Modern.az

Efir qaydalarını pozan, reytinq xatirinə vulqar sözlər işlədən teleaparıcılar…

Efir qaydalarını pozan, reytinq xatirinə vulqar sözlər işlədən teleaparıcılar…

Mədəni̇yyət

2 May 2020, 11:57

Telekanallarda efir dilini bilməyən, Azərbaycan ədəbi dilinin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı çoxdur. Dəfələrlə monitorinq aparılıb tənqid və xəbərdarlıqlar edilsə də hələ də bu problem aradan qalxmayıb.

 

Xüsusilə, efirdə tez-tez məişət üslubunu belə kobud şəkildə pozan aparıcılar bunu cəmiyyətin “istəyi” ilə əlaqələndirirlər. Yəni belə deyək, guya ki, tələbatdan doğan zərurət…

 

Amma danışıq üslubun bütün normalarının işlənmə mexanizmi və ifadə tərzi var. Maraqlıdır, efirdə necə, reytinq xatirinə vulqar və qeyri-etik ifadələrin işlədilməsi nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış media eksperti, BDU-nun TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli deyir ki, efirdə ədəbsiz sözlərin ifadəsi mümkündür amma açıq şəkildə bildirilmədən:

 

“Efirdə vulqar, ədəbsiz sözlərin işlədilməməsi doğru mövqe olsa da bu heç nəyi ifadə etməyəcək. Çünki insanların ədəbsiz və vulqar söz anlayışı çox fərqli ola bilər. Məsələn, kiməsə “ceyran” desən bəlkə də həmin şəxs bunu ədəbsiz söz kimi qarşılaya bilər. Əgər aparıcının məqsədi bilgiləndirib, əyləndirməkdirsə, bu zaman da məqsəddən kənara çıxmaq olmaz. O halda  ədəbsiz sözlərin istifadəsinə icazə verilir ki, hadisəni başa düşmək, mahiyyətini anlamaq üçün bu sözlər vacibdir. Amma onda da ədəbsiz söz tam eşitdirilmir, sadəcə eyham şəklində deyilir. Bizdə Azərbaycan televiziyasında aparıcıların nitqində nə qədər dəyişikliklər olsa da əksər qüsurlar hələ də qalmaqdadır. Ələlxüsus yalan qadağan edilməyincə, jurnalistlərdə mədəniyyətin pozulduğu hallara rast gələcəyik. Cəmiyyətin can atdığı özünü ifadə tərzi var. Bu tərz pozulmamalı, mədəni inteqrasiyaya xələl gətirilməməlidir. Əgər qeyri-etik ifadələr, vulqar sözlər yığışdırılmasa, gələcək nəsil olan uşaqlar televiziyaya baxıb nə öyrənəcəklər?”.

 

 Media ekspert deyir ki, məişət üslubunun pozulması acizlik əlamətidir:

“Dilin zənginliklərini, təsir gücünü aşılamaq, unudulmuş sözləri təbliğ etmək əvəzinə ən bəsit yolla gedib məişət üslubunu pozmaq acizlik əlamətidir. Televiziya dil baxımından cəmiyyətdən yuxarıda olmalıdır. Bizim televiziyanın dil üslubu isə hazırda cəmiyyətdən aşağı düşür. Bunlar çox ciddi məqamlardır. Məişətdə bəlli bir ünsiyyət dairəsində işlətdiyimiz sözləri televiziyada səsləndirmk olmaz. Bədii təsvirdə bu cür sözlər işlədilə bilər, amma jurnalist proqramlarında belə yalnışların olması ayıbdır. Əslində yalnışlara yol verilməsinin əsas səbəbi demokratiya azadlığındadır. Belə ki, bəziləri elə düşünür ki, onlara söz azadlığının verilməsi istənilən cür danışmalarına haqqları olduğu anlamına gəlir. Amma söz azadlığının olması etikanın, jurnalist prinsiplərinin pozulması demək deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı