Modern.az

İyirmicə qəpiyə yeddi yaşlı qızın göz yaşları satılır...” – Tural Turandan 1 cümləlik hekayələr

“İyirmicə qəpiyə yeddi yaşlı qızın göz yaşları satılır...” – Tural Turandan 1 cümləlik hekayələr

27 İyun 2020, 10:40

Modern.az yazıçı Tural Turanın 1 cümləlik hekayələrini təqdim edir:

 

***

O, rəfiqəsinin, mən də dostumun bəxt üzüyünü iki-üç saatlıq borc alıb nişanlandıq.

 

***

Böyüyəndə anladıq ki, sən demə, uşaq olanda qorxumuzdan kəndimizdəki bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq...

 

***

Mən dünyamı dəyişəndən sonra da insan öldürmək həvəsinə düşsəniz, gəlib baş daşımı güllələyərsiniz.

 

***

 

İnanmırsınızsa gedib yoxlayın, bütün dilənçilərin nəbzi ovuclarında vurur.

 

 

***

İlk qonorarımla atama alışqan, anama ətir, bacıma corab, yazıçı olmaq istəyən qardaşıma saat və qələm alıb qəbristana – ailə məzarlığımıza üz tutdum...

 

 

***

Şair Temir Alpını– tanrını yox, onu yaradanları yox eləmək lazımdı – açıqlamasından sonra evinin qarşısında, yenicə yeriməyə başlayan qızının gözləri önündəcə ağzından güllələmişdilər.

 

 

***

Sürünü bazara çıxartma, qoyunları satsan torpaqlarımızı itirəcəyik – deyən atam məni fikrimdən daşındırmaq üçün önümdə diz çöküb ağlamağa başladı.

 

 

***

İyirmicə qəpiyə yeddi yaşlı qızın göz yaşları satılır...

 

 

Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir