Modern.az

Azərbaycanlı həkimlərin məqaləsi ABŞ-da çap olundu: “Hepbal” məcunu diqqət çəkib - MÜSAHİBƏ

Azərbaycanlı həkimlərin məqaləsi ABŞ-da çap olundu: “Hepbal” məcunu diqqət çəkib - MÜSAHİBƏ

6 Yanvar 2021, 10:28

Apifioterapiya Mərkəzinin rəhbəri, həkim-fitoterapevt Elnur Rəhimov və həyat yoldaşı Dr. Zümrüd Rəhimovanın birgə yazdıqları məqalə ABŞ-ın məşhur “David Publishing” jurnalında çap edilib. Həmin məqalə ilə Azərbaycan propolisi, balı və bitkilərindən ibarət “Hepbal” məcununun faydaları beynəlxalq səviyyədə təsdiqlənmiş oldu.

Dr. Elnur Rəhimov Modern.az-a bununla bağlı müsahibə verib.

- Öncə istərdik ki, araşdırmanız barədə bizə məlumat verəsiniz...

- Uzun müddətdir qaraciyər xəstəliklərində və profilaktikasında istifadə olunan Azərbaycan balı ilə alaqanqal toxumu, güləm və s. bir sıra bitkilərin qarışığından istifadə edib araşdırma apardıq.

Qaraciyər üçün “Hepbal” məcunu adıyla 2018-ci ildə Türkiyənin İstanbul şəhərində təbii üsulların tətbiqi mövzusunda konfransda çıxışım oldu. Həmin çıxışım daha sonra bir sıra ölkələrin tamamlayıcı və alternativ tibb bölümlərində maraq yaratdı.

2020-ci ildə “Hepbal” qaraciyər məcnunun Həkim-Armoaterapevt Dr. Zümrüd Rəhimovla qaraciyər piylənməsi, hepatitlər və qaraciyərin toksiki zədələnməsi zamanı statistikasını və təsdiqini apardıq. Və nəhayət, 2021-ci ildə Amerikanın məşhur farmakoloji jurnalında çap olunduq.


- Həyat yoldaşınızla birgə bitkilərin təbabətdə rolunu araşdırmağı necə qərara aldınız?

- Yoldaşımla Tibb Universitetində birgə oxumuşuq və hər ikimiz həkimlik peşəsinə yiyələndikdə təbii üsulları seçmişik. Bizə görə canlı orqanizm canlı təbiətin gücündən istifadə edib sağlam qala bilər. Mən fitoterapiya, apiterapiya, hirudoterapiya və akunpunktur istiqamətində bir sıra ölkələrdə təhsilə və kurslara davam etdim. Hazırda Türkiyədə İstanbul Medipol Üniversitetinin Geleneksel və tamamlayıcı tibb bölümünün tədqiqatçısıyam.

Yoldaşım Zümrüd Rəhimova fitoterapiya, aromaterapiya və natural kosmetologiya sahəsində özünü inkişaf etdirdi. Hazırda Azərbaycan Respublikası Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun doktorantıdır.


- Azərbaycan balı haqqında yazdığınız məqalə xarici mediaya necə yol tapdı?


- Bütün xarici ölkələrdəki çıxış etdiyim konfranslarda dərman bitkiləri və arı məhsullarının Azərbaycandan olmasını vurğuladım və araşdırmalara da öz doğma torpaqlarımızın sərvətləri ilə başladım.

Məqalədə Azərbaycan arı məhsulları və bitkilərinin komponenti olan “Hepbal” məcun şəklində təqdim edildi. Məşhur bir jurnaldan belə təklif gələcəyini gözləmirdim.

Ən əsası sevindiyim məsələdə Azərbaycan fitoterapiya və apiterapiyasının, yəni dərman bitkiləri və arı məhsullarının adının hallanması idi.


- Azərbaycanda insanların bu tip müalicəyə inamı necədir?


- Son beş ildə Azərbaycanda  təbii üsullarla müalicəyə daha böyük inam yaranıb.


- İnsanlarda
təbii üsullarla müalicəyə inamı artırmaq üçün nələr etmək lazımdır?

- İnsanlarda inamı artırmaq üçün öncə xəstəlik tam araşdırılmalı, doğru diaqnoz qoyulmalı və düzgün müalicə taktikası seçilməlidir.

Öncə zərər verməmək, yəni “primum non nocere”...

Faydalı ola biləcək və ziyan verməyəcək müalicə özü inam yaradır.


- Jurnalda dərc olunan yazı xaricdə necə qarşılandı?

- Kolleqalar və əməkdaşlar arasında təbii ki, xoş qarşılandı. Amma, xoş qarşılamayanlar da ola bilər.

Burda önəmli olan mənim və bizim deyil, hər birimizin insanların sağlamlığı üçün örnək addımlar ata bilməyimizdir.


- Sizin fikrinizcə, xəstəliyin dərmanla, yoxsa bitkilərlə müalicəsi faydalıdır
?


 -Bu, xəstəlikdən asılıdır. Kəskin və xroniki xəstəliklərdə fərqli metod seçirik.

Məsələn, koronavirus pandemiyası başlayan gündən 1084 xəstəni dərman və bitkilərlə müalicə etdim.

Dərman yazılacaq yerdə yazılmalı və əksər xroniki xəstəliklərdə isə əgər dərman bitkisi yazılacaqsa, hər hansı dərmanı əvəz edə biləcəksə, o təyin edilməlidir. Önəmli olan sağlığa ziyansız və nəticəli olanı seçməkdir.


- Fitoterapevt - bitkilər üzrə elmi işçi kimi insanlara məsləhətiniz nədir?


- İnsanlara öz yaşadıqları torpaqların meyvəsini, tərəvəzini, bitkisini, balını və digər arı məhsullarını istifadə edib, daha sağlam yaşamalarını təmin etməyi tövsiyə edirəm.


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir