Modern.az

Sabiq nazirdən ABŞ rəsmisinin Azərbaycanla bağlı fikirlərinə reaksiya - “Bəyanatlar boş yerə səsləndirilmir” 

Sabiq nazirdən ABŞ rəsmisinin Azərbaycanla bağlı fikirlərinə reaksiya - “Bəyanatlar boş yerə səsləndirilmir” 

Ölkə

5 Sentyabr 2020, 10:45

Amerika Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasya üzrə katibliyinin müavini, tanınmış ekspert Laura Katerine Kooper Azərbaycanla bağlı maraqlı açıqlama ilə çıxış edib.

O, Azərbaycanın təhlükəli bölgədə yerləşdiyini, təhülkəli qonşularla yaşadığını vurğulayıb. L. Kooper Azərbaycanın xüsusi olaraq qlobal rol oynadığını da bildirib.

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında Pentaqon təmsilçisinin bəyanatının siyasi əhəmiyyətinə toxunub.

T.Zülfüqarovun fikrincə, bu açıqlama Amerika Birləşmiş Ştatlarının maraqları əsasında ortaya atılan məqamdır:

“Biz bunu təhlil edib, özümüz üçün aydınlaşdırmalıyıq ki, bəyanatla onların maraqları nədən ibarətdir. Təbii ki, amerikalılar öz maraqlarını təmin etmək üçün hər bir regionda özünə köməkçilər və tərəfdaşlar axtarırlar. Həmin bəyanatlar boş yerə səslədirilmir. Hansısa böyük bir konsepsiyanın, siyasətin bir hissəsidir”.

Azərbaycanın təhlükəli regionda yerləşməsinin detallarına da toxunan T. Zülfüqarovun sözlərinə görə, təhlükənin analizində əsas məqam Rusiya faktorudur:

“Rusiya siyasi dairələri tərəfindən verilən bəyanatlar göstərir ki, onların qonşulara aid siyasətində çox zaman ərazi bütövlüyü və suverenlik üstünlük deyil. Bunu Ukrayna, Gürcüstan və s. ölkələrə münasibətdə də gördük. Bu hadisələrdən aydın oldu ki, bölgədəki ölkələrin ərazi bütövlüyü və suverenliyi Rusiya üçün vacib fakt deyil. Təbii ki, bu digər qonşular üçün də istər-istəməz təhlükələr yaradır. 

İranla bağlı da bəzi dövlətlər buna bənzər bəyanatlarla çıxış edirlər. Azərbaycanın müxtəlif tarixi dövrlərdə fars dövlətinin tərkibində olduğunu xatırladanlar var.

İdeoloji baxımdan isə İslam inqilabının dəyərlərini eksport etmək üçün belə bəyanatlar səsləndirilir. Təbii ki, bunlar potensial təhlükələrdir. Həmçinin, biz Xəzər dənizinin statusunun müəyyənləşdirilməməsini də nəzərə almalıyıq. Bu məqamı da daha bir potensial təhlükə hesab etmək olar. Bu təhlükələrin hamısı Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına daxil olan bəndlərdə qeyd edilib”.

Sabiq XİN rəhbərinin sözlərinə görə, ABŞ rəsmiləri tərəfindən Azərbaycan haqqında səsləndirilən bu fikirlər birinci deyil:

“Bundan öncə də Azərbaycanın təlükəsizliyini təmin etmək üçün xüsusi proqramlar əsasında maliyyə yardımı ayrılmışdı. Təbii ki, biz dünyada gedən prosesləri ciddi təhlil edib, maraqlarımızı tam şəkildə müdafiə etməyə çalışmalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı