Modern.az

Kəlbəcərli jurnalistlər: “30 illik həsrət bitir...”

Kəlbəcərli jurnalistlər: “30 illik həsrət bitir...”

15 Noyabr 2020, 10:10

30 illik həsrətdən sonra bu gün doğma Kəlbəcərimizə qovuşuruq. Tək kəlbəcərlilər deyil, hər kəs illərdir o gözəlliklərin, dağların qoynundakı möhtəşəm yerlərin həsrətində idi.

 

Kəlbəcərdən olan jurnalistlərimiz Modern.az-la Kəlbəcər haqqında xatirələrini, ora ilk ayaq basdıqda haranı ziyarət edəcəklərini bölüşüblər.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyir ki, 27 il əvvəl tam dolu olan evlərini elə o vəziyyətdə də qoyub çıxıblar:

 

"Bu ötən illər ərzində ermənilər insanlığa yaraşmayan, ləyaqətsizcəsinə evlərimizi daşlarına qədər söküb apardılar. Olan, qalan evlərdə də qanunsuz məskunlaşdılar. İndi çıxıb gedərkən bu evləri, qalan infrastrukturu da məhv edirlər.Bu bir millətin xislətidir. Bəlkə də, 27 il əvvəl onların törətdiklərini dünya görə bilmədi. Bu gün isə ermənilərin törətdiyi vandallığı birbaşa dünyanın aparıcı media qurumları çəkib göstərir. Bu gün ermənilər içlərindəki qəzəblə o evləri yandırırlar. Amma fərqində deyillər ki, bu hərəkətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.

 

Kəlbəcərli jurnalist Xalid Vahidoğlu bildirib ki, Kəlbəcərə aid yayılan video və fotoları ürək ağrısı ilə izləyir:

 

"Ermənilər 27 ildir, onsuz da Kəlbəcərin təbii sərvətlərini talan edirlər. 27 il öncə isə Kəlbəcərin minlərlə sakininin illərlə yığdığı var-dövlətini qarət ediblər. Bütün bunların fonunda Kəlbəcərdən çıxanda hər şeyi yandırmaları o qədər böyük itkimiz kimi görünmür. Amma onlar öz mahiyyətlərini göstərərək yenə də tarixi abidələrimizi dağıdır, meşələri yandırıb çıxırlar. Hesab edirəm ki, bunları sənədləşdirib, erməniləri müdafiə edən beynəlxalq qurumlara göndərmək lazımdır ki, onların əsl mahiyyəti onlara da aydın olsun. Ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, insanlığa düşmən olduğu nəhayət ki anlasınlar. Kəlbəcərdə ilk öncə doğulduğum, müqəddəs Başlıbelə gedəcəm. Bizim ev kəndin girişində olduğundan ilk öncə evimizin dağılmış divarlarını, uşaqlığımın keçdiyi həyətimizi görəcəm. Daha sonra babamın, nənəmin uyuduğu məzarlığı axtaracam. Yeri gəlmişkən, Rusiya turistləri kəndin bir çox ərazilərinin fotosunu 2013-2014-cü ildə yayıb. Kəndin hər yerinin dağıldığı görünsə də, kənd qəbiristanlığından fotolar yox idi. Ən azından qəbirüstü abidələr olmasa da, əzizlərimin uyuduğu məzarlığı ziyarət edəcəyəm.

Sonra o yol məni 9 il oxuduğum yalnız divarları qalan məktəbə aparacaq. Amma torpağıma gedəcəm. Ən əsası budur. Vətənimin hər qarışı müqəddəsdir, gözəldir, əvəzsizdir”.

 

Jurnalist Pərviz Həşimli isə qeyd edib ki, ermənilər Azərbaycanın 20% ərazisini işğal ediblər. Onların çox əhalisi yoxdur ki, bizim ərazilərdə məskən salsınlar:

 

"Ermənistanın özündə belə insanların sayı rəsmi statistikadan azdır. Ermənistan əhalisi əsasən Rusiyada və ya başqa ölkələrdə yaşayır. Ermənistandakı sosial-iqtisadi vəziyyət imkan verməyib ki, ermənilər orada yaşasınlar nəsil artırsınlar. Mənim yaşadığım Zar kəndində biz məcburi köçkün düşənə qədər 350 ev olub. Hazırda isə proqram vasitəsi ilə baxanda görmək olur ki, evlərin hamısı dağıdılıb, sökülüb. Orada cəmi iyirmi ev qalıb. 350 evin olduğu kənd də hazırda 20 evdə yaşayış var. Yalnız Kəlbəcərdə yox digər ərazilərdə də bu belədir. İndiki vəziyyətdə isə ermənilərin beş-on evi yandırması o qədər də önəmli deyil. Əsas torpağımız idi və işğaldan azad olundu. Biz o evləri yenə də qurub, gözəlliklər yaradacağıq.

 

Mənim üçün Kəlbəcərdə ən doğma yer təbii ki, evimizdir. Mən evin şəklini görmüşəm quru divarları qalıb. Öz böyüdüyüm ev bir də onun yanındakı məktəbə gedəcəyəm ilk növbədə”.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi