirib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, çatışmazlıqlar aradan qaldırılır:

 

“İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır. Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib”.

 

Qurumdan bildirilib ki, xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb.

 

"Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək. Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik”, - deyə qeyd edilib.

 

Qeyd edək ki, Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev fevralın 24-də Əlövsət Əliyev vəzifədən kənarlaşdırılıb.

 

Onun yerinə Elnur Azadxanov təyin olunub. 

 

Xatırladaq ki, İrandan Azərbaycana qayıdan və koronavirus şübhəsilə saxlanan vətəndaşlar tərəfindən Astarada çəkilən video geniş müzakirələrə səbəb olub. Videoda danışan vətəndaş bildirir ki, onlara 1 saatlıq müayinədən sonra buraxılacaqları deyilsə də, 6-7 saatdır gözləyirlər. Şəxs onların müayinə üçün gətirildiyi xəstəxanada müayinə üçün heç bir şərait olmadığını, gigiyenik qaydalara riayət edilmədiyini bildirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi