Modern.az

Oğlu Qarabağda şəhid olan moldovan ana deputata niyə TƏŞƏKKÜR ETDİ...

Oğlu Qarabağda şəhid olan moldovan ana deputata niyə TƏŞƏKKÜR ETDİ...

21 Noyabr 2020, 10:58

“Şəhid anasının duası Qənirə xanımın başı üzərində qalxana çevirilib onu bütün təhlükələrdən qoruyacaq” – Şəhid atası 

 

“Birdən telefonuma zəng gəldi, bir xanım səsi idi. Dedi ki, sizinlə danışan millət vəkili Qənirə Paşayevadır, görüşmək istəyirəm. Məni Bakıya dəvət etdi. Elə həmin an fikirləşdim ki, görəsən hansı avtobusla saat neçədə gedə bilərəm?”.

 

Bu sözləri Modern.az-a İkinci Qarbağ müharibəsi şəhidi Romir Əliyevin  atası Rəşadət Əliyev bildirib.

 

Şəhid atası deyir ki, Bakıya necə gedəcəyini fikirləşdiyi anda deputat sanki onun ürəyinin səsini eşidərək deyib: “Sizin Bakıya  gəlməyiniz üçün mən öz sürücümü Lənkərana göndərəcəyəm”.

 

“Barəmizdə haradan məlumat aldığını bilmirəm... Yəqin, hardansa öyrənib ki, mənim həyat yoldaşım Miroslova Əliyeva 25 ildir ki, Azərbaycanda yaşayır, vətənə şəhid bəxş edib, lakin hələ də vətəndaşlıq ala bilmir.

 

Bakıya gəldik... Qənirə xanım bizi qəbul edib problemimizi dinlədi və dərhal Dövlət Miqrasiya Xidməti ilə, Moldovanın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Moldovadakı Səfirliyi  ilə əlaqə yaradıb bu problemin həlli üçün müraciət etdi.

 

Atıq müsbətə doğru addımlar atılmaqdadır. Ola bilər ki, həyat yoldaşım sənədləşmə üçün Moldovaya getməli oldu”.

 

Şəhid atası deyir ki, ailədə heç kimin işləmədiyini, onun xəstə, miqrant olduğu üçün isə həyat yoldaşının da heç harada çalışa bilmədiyini nəzərə alan deputat lazım olan bütün xərcləri də öz üzərinə götürüb.

 

“Daha sonra mənə və həyat yoldaşıma igid bir övlad böyütdüyümüz üçün təşəkkür edərək, bizə hədiyyələr təqdim etdi.  Sonra öz sürücüsü ilə bizi geri – Lənkərana göndərdi. Mən şəxsən öz adımdan və ailəmiz adından Qənirə xanıma təşəkkür edirəm. Romir kimi qeyrətli oğullar və Qənirə xanım kimi qeyrətli qızlar yetirən bu torpaq heç zaman düşmən tapdağında qala bilməzdi”.

 

Şəhid atasının sözlərinə görə, oğlu çox istəyirdi ki, anası Azərbaycan vətəndaşlığı alsın, lakin çox təəssüf ki bu arzu ilə həlak oldu.

 

“İndi dəyərli Qənirə xanım bu işdə bizə köməklik etməklə həm Romirə, həm onun kimi vətənpərvər övladı dünyaya gətirən anaya, həm də uğrunda can qoyduğumuz Vətənə olan sevgi və hörmətini ifadə etməkdədir. Qənirə xanım dövlətimiz üçün böyük işlər görüb. Onun fədakarlığı haqqında çox danışmaq olar.Amma mən bircə kəlmə demək istərdim ki, Allah onu sevərək yaradıb. Çünkü qeyrət, mərhəmət və vicdan kimi ən ali hissləri ondan əsirgəməyib. Elə onun vətənpərvərliyi də məhz bundan irəli gəlir. Mən fəxr edirəm ki, parlamentimizdə Qənirə Paşayeva kimi millətimizin haqq səsini ucaldan xanım var. Necə ki o şəhid anasının qayğısına qalır, şəhid anasının da duası Qənirə xanımın başı üzərində qalxana çevirilib, onu bütün təhlükələrdən qoruyacaq”.


Leyla Şah

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi