Modern.az

Rəqabət Məcəlləsi qüvvədədir, bəs niyə nəticə görünmür? - Deputat açıqladı

Rəqabət Məcəlləsi qüvvədədir, bəs niyə nəticə görünmür? - Deputat açıqladı

Parlament

Bu gün, 13:33

“Rəqabət Məcəlləsi”nin qüvvəyə minməsi Azərbaycanda bazarda sağlam rəqabət mühitinin formalaşdırılması, inhisarçılığın məhdudlaşdırılması və sahibkarlar üçün bərabər şəraitin yaradılması baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin Məcəllənin qəbulundan daha vacib məsələ onun praktikada nə dərəcədə effektiv icra olunmasıdır.

Hazırda rəqabət mühitində real dəyişikliklər nə dərəcədə hiss olunur, hansı problemlər hələ də qalmaqdadır və qanunun tam işlək mexanizmə çevrilməsi üçün hansı addımlar atılmalıdır?

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini böyük zəfərlə başa çatdırıb ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra yeni mərhələyə daxil olub:

“Postmüharibə mərhələsinin vəzifələrini dolğun şəkildə həyata keçirməkdən ötrü hərbi sahədə olduğu kimi, digər sahələrdə də, o cümlədən iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə və sair sahələrdə də rəqabətqabiliyyətli olmalıyıq. Eyni zamanda yaşadığımız mərhələdə rəqəmsallaşma rəqabət məsələsinin aktuallığını qeyri-adi dərəcədə artırıb və bir sıra cəhətdən ona yeni məzmun verib. Rəqəmsallaşma müasir bazarda şirkətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amil kimi önə çıxır və ənənəvi biznes modellərini dəyişərək yeni üstünlüklər qazandırır. Bu baxımdan 2030-cu ilədək müəyyənləşdirilmiş Milli Prioritetlərdə Azərbaycanda dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat və rəqabətli insan kapitalı, müasir innovasiyalar məsələləri xüsusi yer tutur. Həmin məsələlərin uğurlu həlli digər şərtlərlə yanaşı, xeyli dərəcədə həm də ölkədə inhisarçılıq meyillərinin aradan qaldırılmasını və azad rəqabətin təşviqini tələb edir. Azad sahibkarlıq, azad rəqabət və bazar iqtisadiyyatının fəaliyyətinin səmərəliliyinin bu iki fundamental şərtinin effektiv kombinasiyasından formalaşan əhalinin əksəriyyətinin ödəmə qabiliyyətli tələbinə uyğun ədalətli qiymətlər ölkənin dayanıqlı inkişafı və sosial-iqtisadi tərəqqisi baxımından gələcəyini xeyli dərəcədə müəyyənləşdirən məsələdir. Çünki inhisarçılıq şəraitində bazarın böyük hissəsini ələ keçirən, təklifin həcminə və qiymətlərə nəzarət edən şirkət, yaxud hər hansı digər qurum təklifin həcmini və qiymətini seçməklə mənfəətini maksimuma çatdıra bilir. Bu hal inhisarçı üçün sərfəli olsa da, son nəticədə iqtisadiyyatın səmərəliliyinə, rəqabət qabiliyyətinə, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin qiymətlərin tələb-təklifə uyğun surətdə qalxıb-enməsinin əksinə, inhisarçıların diktəsi ilə davamlı şəkildə artmasına səbəb olur. Belə bir şəraitin uzun müddət davam etməsi davamlı və dayanıqlı inkişafın, eləcə də sosial-iqtisadi tərəqqinin çox ciddi tormozlayıcı amilinə çevrilir. Ona görə də ölkəmizdə haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən olunması və azad rəqabətin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Rəqabət Məcəlləsi qəbul edilmiş və 2024-cü il iyulun 1-dən rəsmi olaraq qüvvəyə minmişdir. Məcəllədə inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması və tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmləri ehtiva edilib”.

Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbulu çox mühüm hadisədir:

“Məcəllənin qəbulu ilə yanaşı, onun fəaliyyəti üçün zəruri olan bir sıra normativ-hüquqi sənədlər qəbul edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin statusu qaldırıldı və onun bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Agentlik Rəqabət Məcəlləsinin səmərəli fəaliyyəti üçün zəruri olan istiqamətlərdə bir sıra işlər görür. Bunlar çox vacib məsələlərdir. Amma bu, məsələnin yalnız bir tərəfidir. Rəqabət Məcəlləsinin tam və səmərəli işləməsi üçün hazırda bəzi institusional və əməli xarakterli problemlər qalmaqdadır. Bu kontekstdə Məcəllənin qəbulu ilə yanaşı, onun işlək reallaşdırma mexanizminin hazırlanıb tətbiqi, sənəddə nəzərdə tutulan tələblərə dolğun şəkildə əməl edilməsi də eyni dərəcədə vacib şərtdir. “Rəqabət Məcəlləsi”nin qəbulu bazarda bərabər imkanların yaradılması və inhisarçılığın azaldılması istiqamətində hüquqi bazanı gücləndirsə də, hazırda əsas problemlər kimi “Rəqabət Məcəlləsi”nin dolğun şəkildə işləməsi üçün zəruri müvafiq şəraitin hələ tam yaradılmaması, səmərəli fəaliyyət göstərən işlək reallaşdırma mexanizminin yaradılmasının hələ başa çatmaması və sistemli şəkildə həyata keçirilməməsi, bazar subyektlərinin yeni qaydalara tam uyğunlaşmaması və sair qalmaqdadır. Bu Məcəllənin qəbulundan keçən müddət ərzində prinsip etibarı ilə ölkədə inhisarçılığın aradan qaldırılması və təbii inhisar sahələrində effektiv nəzarət mexanizmləri hələ də tam şəkildə formalaşdırılmayıb”.

Ə. Məsimli vurğulayıb ki, bu qəbildən olan problemlərin aradan qaldırılması üçün ilk növbədə “Rəqabət Məcəlləsi”nin icra mexanizmi sahəsindəki çatışmazlıqlar və boşluqlar aradan qaldırılmaqla gücləndirilməlidir:

“Əhalini ən çox narahat edən məsələlər arasında qiymətlərin sürətlə artması və bunun nəticəsində əksər mal və məhsulların qiymətlərinin əhalinin əksər hissəsinin alıcılıq qabiliyyətinə uyğun olmamasıdır. Ölkəmizdə qiymət artımına, idxal inflyasiyasından əlavə, inhisarların qiymətləri süni şəkildə qaldırması da ciddi təsir göstərir. Qiymətlər ətrafında manipulyasiyalar əhalinin sosial vəziyyətinə, həmçinin kiçik və orta sahibkarlığın inkişafına çox ciddi şəkildə mənfi təsir edir. Əgər nəzərə alsaq ki, inflyasiya yaradan amillər içərisində azad rəqabətin inhisarla əvəzlənməsi xüsusi yer tutur, deməli, “Rəqabət Məcəlləsi”nin səmərəli fəaliyyəti inhisarçılığa qarşı mübarizəyə, qiymətlərin optimallaşdırılmasına və bir sıra məhsullar üzrə qiymətlərin azalmasına imkan vermək baxımından əhəmiyyətlidir. Rəqabət istehsalın və təklifin artmasına, bu isə öz növbəsində əsassız qiymət artımını şərtləndirən amillərin aradan qalxmasına, qiymətlərin optimallaşmasına, məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan yaradar. Ona görə də Rəqabət Məcəlləsinin süni qiymət artımının önlənilməsi, qiymətlərin real iqtisadi əsas olmadan artırılması ilə əhalinin güzəranına vurduğu zərbənin qarşısının alınması istiqamətində fəaliyyəti gücləndirilməlidir. Bu yöndə ilk növbədə məmur inhisarçılığının, iqtisadiyyatda inzibati resurslardan istifadə edərək süni inhisar yaradan amillərin tam neytrallaşdırılmaması həlledici rol oynayar. Bunsuz ölkədə azad sahibkarlığa, azad rəqabətə və onların effektiv kombinasiyasından qaynaqlanan ədalətli qiymətlərin formalaşmasına nail olmaq və deməli, səmərəli fəaliyyət göstərən innovativ, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırmaq və əhalinin güzəranını ölkənin potensialına layiq səviyyədə yaxşılaşdırmaq praktiki surətdə mümkün deyil. Rəqabət Məcəlləsinin qəbulu bazarda bərabər imkanların yaradılması və inhisarçılığın azaldılması istiqamətində hüquqi bazanı gücləndirsə də, hazırda əsas problemlər kimi Rəqabət Məcəlləsinin dolğun şəkildə işləməsi üçün zəruri müvafiq şəraitin hələ tam yaradılmaması, səmərəli fəaliyyət göstərən işlək reallaşdırma mexanizminin yaradılmasının hələ başa çatmaması və sistemli şəkildə həyata keçirilməməsi, bazar subyektlərinin yeni qaydalara tam uyğunlaşmaması və sair qalmaqdadır”.

Deputatın fikrincə, “Rəqabət Məcəlləsi”nin dolğun şəkildə işləməsi üçün zəruri olan alt normativ-hüquqi aktların tam formalaşdırılması işinin sürətləndirilməsi də vacibdir:

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin rəqəmsal monitorinq və nəzarət imkanlarının artırılması və bazarda təmərküzləşmə və birləşmələrə nəzarət edən strukturların fəaliyyətinin tam rəqəmsallaşdırılması, Məcəllədə müəyyən edilmiş nəzarət mexanizmlərinin tətbiqinin nəticəliliyinin artırılması, kartel sövdələşmələri və hökmran mövqedən sui-istifadəyə görə maliyyə sanksiyalarının, cərimələrinin tətbiqi mexanizmi sərtləşdirilməsi, sahəvi tənzimləyici qurumlar arasında koordinasiyanın gücləndirilməsi, dövlət satınalmalarında şəffaflığın artırılması, hesabatlılığın və nəzarət mexanizminin gücləndirilməsi, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun əsaslı surətdə təkmilləşdirilməsi və ya yeni qanunun qəbul edilməsi, “Rəqabət Məcəlləsi”nə əsaslanan iddialara baxan ixtisaslaşmış məhkəmə mexanizminin formalaşdırılması və sair bu kimi istiqamətlərdə zəruri tədbirlər həyata keçirilməlidir. Rəqabət Məcəlləsinin icra mexanizmi gücləndirilməsi və səmərəli tətbiqi inhisarçılıq və haqsız rəqabət meyillərinin azalmasına, azad rəqabət və əlverişli biznes mühitinin formalaşmasına, investisiya qoyuluşlarının və innovativ fəallığın artmasına ciddi təkan verə bilər. Bu isə ilk növbədə, özəl sektorun üzləşdiyi bir sıra problemlərin aradan qaldırılmasına, onun dairəsinin genişlənməsinə və səmərəliliyinə müsbət təsir göstərər. Qısacası, Rəqabət Məcəlləsi səmərəli fəaliyyət göstərən reallaşdırma mexanizmi şəraitində ölkədə biznes mühitinin sağlam əsaslar üzərində inkişafına müsbət təsir edər. Rəqabət Məcəlləsi səmərəli fəaliyyət göstərən reallaşdırma mexanizmi şəraitində həm də ölkədə iqtisadi artım templərinin yüksəlməsinə, yavaşlamış iqtisadi artım trayektoriyasından sürətli artım trayektoriyasına keçidə və bir sıra ciddi məsələlərin həllinə rəvac verər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...