Modern.az

Ermənistanı kapitulyasiyaya məcbur etmək asan olmadı

Ermənistanı kapitulyasiyaya məcbur etmək asan olmadı

11 Noyabr 2020, 17:00

Azər Qismət


Azərbaycan Ermənistanı sülhə məcbur etdi. Bir gün ərzində 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin azad edilməsindən sonra qarşı tərəf sülhə razılaşdı. Əslində, bu, düşməni sülhə məcbur etməkdən əlavə, biabırçı kapitulyasiya aktı idi. Ermənistanin baş naziri Nikol Paşinyan etiraf etdi ki, onlar Azərbaycanı sülhə məcbur edəcəklərini düşünüblər, lakin hadisələrin gedişi formatı dəyişdirib. Və müharibənin yarısında anlaşılıb ki, daha gecdir, geri çəkilmək mümkün deyil. Çünki Ermənistan ictimaiyyəti bunu Paşinyana bağışlamayacaqdı. Qarşı tərəf Azərbaycanın atəşkəs dövründə belə inkişaf edəcəyini, silahlı qüvvələrini modern şəkildə formalaşdıracağını gözləməyib.

Beləliklə, hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər düşməndən təmizləndi, Şuşanın azad edilməsi isə işğalçını istər mənəvi-psixoloji, istərsə də hərbi-starteji planda diz çökdürdü. Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun deyure və defakto təsdiqidir. Ermənistan baş nazirinin videokonfrasda iştirak etməsinə isə Azərbaycan Prezidenti israr etməyib. Alçalmış şəxsin bir daha alçalmasını istəməyib. Əsas fikir bundan ibarət idi ki, Ermənistan bu sənədi imzalayacaq. Həqiqətən də noyabrın 10-da Paşinyan sənədi imzaladığını açıqladı. Noyabrın 9-dan 10-a keçən gecə Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bu şanlı qələbədir və bütün bu nailiyyətlər çox qısa bir müddətdə - 44 gün ərzində baş verdi. Bununla da azərbaycan regionda lider mövqeyini daha da möhkəmləndirdi.

Döyüş meydanında məğlubiyyətini dərk edən Nikol Paşinyan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur.

Amma bütün bunlar Azərbaycana asan başa gəlmədi. Prezident İlham Əliyev xalqa müraciətində dəfələrlə bildirmişdi ki, Azərbaycana böyük təzyiqlər var. Müharibə o təzyiqləri dəf edərək aparılırdı. Bütün bunları xalq anlayışla qarşılayırdı. Bununla belə Prezident İlham Əliyev qəti iradə nümayiş etdirdi, bütün təzyiqlərə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq formalaşdı.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Proseslərin aktiv fazasının davam etdiyi bu dövr ərzində dövlətimizin başçısı ardıcıl olaraq bildirirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında fəal yer alacaq. Əsas mühüm detallardan biri ondan ibarətdir ki, proses çərçivəsində Naxçıvan da blokadadan çıxır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür