Modern.az

COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır

COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır

2 Oktyabr 2020, 00:41

BMT-də koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksəksəviyyəli görüş keçirilir. Görüş “COVID-19 pandemiyasının sonunu yaxınlaşdırmaq” şüarı altında təşkil olunur.

Modern.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.

Baş katib COVID-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb: “Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVID-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır”.

O, COVID-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladaraq deyib: “Yoluxma halları artmaqdadır və bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətlərini görürük”. BMT rəhbəri vurğulayıb ki, testlərə və müalicəyə çıxışın genişləndirilməsi və COVID-19 vaksinin həqiqətən hər kəs üçün əlçatan olması - bu hədəflər hər ölkənin milli və iqtisadi maraqlarına cavab verir. Beynəlxalq ictimaiyyət artıq lazımi vasitəyə malikdir – bu, ACT-Accelerator və COVAX vaksinləri üzrə onun komponentidir.

ACT–Accelerator - COVID–19 ilə mübarizə aparmaq üçün vəsaitlərə çıxışı sürətləndirmək təşəbbüsü bu ilin aprel ayında irəli sürülmüşdü. Bu yeni mexanizmin məqsədi COVID-19-a qarşı diaqnostika, müalicə vasitələrinin və vaksinlərin hazırlanmasını, istehsalını və ədalətli paylanmasını sürətləndirməkdən ibarətdir.

Quterreş xatırladıb ki, bu həftə ACT-Accelerator sayəsində orta və aşağı gəlirli ölkələrin COVID-19 üçün 120 milyon yüksək keyfiyyətli və ucuz sürətli test ala biləcəkləri elan olunub.

“Aparıcı beynəlxalq səhiyyə təşkilatları, tədqiqat institutları, fondlar və özəl təşkilatlar bu unikal modelin işlədiyini sübut etmək üçün gecə-gündüz çalışırlar”, - deyə Quterreş vurğulayıb. O, maddi dəstəyin kəskin şəkildə artırılmasının lazım olduğunu əlavə edib.

Onun sözlərinə görə, ACT-Accelerator-ın maksimum mümkün nəticələr verməsi üçün 35 milyard dollar lazımdır. Baş katib bildirib ki, əks təqdirdə, vaksinin istehsalı və alınmasını əvvəlcədən maliyyələşdirmək, onun ehtiyatlarını yaratmaq, elmi araşdırmaları fəallaşdırmaq və ölkələrə çatdırılacaq vaksinlərdən optimal şəkildə yararlanmaq mümkün olmayacaq.

Antonio Quterreş xatırladıb ki, pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollar ziyan vurur. Ötən doqquz ayda 500 milyon iş yeri itirilib. O, yaxın üç ayda hökumətləri və digər tərəfdaşları zəruri dəstəyi əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...