Modern.az

“Hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir” - İlham Əliyev

“Hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir” - İlham Əliyev

19 May 2020, 17:00

“Bizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur - hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir”.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

 

Prezident deyib ki, bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir: “Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq. Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək”.

 

 

İlham Əliyev bildirib ki, ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib: “Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq.

 

Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər