Arxiv
3 May 2020, 10:25 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Hüseynova bacılarından biri… - VİDEO

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan aktrisa Sona xanım Hacıyeva yaradıcılığı az tədqiq olunan sənətkarlarımızdandır. O, elə bir ağır zamanda səhnə fəaliyyətinə başlamışdı ki, həmin illərdə nəinki qadınların, hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmır, sənət ustaları cəhalət və nadanlıq dünyası insanlarının qurbanlarına çevrilir, qətlə yetirilirdilər.

Belə bir çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyan Sona Hacıyeva heç nədən çəkinməmiş, xalqın savadlanması və maarifləməsi üçün əlindən gələni etmişdir.

     
Onun anası Əzizə xanım Məmmədova da Azərbaycan teatrının ilk milli professional aktrisalarandan olub. Bu istedadların hardan qaynaqlandığını bilmək üçün onların şəcərəsinə nəzər salmaq kifayətdir. Əzizə xanımın atası Azərbaycanın ilk Bülbülü olan məşhur Şuşa xanəndəsi Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov idi. Əbdülbaqi öz məlahətli səsi, şaqraq zəngulələri ilə elə bir şöhrət qazanmışdı ki, onu Qarabağda öz adı ilə yox, məhz Bülbülcan kimi tanıyırdılar. Onun qardaşı oğlanları Əli və Qəmbər Zülalovlar da məşhur opera artistləri olmuşlar. Görkəmli musiqişünas F.Şuşinskinin qeyd etdiyi kimi, Zülalovlar ailəsi Azərbaycan incəsənət tarixində “istedadlar ailəsi” kimi tanınmışdı.

       

Anası Əzizə Məmmədova və Sona Hacıyeva...

Bülbülcan Tiflisdə yaşayarkən 1892-ci ildə bu ailədə dünyaya gələn Əzizə Əbdülbaqi qızı, yəni Sona xanım Hacıyevanın anası da uşaqlıqdan musiqiyə, sənətə bağlı olub. 1919-cu ildə ailə Bakıya köçdükdən sonra musiqiyə və ümumiyyətlə incəsənətə olan böyük marağı Əzizə xanımı Əbilov, sonra da Əli Bayramov adına qadın klublarına gətirir. O, səhnə fəaliyyətinə də elə bu klubun dram kollektivlərində başlayır. Qızı Sona ilə səhnəyə çıxaraq ana-bala “Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və Çimnaz rolunda çıxış edirlər. O, iştirak etdiyi tamaşalarda müxtəlif səciyyəli, xarakterli səhnə obrazları yaradır. Əzizə Məmmədova həm də ilk azərbaycanlı  kinoaktrisalardan biri idi. Bir çox filmlərdə çəkilən aktrisanı çağdaş Azərbaycan tamaşaçısı daha çox 1955-ci ildə “Azərbaycanfilm”də  istehsal olunan “Görüş” filmindəki  Əzizə obrazı ilə xatırlayır. Oğlu tənbəl Kamili hər vəchlə müdafiə edən, onu ətrafdakıların tənəsindən qorumağa çalışan Əzizə ana rolunu məharətlə ifa edən Əzizə Məmmədova filmdə milli koloritli qadın obrazı yarada bilmişdir.


Yuxarıda qeyd etdimiz kimi, Əzizə xanımın qızı Sona Hacıyeva da anası ilə eyni vaxtda teatr aləminə qədəm qoymuşdur. Bu ana-bala elə bir çətin zamanda belə cəsarətli addımı atırlar ki, məhz  həmin illərdə milli teatr səhnəsində Azərbaycan qadının nəfəsinə ehtiyac böyük idi. Onların teatr aləminə qoşa gəlməyi mədəniyyət tariximizin işıqlı səhifələrindəndir. 

     
Sona Hacıyeva 1907-ci ildə Şəkidə anadan olub. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Bülbülcan saxlamalı olub. Anası Əzizə Məmmədovanın teatra bağlılığı qızına da sirayət edib.  Anası  ilə eyni ildə, eyni tamaşada səhnəyə gələn Sona Hacıyeva öz xatirələrində yazırdı: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl səni ora aparım, oturub tamaşa edərsən. Mən çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: “Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”. 


Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır, özüm də Əzizə xanımın qızıyam”. Balaca Sona bir də görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desələr, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini bilməyib. Birtəhər dili dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib. Bu, onun səhnədə ilk rolu – 13 yaşlı Sonanın teatr aləmində debütü idi.

           
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər.



1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edir. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradır. Sonralar Sona Hacıyevanı Opera və Balet Teatrına da dəvət edirlər. Bu elə bir dövr idi ki, Sona xanım hər iki teatrda çalışmağa məcbur idi. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona xanımın səsini  o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynamışdılar. O dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrının səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi.


Sona Hacıyeva Azərbaycan səhnəsinə adi bir aktrisa kimi gəlməmişdi. O, həm də müxtəlif qadağalara, təzyiqlərə, təqiblərə məruz qalan Azərbaycan qadınının bağrından qopan bir üsyana dönmüşdü. Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, çəkdiyi əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırırdı.

       
Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına öz töhfəsini vermişdir. “Bəxtiyar”, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində diqqətəlayiq xidmətlərin sahibidir.

       
Onun ən çox sevilən rolu isə “Bəxtiyar” filmində yaratdığı Zəhra obrazıdır. Zəhra klub müdiri Ağabalanın xalasıdır. Bacısı oğlu kimi saxtakar və müftəxordur. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. “Hüseynova bacıları”ndan biri olan Zəhranın kluba yoxlama gələrkən düşdüyü gülünc vəziyyət tamaşaçıda gülüş doğurur.

       

Tamaşaçıların sevimlisi olan aktrisanın əməyi hələ o dövrdə yüksək qiymətləndirilmiş, Sona Hacıyeva 1949-cu ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilmişdi.


Aktrisa 4 dekabr 1979-cu ildə 72 yaşında vəfat edib.
 
Öz dövrünün reallıqlarını müxtəlif tamaşalarda rolları ilə əks etdirən, həm teatrda, həm də kinoda dolğun surətlər yaradan Sona Hacıyeva Azərbaycanın sənət üfüqlərində parlayan bir ulduz idi. Aradan uzun illər keçməsinə baxmayaraq, bu ulduzun parlaqlığı və hərarəti azalmır.

        

P.S.Məqalənin hazırlanmasında 447 və 725 nömrəli fondlarda mühafizə olunan sənədlərdən istifadə edilmişdir.

    

Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
 İncəsənət Arxivinin aparıcı arxeoqrafı

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10