Modern.az

Allahverdi Bağırovun bacısı: “Gecə xəbər gəldi ki, minaya düşüb” - MÜSAHİBƏ

Allahverdi Bağırovun bacısı: “Gecə xəbər gəldi ki, minaya düşüb” - MÜSAHİBƏ

30 Noyabr 2020, 13:20

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov... Canını vətən yolunda fəda edən mərd kişi... İllər, əsrlər keçsə belə o, heç kimin yaddaşından silinməyəcək. 27 il öncə Allahverdi Bağırovun məzarı işğal altında olan Ağdamda qalmışdı. Öz doğma torpağında dəfn olunsa belə, sanki hiss edirdi, düşmən tapdağında olduğunu... 27 il sonra nəhayət qəhrəmanımızın ruhu şaddır. Allahverdi Bağırov 27 il sonra uğrunda canını verdiyi müstəqil Azərbaycanın üçrəngli bayrağına qovuşdu.

Allahverdi Bağırovun bacısı Almaz Bağırova Modern.az-a qardaşı ilə bağlı xatirələrdən, onun məzarı tapıldıqdan sonra keçirdiyi hislərdən danışıb.


- Almaz xanım, Allahverdi Bağırovun məzarı necə tapıldı?

- Dövlət səviyyəsində baş tutdu bu axtarış. Əvvəlcə Ağdama nümayəndə heyəti göndərildi. Məzar tapıldı, sonra isə qızları getdi.


- 27 il sonra atalarının məzarını ziyarət etdilər, necə hisslər keçiriblər
, sizə nələr danışdılar?

- Allahverdi şəhid olanda kiçik qızının 6, böyüyün isə 7 yaşı var idi. Atalarını görməmək onlara hər zaman əzab verib çox çətin olub. Atasız böyümək çox ağırdır...

27 il sonra atalarının məzarını ziyarət etmək isə dillə deyiləsi qədər asan deyil, nə qızları, nə də mənim üçün... Ağdamdan  gələndə ağlamaqdan danışa bilmirdilər.


-
Siz də məzarı ziyarət edə bilmisiniz?


- Mən Ağdama getdim, amma icazə verilmədi. Çünki hələ minalardan tam olaraq təmizlənməmişdi. O xəbəri eşitdikdə nələr düşünmədim ki.....

27 il hər yerdə utana-utana gəzdim, ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi. Şükürlər olsun ki, artıq torpaqlarımız azad olundu. Bəlkə indi Allahverdi də məzarında rahat uyuyar.


- Qardaşınızla bağlı hansı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?

- Bizim üçün Allahverdi uşaq vaxtından o qədər dəyərli olub ki, onun ad günlərini belə toy kimi qeyd edirdik. Evimizdə ancaq Allahverdinin ad günü keçirilirdi. Onun üçün hər il qurban kəsilərdi. Bizim anamız 1971-ci ildə vəfat edib. Allahverdidən 6 yaş balaca olmağıma baxmayaraq, ona da, digər qardaş-bacılarıma da mən baxmağa çalışmışam. Allahverdi biz bacı-qardaşlar üçün arxa, dayaq idi..

Gənclik illərində əvvəlcə atletika ilə məşğul olmuşdu. SSRİ dövründə bütün ölkələrə yarışlara gedirdilər. IX-X siniflərdə artıq futbola maraq salmışdı. Komanda yaratmışdılar, əvvəlcə adı "Şəfəq" idi, sonra isə dəyişdirildi - "Qarabağ" komandası oldu. Allahverdi həmişə 5 nömrəli müdafiəçi olub.

Vətənimizin üzərini qara buludlar alandan sonra isə Qarabağ uğrunda müharibəyə getdilər. Çox qarşısını almağa çalışdım, yalvardım amma heç kimə qulaq asmadı, körpə yaşda balalarını qoyub getdi...

Dedi, mən bu torpaqda böyümüşəmsə, canımdan keçməyə də hər zaman hazıram. Ağdamda döyüşdən qaçanları görürdü, əsəbləşirdi, deyirdi ki, döyüşə kişilər gedir, heç olmasa siz də gəlin, arxada bir az insan olsun. Amma cəbhədən qaçanlar qayıtmırdı. Allahverdi heç vaxt qəbul etmirdi ki, onun torpağını kimsə alsın, çox əsəbləşirdi, sanki ürəyi partlayırdı.


-
Allahverdi Bağırovun şəhid olmağını necə xatırlayırsınız?

- Döyüşə getməzdən öncə Allahverdi Ağdamdakı evimizə gəldi, yanında da iki nəfər var idi. Mənə dedi ki, burdan çıxın, biz hücuma keçirik, bura da atacaqlar. Mən dedim ki, çıxmayacam. Onda tapşırdı ki, “Almaz, mənim uşaqlarıma da sahib çıx, Ağdamdan müvəqqəti gedin!”.

Gecə xəbər gəldi ki, Allahverdi ağır yaralanıb. Sürücüsü ilə bir yerdə minaya düşmüşdü. Onun başqa yerdə qalmaqdan xoşu gəlmirdi, yaralı vəziyyətdə Ağdamdakı evimizə gətirdik. Elə orada da gözlərini yumdu. Allahverdi ilə birlikdə sanki biz də öldük, elə onunla birlikdə bütün Ağdamın işığı söndü, Qarabağın bəxti qara gəldi.

Qardaşımın son sözü yenə də “balalarıma sahib çıx” oldu. Övladlarını deyə-deyə bu dünyadan getdi.


- Artıq Ağdam və işğal altındakı bütün torpaqlarımız azaddır. Allahverdi Bağırov kimi qəhrəmanlarımız rahat uyuyacaqlar...

- Bəli, mən əminəm ki, qardaşımın ruhu şaddır. Uğrunda can verdikləri torpaqlar azaddır. Biz isə o qədər sevincliyik ki, gedib qardaşımın qəbrini ziyarət edə biləcəyik... Allah Vətənizimin qalibiyyətini əbədi eləsin!

Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub