Modern.az

Milli Məclisin İntizam Komissiyasından Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Milli Məclisin İntizam Komissiyasından Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Parlament

22 Avqust 2020, 16:08

“Hər kəs qanun qarşısında cavabdehdir, məsuliyyətlidir, bərabərdir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq hamı qanunun aliliyini dərk etməli və ona baş əyməlidir”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, iki gündür sosial şəbəkələrdə və mətbuatda vaxtilə mötəbər vəzifələrdə təmsil olunmuş Milli Elmlər Akademiyasının hazırkı prezidenti Ramiz Mehdiyevin ailəsində baş tutan toy mərasimi müzakirələrə yol açıb. Belə ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin ölkədə karantin rejiminin tətbiq olunduğu bir vaxtda qızına toy etməsi narazılıqla müzakirə olunur və ictimaiyyət tərəfindən haqlı tənqid edilir:


“Dünya pandemiya ilə mübarizə aparır. Çox ciddi qaydalar tətbiq edilir. Ölkəmizdə də hər bir vətəndaşın həyatının və sağlamlığının qorunması naminə respublika Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında bütün imkanlarla mükəmməl səviyyədə mübarizə aparılır. Operativ Qərargah tərəfindən  hazırlanmış beynəlxalq standartlara uyğun qayda və təlimatlar tətbiq edilir. Yəni bu gün hər kəs qayda və təlimatlarla həyatını və fəaliyyətini tənzimləyir. Bu qaydaların pozulması isə qanunvericiliklə çox ciddi tənzimlənir. Qanunvericiliyə görə,  qaydaların pozulması hallarında vəzifəli insanların məsuliyyəti ikiqatdır. Xüsusilə də millət vəkilləri daha çox məsuliyyət daşıyır. Biz millət vəkilləri əgər qanunverici hakimiyyəti təmsil ediriksə, öz məsuliyyətimizi də dərk etməliyik. Qeyd etdiyim kimi, ölkəmizdə Prezidentimizin rəhbərliyi ilə koronavirusa qarşı çox ciddi və yüksək səviyyədə mübarizə aparıldığı bir zamanda vəzifəli adamların Operativ Qərargahın qaydalarını heçə sayması, qanunları pozması qətiyyən yolverilməzdir. Bugünlərdə qeyd etdiyim məlum toyun keçirilməsi Operativ Qərargahın bütün qaydalarlna zidd olmaqla və onun tələblərini rədd etmək anlamına gəlir. Xüsusiləşdirilmiş karantin dövründə bu cür xeyir işin və ya məclisin keçirilməsi heç cür anlaşılan deyil. Bu xeyir işdə isə deputatın iştirakı bütövlükdə qanuna hörmətsizlik olmaqla, cəmiyyətə də qanunun aliliyinin mənasız olması mesajını verməkdir. Həmkarımız Siyavuş Novruzovun karantin rejimində toyda iştirakını anlamaq olmur. Hesab edirəm ki, istər toyu təşkil edənlərə, istərsə də bu toyda iştirak edən vəzifəli şəxslərə adekvat cəza tətbiq ediləcək. 

Qeyd etmək istərdim ki, bu insanların qanunvericiliyə uyğun olaraq cəzalandırılması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilər”.


M.İbrahimqızı onu da bildirib ki, toyda iştirak edən və yüksək pafosla çıxış edən akademik Abel Məhərrəmovun fikirləri ziyalı adına yaraşmaz bir tərzdir:

“Onun xalq adına danışması və ölkəmizdə ulu öndərimizin, eləcə də Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurların başqasının ünvanına bağlaması isə ancaq acı təəssüf hissi yaradır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!