Modern.az

“Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım

“Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım

Aktual

2 Dekabr 2020, 20:30

“Bu günlər, həqiqətən də, tarixi anlar yaşayırıq. 2020-ci il Azərbaycan tarixinə möhtəşəm qələbə ili kimi qızıl hərflərlə yazılacaq. Bu il Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoydu. Dekabrın 1-də Laçın rayonunun da azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirmiş oldu”. 

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciəti zamanı əvvəlki danışıqlar prosesinin bəzi detalları, ölkəmizə olan müəyyən təzyiqlər, bəzi qərb dairələrinin Ermənistana dəstək verməsi və s. məsələlər haqqında məlumat verdi. Belə ki, Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsində israr edib və bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistanda qalmalıdır. Biz bununla da görürük ki, möhtərəm Prezidentimiz ötən illər ərzində beynəlxalq güclərin təhdid və təzyiqlərinə qarşı polad iradə nümayiş etdirib, milli maraqlarımızı daim qoruyub. Məhz bu mübarizlik və qətiyyətin məntiqi sonluğu kimi xalqımız öz haqlı mübarizəsində zəfər qazandı. 

 

Fatma Yıldırımın sözlərinə görə 10 noyabr bəyanatından sonra razılaşmalar mərhələlərlə həyata keçirilir: 

 

“Amma cəmiyyətdə gələcəkdə atılacaq addımlarla bağlı indidən bəzi fikir və iddialar irəli sürülür. Hesab edirəm ki, hər şeyin zamana ehtiyacı var və bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil. Cənab Prezident 10 noyabr razılaşmasının bəndlərini bir-bir izah etdi və gələcək mərhələlərdə nəzərdə tutulan addımlarla bağlı vaxtı çatanda ictimaiyyətə müvafiq açıqlamalar veriləcəyini bildirdi. Biz dövlətimizin başçısına sonsuz güvənirik və onun qərarlarının arxasındayıq. Prezidentimiz bizə, bəlkə də, bir neçə ay əvvəl xəyal belə etmədiyimiz günləri yaşatdı. Danışıqlar prosesinin uzanması nəticəsində etiraf edək ki, xalqımızda torpaqların azad olunacağı ilə bağlı bir inamsızlıq yaranmışdı. Ancaq bu gün məlum olur ki, biz bu illər ərzində danışıqlar masasında qətiyyətli mövqe ortaya qoya bilmişik. İndi daha yaxşı başa düşürük ki, dövlətimiz tərəfindən düzgün addımlar atılıb və sadəcə müəyyən zamana ehtiyac var imiş. Ermənistan və onun havadarlarının bütün təzyiqlərinə rəğmən dövlətimiz təslim olmayaraq maraqlarımıza zidd olan təklifləri qəbul etməməklə  iradəsini nümayiş etdirib. Əminik ki, bu günə qədər olduğu kimi bundan sonrakı mərhələdə də dövlət başçısı tərəfindən aparılan düzgün siyasət davam etdiriləcəkdir. Tezliklə işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və doğma Qarabağımız yenidən gülüstana çevriləcək”.

 

Azərbaycan Prezidentinin sərəncamları ilə hər il 27 sentyabrın Anım Günü, 10 noyabr tarixinin isə Zəfər Günü  kimi qeyd ediləcəyini deyən deputatın fikrincə bu təqvimlər tariximizdə əbədi yaşayacaq.

 

“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər qazandı və özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Artıq tariximizdə yeni mərhələ başlayır. Azərbaycan dövlətinin yaratdığı yeni reallığı bütün dünya qəbul etməlidir və bu mərhələyə Azərbaycan daha güclü və qüdrətli dövlət kimi daxil olur”, - deyə Fatma Yıldırım söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi