Modern.az

Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır”

Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır”

15 İyul 2020, 18:40

Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışsalar da buna nail ola bilmədilər

 

"Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatlar COVİD-19 pandemiyası ilə mübarizədə çıxılmaz duruma düşən, ağır və gündən-günə dərinləşməkdə olan iqtisadi böhrandan çıxış yolu tapmayan, əhalinin ən adi sosial problemlərinin həllində aciz qalan Paşinyan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq,hərbi əməliyyatların coğrafi baxımdan eskalasiyasına nail olmaqla münaqişəyə üçüncü tərəfi cəlb etmək cəhdidir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib.

 

Azər Kərimli Azərbaycan Ordusu tərəfindən düşmənə tutarlı cavab verildiyini, işğalçı ordunun şəxsi heyətində 100-dən çox itkinin olduğunu, artilleriya qurğularının, hərbi texnikanın, müdafiə qurğularının və istehkamların Silahlı Qüvvələrimizin dəqiq zərbələri nəticəsində darmadağın edildiyini vurğulayıb:

“Təəssüf ki, ağır döyüşlər zamanı ordumuzda da itkilər olub, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov,mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə şəhid olublar. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir. Allah şəhidlərimizə rəhmət eləsin”.

 

Azər Kərimli Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində mülki şəxsləri də artilleriya atəşinə tutduğunu, 76 yaşlı Əziz Əziovun həlak olduğunu, evlərə, təsərrüfatlara çoxsaylı ziyan dəydiyini qeyd edib:

“Mülki əhalinin atəşə tutulması Ermənistanın özünü dövlətdən daha çox terrorçu təşkilat kimi apardığını sübuta yetirir. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan ordusu cavab atəşi açdıqda bunu mülki obyektlərin hədəf götürülməsi kimi təqdim etsin. Bu faktın özü Ermənistan rəhbərliyinin hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşdığını, insan amilinin bu ölkədə ən sonuncu yerdə dayandığını sübuta yetirir”.

 

Millət vəkili Ermənistan ordusunda rüh düşkünlüyünün ən yüksək səviyyədə olduğunu bildirib:

“Ermənistan vətəndaşlarının, hərbçilərin sosial şəbəkələrdə paylaşdıqları videolardan da onların nə qədər təlaş içində olduğu açıq-aşkar görünür. Ön xətdən nəinki hazırlıqsız əsgərlər, hətta müddətli hərbi qulluqçular və zabitlər belə fərarilik edərək qaçırlar. Azərbaycan ordusunda və cəmiyyətində isə böyük ruh yüksəkliyi müşahidə olunur. Son döyüşlər də göstərdi ki, ordumuz ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Bu artıq 90-cı illərin pərakəndə döyüşçü yığımı yox, yüksək hazırlıqlı nizamlı ordudur”.

 

Azər Kərimli bir mühüm məqama diqqət çəkməyin vacib olduğunu qeyd edib. Millət vəkilinin sözlərinə görə, minlərlə Azərbaycan vətəndaşlarının Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstəyini ifadə etməsi sevindirici haldır. Amma bir qrup insanın vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışması, heç bir hüquqi və mənəvi ölçüyə sığmır və belələri qanunun ən sərt üzü ilə cəzalandırılmalıdırlar:

“Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışsalar da buna nail ola bilmədilər”.

Millət vəkili Azərbaycan dövlətinin kifayət qədər güclü olduğunu və istənilən təhlükənin qarşısını almaq iqtidarında olduğunu vurğulayıb: “Şübhə etmirəm ki, təxribatçılar və beşinci kolonun nümayəndələri müəyyənləşdiriləcək və hüquq müstəvisində layiqli cəzalarını alacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?