Modern.az

Ekstrasens Fikrət Əlizadə: “... o tanınmış insanlar seansımda olublar” - MÜSAHİBƏ

Ekstrasens Fikrət Əlizadə: “... o tanınmış insanlar seansımda olublar” - MÜSAHİBƏ

18 Aprel 2012, 10:05

Altıncı hissin sahibi: “Müəllimim Rauf Denkdaşı müalicə edən adamdır”

Adi həyatda bizlərdən heç bir fərqi olmayan, amma əslində fərqlənən insanlar...  Onların verdikləri məlumatlar hər zaman insanlar üçün maraqlı olub. Söhbər altıncı hissi güclü olan ekstrasenslərdən gedir.

Modern.az saytı oxucu marağını nəzərə alaraq, ekstrahiss sahiblərilə bağlı silsilə yazılar təqdim edir.  

İlk qonağımız Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti Fikrət Əlizadədir. Çoxları onu ekstrasens kimi yox, sadəcə bir müəllim olaraq tanıyır. Amma Fikrət Əlizadəni şahmat ustası, rəssam, bəstəkar, müəllim və nəhayət ekstrahiss sahibi kimi təqdim etmək olar. Onunla söhbəti təqdim edirik:

- Fikrət müəllim, altıncı hiss deyilən bir qüvvə var...

- Altıncı hiss bütün insanlarda var. Çünki Allah birindən kəsib digərinə verməyib. Bütün insanlarda bədən üzvlərinin hamısı olduğu kimi hissiyyatla bağlı məsələlər də mövcuddur. İntuisiya sadəcə bizim 5 reseptorumuzun – dadbilmə, iybilmə, lamisə, görmə, eşitmə - kompleks şəkildə təcrübi bir hissəsidir.  Yəni gördüyümüz, eşitdiyimiz, dadının bildiyimiz, toxunduğumuzun hamısı bu hissə proyeksiya olunub. Bu isə öz növbəsində lazım olan anda bizə kömək edə bilir. Məsələn, bir ətirlə hər hansı hadisəni aça bilərik. Yaxud gözümüzün ucu ilə bir şeyə baxmaqla, toxunmaqla hadisəni görə bilərik və bunun haqqında məlumatımız ola bilər. Burada bir məqam da var ki, insanda müəyyən içdən toxunma olur, yəni hər hansı bir şey səni riqqətə gətirə bilir. Öz aləmində görmə, eşitmə və ya toxunma sənə kompleks şəkildə bir informasiya verir.

- Bəs bu hiss hardan qaynaqlanır?

- Əgər burada səmavi bir qüdrətin olmadığını desəm, yalan olar. Çünki burada həqiqətən də bir qüvvə var. Bəzən hətta deyirlər ki, bu, insana hardansa gəlir. Amma insanın bədənində doqquz dənə çakra (qəbuledici) var. Hind fəlsəfəsinə görə, bunun yeddisini əsas götürürlər. Bunun biri insanın təpəsindədir. Bu sanki peyk antena kimidir və informasiyanı tuta bilir. Yaradıcı adamlar adətən bu çakra ilə işləyir. Bəstəkarlar, şairlər, yazıçılar, alimlər bu informasiyanı özünə hopdurur və bu çakra sanki bir ötürücü naqil rolunu oynayır. Məsələn, peyğəmbərlərə də səmadan nazil olan bütün şeylər oradan ötürücü kimi keçir və sonra şüur vasitəsi ilə çatdırılır. Bizdə də belədir. Məsələn, deyirik ki, hardansa mənim ağlıma bir şey gəldi. Hardansa? Amma bilmir bu hardandır. Yaxud çox zaman insanlar deyir ki, filan şey ürəyimə damdı. Beynimə damdı deyən yoxdur.  Nadir halda bu cür informasiyalar beyinlə bağlanır. Əsasən bu ürəyə gəlir. Çünki ürək hissiyyat orqanıdır. Ümumiyyətlə, qədim hind fəlsəfəsinə görə, Allahın qığılcımı, yaxud özünün kiçik proyeksiyası ürəkdədir. Hindlilər buna “paramatra” deyirlər. Həqiqətən də insan ölür, onun ruhu uçub gedir və ürək dayanır. Yəhudi dilində “nefeş” sözü var. “Nefeş” həm nəfəs, həm də ruh deməkdir. Bunun mənası isə sənin nəfəsinin, ruhunun işlətdiyi enerji anlamına gəlir. Ürək ruhun daldalandığı yer, ruh isə Allahın qığılcımıdır. İntuisiya insana həm kosmik yolla, həm də lokal yerlə verilə bilər. Əgər bir dəqiq baxsaq, burada daha çox kosmik variant var. Çünki bizim əslində yeddi bədənimiz var. Birinci bədən fizikidir ki, o görünür. Qalan bədənlər astral, mental, efir, kauzal, ilahi bədənlərdir. Sonuncuya çatmaq isə çox çətindir. Bu isə Yerin nemətlərindən imtina edən və ruhi aləmlərini inkişaf etdirən insanlara müyəssər olur.

- Bəs buna səbəb nədir?

- Biz Yerə bağlı insanlarıq. Biz Yerin nemətlərindən zövq alan məxluqlarıq. Məsələn, sənin qarşına dadlı bir meyvə qoyublar. Sən onu yeməyə bilmirsən. Və ya qarışıq bir yeməkdir ki, orada bir çox tərəvəzlər, ətlər var ki, mədə onu ayrı-ayrılıqda həzm eləməlidir. Amma biz onu kompleks şəkildə qəbul edirik. Bizim yediklərimizin 95, hətta 97 faizi zərərlidir. Hələ bədənimizin bizi bu qədər saxlaması qəribədir. Əslində insan ömrünün azalmasının da səbəbləri elə budur. Biz hər şeyi bişirib yeyirik və bişirəndə qidanın tərkibindəki enzimlər ölür. Enzim isə çox faydalı bir şeydir. Əgər biz çalışıb hər şeyi çiy yeyə bilsək, o bizim bədənimizə daha çox şey verə bilər. Əlbəttə, bu cür çirklənmiş, bişirilmiş qidalardan istifadə edən də bizim bədənimiz etiraz etməyə başlayır və hüceyrələrdə dəyişiklik baş verir. Yəni cavan adamdır görürsən ölür. Odur ki, hərəkətli olsaq, yeməyimizə fikir versək, ömrümüz uzana bilər. Amma biz əksinə edirik. Hava, su, yemək pis, pis fikirlər bütün bunlar isə insanda ömrü azaldır. Odur ki, belə bir vəziyyətdə bütün insanların həmin altıncı hissdən istifadə edə bilməsi mümkünsüz olur.

- Deməli bu hisslər bütün insanlarda eyni deyil...

- Hər bir insanın potensialında güc-qüvvə var. Sadəcə bilirsiz bu nəyə oxşayır. Məsələn, bir var ki, tutaq ki, Papua dövlətindən gələn bir televizor. Bir də var ki, Yaponiyanın SONY-si. Yaxud bizim Şamaxının olsun. Nə qədər də olsa sadaladıqlarım yapon televizoru ilə rəqabətə girə bilməz. İnsanlar da bu cür fərqlidir. İnsanlarda da enerji fərqlidir. Birində çox, birində orta, birində az ola bilər. Heç enerjisi olmayan insan yoxdur. Əgər enerjisi yoxdursa, deməli o meyitdir.
Elə insanlar da var ki, onlarda enerji çox yüksəkdir. Hədsiz enerjiyə məxsus insanlar peyğəmbərlərdir. Onlar həmin hissiyyatın hesabına vəhy qəbul edə bilirlər. Hər bir insanda görücülük qabiliyyəti də var.
Məsələn, yuxuda bir tamam başqa bir aləmə düşürük. Həmçinin dünyada insan beyninin sürətinə çatan heç nə yoxdur. Hətta işıq sürəti belə. Çünki insan bir anda beyninin gücü ilə kainatı dəlib haralara gedib çıxa bilər. Yaxud insan bir an içində hər cür situasiyaya cavab tapa bilir.  Biri var danışan, biri var dinləyən. Danışan üçün asandır. Çünki o nə danışdığını bilir və danışır. Amma dinləyən saniyənin mində biri qədər olan bir vaxtda danışılanı qavrama gücümə malikdir. Həmin anda cavab verə bilir. Duyğular da belədir. Amma insanın şüuruna yüksək qiymət verilir, duyğuları alçaldılır. Əksinə, duyğular fərqlidir. İnsan məntiqə yönlüdür. Elə bilir ki, düşüncə və beyinlə bunun nəticəsi olan elmlə hər şeyə nail ola bilər. Amma elm bütün bu qaranlığın içərinsə kiçik bir şam kimidir. Sadəcə, insan özü haqqında yüksək fikirdədir və elə bilir ki, hər şeyi bilir. Amma elə deyil. İnsan üçün də müəyyən vaxt var. O qədər biləndən sonra məhvə məhkumdur. İnsan bilik həddini aşanda ona xitam verilir.

- Bəs sizdə bu ekstra hisslər nə vaxtdan formalaşıb?

- Mən hələ kiçik yaşlarında olanda çox əcaib işlər baş verirdi. Mənim xəstələnməyim ailəmizə çox baha başa gəlirdi. Hətta deyirdilər ki, balaca bir uşaq yox, elə bir fil xəstələnib. Xəstələnən zaman çox dəhşətli şeylər görürdüm. Qarabasmalar olurdu. Üstümə şəkillər gəlirdi, xortum görürdüm, yaxud dodaqlar böyük ət parçası şəklində gözümə görünürdü. Mən bütün bunlardan dəhşətə gəlib qışqırırdım. Hələ 5-6 yaşımda mənim başımda şiddətli ağrılar olurdu. Elə dərəcəyə gəlib çatırdı ki, ürəyim bulanır, ağappaq ağarırdım. Valideynlərimin ikisi də həkim olsalar da, çox çətinliklər çəkirdilər. Sonra yavaş-yavaş hadisələr dəyişdi. Artıq yeniyetmə olanda məndə qəribə hisslər formalaşmağa başladı. İnsanların nə fikirləşdiyini duyurdum. Bundan qorxurdum və pis şeylər də fikirləşmirdim. Elə  bilirdim ki, hamıda belədir və kiminsə haqqında pis fikirləşsəm, bunu duya bilər. Sən demə bu belə deyilmiş. Amma başqalarının nə fikirləşdiyi mənə aydın idi. Mən demirəm ki, kiminsə fikri mətn şəklində beynimdə canlanırdı. Sadəcə onun bütün mahiyyəti mənim üçün açılırdı. Artıq evdə ailə üzvlərimizə baş verəcək hadisədən ehtiyat etməyi deyirdim. Çox vaxt buna əhəmiyyət vermirdilər, amma həmin hadisə baş verirdi.

- Ailənizdə sizin kimi insanlar olubmu?

- Bizim ailədə hissiyyat güclü olub. Məsələn, babam zərgər idi. Sovet dövründə isə bu cür insanları həbs edirdilər. Bir dəfə nənəm babamı evdən yola salanda dedi ki, nəsə baş verəcək. Babamın evdə olan kolbalarını və bəzi əşyalarını aparıb quyuya atdı. Səhəri gün evimizə basqın etdilər və heç nə tapmadılar. Anamda da bu hissiyyat var.  

- Ekstrasenslik kurslarına getmisiniz? Yəni bu sahədə professional dərs almısınızmı?

- 1987-ci ildə mən ekstrasenslik kurslarına getməyə başladım. Müəllimin Etibar Məmmədəliyev idi. Kurslara getməyimin də maraqlı tarixi var. İndiki “Space” TV-in yanında bir kitab mağazası var idi. Orda bir qadın işləyirdi. Mən də oradan  milli oyanışla bağlı kitablar götürürdüm və universitetə aparırdım. O qadın mənə bir gün dedi ki, bu kitablardan hələ bir şey çıxmayacaq. Doğurdan da elə oldu. Qadın dedi ki, onda da hissiyyat var.  Orada danışdıq ki, bunun üçün kurslar var və rastımıza çıxsa, bir-birimizə xəbər edək. Bir müddətdən sonra mənə zəng vurdu və mən kursa getməyə başladım. Kursa yazılanda məndə olan enerjini ölçdülər və məlum oldu ki, məndə ağ enerjidir. Ağ enerji isə hətta ruhi xəstələrə belə təsir edir. Sonra elə oldu ki bizi praktikaya apardılar. Babaş Abbasov bizim müəllimlərimizdən biri idi. İndi Türkiyədə yaşayır. Hətta Şimali Kipr Türk Cümhuriyyətinin mərhum prezidenti Rauf Denkdaşın özünü və ailəsini o müalicə etmişdi. Məni də özü ilə Türkiyəyə apardı. İstanbulda bir klinika açıldı və bir orada bir çox tanınmış insanları müalicə etdik. Bədrəddin Dalan o zamanı mer idi və o təəccüb etdi ki, uzaqdan dayanaraq insana enerji ilə necə təsir etmək olur. Sonra ora Harun Kalçak, Sezən Aksu, bizim Xuraman və Fidan Qasımovalar, Eldar Mansurov, Türkiyənin o zamankı müdafiə naziri Ziya Aydın və başqaları gəlmişdi. Hərəsinin bir xəstəliyini müalicə edirdik. Mən orada bioterapiyanın gücünü gördüm. Ümumiyyətlə, mənim sahəm elə bioterapiyadır. Bioterapiya insanın bədənindən saçılan enerjidir. Hər adamım müəyyən qədər enerjisi var. Amma insanda bundan başqa əlavə enerji olduqda o bioterapevt kimi işləyə bilər.

- Bioteripiya necə olur?

- Bizdə bayaq dediyim çakralar var ki, necə ağciyərimiz havanı alır o cür də bu çakralar enerji ala bilir. Bu çakralara insan bədənin enerji blokları da deyə bilərik ki, bu də bədən hissələrinə görə fərqlənir. Məsələn, “Günəş kələfi” deyilən yer ki, o ikinci beyin hesab edilir ki, orda çox enerji toplanır. Həmçinin bioterapevtin böyrəkləri güclü olmalıdır. Bioterapevtin əlində güclü enerji olur. Məsələn, bioterapevt əlini kiminsə üzünə və ya bədəninə yaxınlaşdıranda həmin hissə qızışır. Amma əlindən tutsan, görəcəksən ki, soyuqdur. Müalicə zamanı isə bioterapevtdə enerji blokları açılır və onunla işləyir. Gün ərzində 10-15 nəfər qəbul etmək olar. Amma bundan çox olsa, insanın öz enerjisindən gedə bilər. Məsələn, dəvənin belində əlavə yağ qatı olur. Bioterapevtdə də həminki kimidir. Əgər sən o əlavə enerjini işlədib qurtarmısansa və yenə müalicəyə davam edirsənsə, özünün də enerjisi tükənə bilər. Həmçinin bioterapitada belə bir qanun var ki, mənfi enerjini kimdənsə alanda, öz biləyinə qədər bunu qəbul edəsən. Uzağı dirsək və çiyninə qədər. Əgər ondan çox qəbul etsən, həmin enerji sənə keçə bilər və səndə xəstəlik yaradar. Ümumiyyətlə, bir çox hallarda bioterapevtlər bundan düzgün istifadə etməyəndə, yaxud çox istifadə etdikdə özləri xəstə olur.

- Bioterapiya ilə hansı xəstəlikləri müalicə etmək olur?

- Yorğunluq, başağrı, lokal ağrılar, ürək, mədə ağrıları tez bir zamanda gedir. Ilk növbədə isə əsəb sistemi sakitləşir. Adam sanki təzələnir. 5-10 dəqiqəyə sən elə bil ki, 7 saat yatmısan. Məsələn, bununla bağlı mənim bir sıra təcrübələrim olub. Hətta bir dəfə Tarix İnstitutun direktoru Yaqub Mahmudov koridorda çox yorğun halda dayanmışdı. Mən də onun xətrini istəyən bir insan kimi yaxınlaşdım. Dedim ki, icazə versəniz sizə təsir edərdim. Mən ona bir seans verdim. Seansdan sonra o gümrahlaşdı və özünü yaxşı hiss etməyə başladı. Yaxud Ağacam müəllim Əbiyev. Bir dəfə o çox əsəbiləşmişdi. Gəldim onun otağının qarşısına. Katibəsinə dedim ki. Ağacam müəllimi görmək istəyirəm. Katibə dedi ki, çox əsəbidir. Nəysə, Ağacan müəllimə dedi katibə, mən keçdim onun otağına. Dedim ki, əgər icazə versəniz bir şey edərdim əsəbiniz keçərdi. O da razılaşdı. Ona bir seans verdim. Sonra da gülə-gülə otaqdan çıxdı. Yaxud adını çəkmək istəmədiyim tanınmış bir professorumuzun ayaqları tutulmuşdu işə çıxa bilmirdi. Onun ziyarətinə getdim. Dedi ki, dərman qəbul etsə də, hələ bir təsiri yoxdur. Mən ona izah etdim ki, bunun müalicəsi dərmanla deyil sadəcə energetik pozuntudur. Hətta inandırmaq üçün Türkiyədə 15 il iflic olan bir xəstənin 20 seansa ayaqlarını necə açmağım barədə dedim. Axır çox təkiddən sonra razılaşdı. Hətta əlində əsa ilə güclə gəzirdi. Çox üşüdüyünü deyirdi. İsti olsa da, evdə əyninə yun paltar geyinmişdi.  Bir seans elədim. Bir də gördüm ki, onda dəyişiklik oldu. O qalxdı və qaça-qaça cavan insanlar kimi mətbəxə getdi. Hətta əsa isə gəzdiyinə təəccüb də elədi. Yun paltarını da soyundu.

- Bu xəstəliklər arasında yəqin çox çətin sağalanları da olur...

- Bioterapiya ilə çox xəstəlikləri müalicə etmək olur. Amma ən ağırı xərçəng xəstəliyidir. Mən bunu etmirəm. Çünki xərçəng insanın bədənində olan bir günahdır və sən əgər bunu müalicə edirsənsə, həmin günahı üzərinə çəkməli olursan. Mən cəmi bir dəfə bunu eləmişəm, o da assistentlə bir yerdə. Həmin gün axşam özüm ölümcül vəziyyətə düşdüm. Bilirsiz, məsələn, deyirlər ki, filankəs boş yerə kor yaradılmayıb. Əgər gözü görsəydi, pis şeylər edə bilərdi. Əlbəttə, bunu hamı haqqında demək olmaz amma, bəzi adamlar bir də görürsən ki, haqqında o cürdür. Baxın deyirlər ki, varlılara ona görə çox var-dövlət verilib ki, onların başı var-dövlətə qarışsın və zülm etməsinlər.

- Bu bacarığınızdan harada istifadə edirsiz?

- Hazırda ancaq tanışlar, dostlar kim istəsə, kömək edirəm. Amma klinik şəkildə yox. Əvvəllər təkliflər də oldu, amma, istəmədim. Amma indi olsa, eləmək olar. İndi bunun üçün o qədər də maddi imkan yoxdur.

- Digər ekstrasenslərə əlaqələriniz varmı?

 -Dostlar çoxdur. Amma bir-birimizlə görüşməyə o qədər də vaxt olmur. Bilirsiz, indi bizdə bu sahə o qədər də inkişaf etməyib. Mən bir adamı müalicə etmək üçün gərək ona bir saat mühazirə oxuyum ki, bəlkə həmin adamda inam yarana bilsin.

Söhbətimizin sonunda Fikrət müəllimdən bir seans keçirməsini xahiş etdim. Gün ərzində olan yorğunluğum bir anda aradan getdi...

Orxan Əli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı