Modern.az

Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər

Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər

26 Yanvar 2021, 16:50

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Aparatın əməkdaşları  yanvar ayının 25-i axşam saatlarında Xırdalan şəhərində baş vermiş partlayış hadisəsi ilə bağlı həmin əraziyə baxış keçiriblər.


Modern.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, N.Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş verib. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayeva və qızı 2012-ci il təvəllüdlü Fatimə Musayeva dağıntılar altında qalaraq vəfat ediblər.


Eyni zamanda, həmin evdə yaşayan Aytən Musayevanın həyat yoldaşı Vüsal Musayev və övladları 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Aparatın əməkdaşları xəsarət almış şəxslərin müalicə olunduqları Akademik M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına baş çəkərək reanimasiya şöbəsində müalicələri davam etdirilən Firudin Musayev və Xədicə Şükürzadənin sağlamlıq durumları ilə maraqlanıblar. Hazırda həmin şəxslərin müalicəsi davam etdirilir. Eyni zamanda həmin xəstəxanada ambulator müalicə alan Əlləzova Səmayə Mövlud qızı müalicə olunaraq evə buraxılıb.


Hadisə yerinə baxış keçirilərkən partlayışın təsirindən yaxınlıqda yerləşən digər binanın 4 sakinin də müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və onlara təcili tibbi yardım tərəfindən yerində müvafiq tibbi yardımın göstərildiyi məlum olub. Partlayış nəticəsində ətrafda yerləşən beş mərtəbəli binaya, fərdi yaşayış evlərinə, ticarət obyektlərinə, o cümlədən ətrafdakı avtomobillərə ziyan dəyib.


Baş vermiş hadisə Müvəkkilin diqqət mərkəzində saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?