Modern.az

Polietilen torba və plastik stəkan satanlar 4 min manat cərimə ediləcək

Polietilen torba və plastik stəkan satanlar 4 min manat cərimə ediləcək

17 Noyabr 2020, 16:40

Noyabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.  

 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov bugünkü iclasın gündəliyinə iki məsələnin daxil  edildiyini deyib və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə  (birinci oxunuş)  təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. 

 

Qeyd olunub ki, layihə Prezidentin 2019-cu il  7 fevral tarixli  “Azərbaycanda plastik  qablaşdırma  tullantılarının  ətraf mühitə  təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na  əsasən hazırlanıb. Sadiq Qurbanov plastik tullantıların uzun  müddət parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri  barədə danışıb. 

 

Bildirilib ki, qalınlığı az olan plastik  torbalar çürüməyə  qarşı davamlı olduğu  üçün  təbiətin çirklənməsində  daha böyük rol oynayır.  Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar  tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə  tutur. 

 

Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

 

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib. Sadiq Qurbanov qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Təklif olunan dəyişikliklər “Ətraf  mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə bağlı müddəaların pozulmasına görə  inzibati  məsuliyyət hallarını özündə ehtiva edir.

 

Komitə üzvləri Asim Mollazadə, Nəsib Məhəməliyev, Fatma Yıldırım, İltizam Yusifov uzun illər işğal altında qalan və azırda boşaldılması prosesi həyata keçirilən torpaqlarımızda erməni vandalları tərəfindən törədilən vəhşilikdən,  təbiətə və ətraf mühitə vurulan zərərdən, meşə və bitki örtüyünün, heyvanat aləminin qəddarlıqla məhv edilməsindən söz açıblar, müzakirə edilən sənədlərin ətraf mühitin mühafizəsində mühüm rol oynayacağını bildiriblər.

 

Sonda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi