Arxiv
4 Fevral 2021, 17:22 | ƏDƏBİYYAT
Şəhid mayor Novruz Əsgərovla 1 il xidmətdə - XATİRƏ

Komandirin Kapitan Novruz Əsgərovdu...

Yadımdadı, hərbi hissəyə gəldiyim ilk gün onu mənə bu bir cümləylə tanıtmışdılar. Hərbidə keçən sonrakı günlər isə onu mənə belə tanıtdı- bəstəboy, çox danışmayan, səhəri otağına quraşdırdığı “Həyəcan siqnalı” ilə açan, hərbi hissədə gündüzünü gecəsinə qatan komandir kimi...

Pul qabında hər zaman çoxlu pul olardı, bəzən pulqabısı bağlanmazdı heç. Deyəcəksiniz xərcləməyə yeri yox idi, amma var idi. Hansı əsgərin borcu olsa bağlayar, kiməsə pul lazım olsa, sorğu-sualsız çıxarıb verərdi. Onun pul qazandığı yer də hərbi hissə idi, pul xərclədiyi yer də. Aldığı maaşı əsgərinə xərcləyən komandir idi o, başqa xərci olmazdı. Kirayədə də qalmazdı heç, hərbi hissə həm evi idi, həm işi...

                               

Taborda ilk gün

 

Hə... Sizə hərbi hissəyə gəldiyim ilk gündən danışıram axı... Əsgərlər, zabit və gizirlərlə tanışlıq, yerləşmədən sonra yuyunmağa çıxdım. Qayıdanda baxdım saat axşam 11.00 olub. Komandir Əsgərov da dayanıb kazarmanın qarşısında. 30-40 metr kənarda da turniklər olan idman yeri var. Əsgərləri dizdən bir az yuxarı olan otun içində uzanan gördüm. Öz aləmlərində gizləniblər ki, komandir onları görməsin. Çünki “yat komandası”nın vaxtından keçib. Əsgərlikdə olanlar belə işlərin cəzasını yaxşı bilir.

   
Fikir verdim, komandir o tərəfə baxmır. Yaxınlaşıb hərbi salam verdim, keçmək istəyəndə, dedi, Məmmədov, turnik tərəfə baxma, əsgərlər gizlənib. Mən indi uzaqlaşacam, sən get onlara de ki, komandir deyir, düzülsünlər, gəlirəm.

  
-Oldu, yoldaş kapitan deməyimlə uzaqlaşdı ordan. Gəlib əsgər yoldaşlarıma komandirin tapşırığını çatdırdım ki, düzülsünlər. Otluğa uzanan əsgərlərin təəccübü bir-birinə qarışdı, bu onun özünə baxdı, o bunun:  bizi görüb?

    
Dedim, bilmirəm daha kimi görüb, kimi yox, mənə dedi ki, düzülsünlər, gəlirəm.

  
Nə isə... hamı deyinə-deyinə gəlib cərgədə yerini tutdu, düzüldük. Komandir gəldi ki, əsgər axşam saat 10-da yatmalı, səhər 6-da oyanmalıdı. Əgər yatmırsa, onun məsuliyyəti yazılır hara? Əsgərlərin bir-birinin üzünə baxdığını görüb cavabı da özü verdi. Əlini boynuna qoyub dedi, bura yazılır, bax, bura- o əsgərin komandirinin boynuna. Indiysə gedin yatın, səhər saat 6-da oyanacaqsız. Gəlib yoxlayacam- dedi və səhər saat 6-da oyanmayanı “gözəl əsgər sözləri” ilə bəzədi. 

 

Əsgər ağlı...

 

Səhər saat 6.00. Bölük növbətçisinin komandası eşidildi: “Bölüüüüüüüüük Qalx !!!”

Hamı oyandı və bölük növbətçisindən növbəti komanda gəldi: “Bölüüüüüüüüük 1-dən 60-a qədər Say!!!”

Hamı başladı saymağa. Və ardınca sonuncu komanda gəldi. 

Bölüüüüüüüüük Yat.

Yaxınlaşdım ki, qardaş bəs niyə belə? Dedilər, görmədin? Səhər saat 6-da oyanmayanlara nələr dedi komandir? Bizdə belə elədik. İndi hamı rahat yata bilər... 

 

Ata, qardaş qayğısı

 

Yata bilmədim, 3-cü mərtəbəyə əl-üzümü yumağa qalxdım. Ora da qapısız pəncərəsiz bir yer. Komandirin otağı da orda idi. 

“Şəp-şüp”-lərimin ucunda keçəndə gördüm yatıb - qapısı da açıq. İçimdə dua edə-edə  çevrilmişdim ki, gözlərini açmadan dedi: Məmmədov, əsgərlər oyanıb? Dedim, bəli, komandir.

  
Əlbəttə, inanmadı. Formada yatmışdı. Qalxdı, dedi, gedək baxaq. Gəldik. Bölük növbətçisi “Fərəğət” komandası verməmiş ona əli ilə “sakit” işarəsi verdi. Gördük hamı yatır. Mənə baxdı, dedi, gördün ki, yatıblar. Bir günə səni də özlərinə oxşatdılar. Dedim, mən gələndə hamı oyaq idi, komandir...

   
 Bölük növbətçisinə “hələ oyatma, gec yatıblar, səhər düzülüşünə oyadarsan. Heç kim gecikməsin” əmrini verəndən sonra səssizcə yaxınlaşıb üstü açıq qalan əsgərin üstünü örtdü- diqqətindən yayınmamışdı –elə bil atadı, anadı, qardaşdı. Sonra gülə-gülə mənə yaxınlaşıb, “nə qədər yatsalar axşam dediklərimi o qədər çox götürəcəklər” dedi-  balaca, dəcəl uşaqların özünə bəraət qazandırmasını xatırladan təbəssümü ilə...

Əsgərlərinə dediyi məşhur bir cümləsi vardı. Deyirdi, nəinki bu taborda, bu hərbi hissədə, Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə Dünya Silahlı Qüvvələrində də məndən pis zabit yoxdu, ağıllı olun. Amma biz bir ildə onun bir pisliyini görmədik ki, yaxşılığını gördük.

 

“Hörmət”

 

Mən hərbiyə gedəndə Atama dedim, arada “dələduzluq” edənlər də tapılacaq, amma onlara heç bir “hörmət” etmə. Gəl o “hörmət”i yarıya bölək, hər ay mənə göndər, hara düşürəm- düşüm. Valideynlər təlaş keçirdiyi həmin vaxt nə desən razı olurlar.  Xidmətə gedirsən axı.

Atam razılaşdı. Məni öncə Salyana, 3 ay sonra Ağstafaya göndərdilər. Heç vaxt peşman olmadım, çünki Tanrı mənə Mayor Novruz Əsgərov kimi bölük komandiri, Polkovnik Leytenant Ramiz Cəfərov kimi tabor komandirinin əmrində xidmət etmək, onları tanımaq şansı bəxş etdi. 

 

Qazaxlı ağ amerikalılar

 

Atam hər iki həftədən bir Qazaxda yaşayan rəhmətlik bibimgilə 100-200 manat göndərər, mən də həftə sonu axşama qədər olan buraxılış icazəmi alar, gedib o pulu götürər, Qazaxda, Ağstafada - harda toy çadırı görsəm girib oturardım. Kababdan yeyib, ağzı xamırlı “Samagondan” içər, 25 manat da toya pul yazdırandan sonra Qazax olardı mənim üçün Los Anceles, Hollywood, qazaxlılar da ağ amerikalı. 

Bununla da kifayətlənməz, üstəlik bir musiqi də sifariş edər, bəyin ən əziz adamı, doğması kimi toyda oynayıb çıxardım. Nə kimsə bilər, nə bir söz deyərdi. Sizə bir “dövlət sirri” də deyim, Gəncə-Qazax zonasında əsgərə hörmət bir başqadı. Yox səhv salmayın, bu hörmət o “hörmət”dən deyil. Əsgər baş tacıdı oralarda. Orda əsgərə “dərdin alım”dan başqa söz deyilməz.  

 

Vətən vurğunu

 

Toydan Sonra gedər Səməd Vurğun parkında bir çayxanada oturar, dəmli çaynikdən ikisini, üçünü içərdim ki, arağın qoxusu getsin. Amma zəhrimar getmirdi. Nanəli Dirol saqqızını nəfəsinə yaxınlaşdıranda az qalırdı ərisin. O reklamlarda gördüyümüz “Dirol” çeynəyəndə hər yer buz bağlayır söhbəti Qazaxda keçmirdi. Maraqlı söhbətlərə şahid olurdum o parkda. 

Hətta bir dəfə ağsaqqallar yan masada nərd oynayırdılar, söhbətlərini eşitdim. Deyir, nüəmnən soruşoram ki, ay oğraş, yaxın deyil uzaxdı, Vurğunun Vətəni Qazaxdı kimin şeiridi?  Kopoğlu deyer, Aşıq Ələsgərin. Bunu bilmer, maa deyer, ay bava, saz al, aşığ olajam.

...Belə qazaxlı, şirin xatirələrlə parkdan qalxar, gicəllənə- gicəllənə qayıdardım hərbi hissəyə. Son gücümü toplayıb bacardığım qədər uzaq məsafədən məruzə edərdim ki, əsgər Məmmədov buraxılışda olan zaman heç bir hadisə baş verməmişdir. Sonra da gedib canımla əlləşərdim. 

 
 Kimsə anlamasa da, anlayardı O – komandirimi deyirəm. Anlayardı, amma heç vaxt üzümə vurmazdı. Əvəzinə növbəti həftəni növbədən növbəyə salardı. O içdiyim haramı bir həftəyə piltə- piltə burnumdan gətirərdi. 

 

Əsgər yeməyi 

 

Mən əsgər olanda 3 dəfə əsgər yeməyi, 2 dəfə də əsgər bufetində (biz “Çaynı” deyirdik) insan yeməyi yeyirdim. Çünki “perlova” toyuq yeməyi kimi bir şeydir. Nə qədər yeyirsən ye, bir toyuq tox vaxtı hansı gücdə olursa, o gücdə olursan. Dietada olan qızlara məsləhətli yeməkdi, səhərdən axşama ye, arıqlayırsan ki, kökəlmirsən. 


Bufetdə yediyim yeməklərin də pulu yığılardı, 200-300 manat olanda gətirib bağlayardım. İmkansız əsgərlərimiz var idi. Onların baxmasına dözmürdüm. Əslində, baxan da yox idi, amma, necə deyərlər, ac acı tanıyar, tox deyilik ki, acdan xəbərimiz olmasın.  Deyirdim, alın istədiyinizi yazdırın mənim borcuma. Nə hikmətsə, onlar da həmişə vafli alırdılar ya da “kontik” (O dövrün əsgərləri yaxşı bilir “kontik”nədir). 

    
Bir gün kapitan Novruzov bufetin qabağından keçəndə oranı işlədən deyir, sizin Əsgərin bizə düz 359 manat borcu var.  Komandir də çıxarıb verir ki, al, daha əsgərin sizə borcu yoxdu. 

 

Yemək üçün ölmə, ölməmək üçün ye

 

...Çağırdı məni yanına. Soruşdu: - Məmmədov, sən Əsgər yeməyi yemirsən? Dedim, yeyirəm, komandir - gündə 3 dəfə. Dedi, üstəgəl bufetdə də yeyirsən? Dedim, bəli. Dedi, - əə, sən dinozavrsan? 

-Komandir, axı əsgər yeməyindən doymuram- dedim, dedi, - Məmmədov, əsgərə yeməyi vermirlər ki, doysun, verirlər ki, ölməsin.

Nə deyə bilərdim ki, “oldu yoldaş kapitan” deyib otaqdan çıxdım. Amma borcumu bağladığını demədi. 2 ay sonra bildim. İki ay sonra gördüm borcum əskik gəlir, dedilər ki, komandirin bağlayıb.

Belə bir komandir idi kapitan Əsgərov.  

 

Zabit maaşı

 

Heç vaxt şikayət etməzdi. Bir dəfə məzuniyyətdən yol kənarı ilə piyada hərbi hissəyə qayıdırdım. Komandirlər də maşınla hərbi hissəyə gəlirmişlər. Məni görüb götürdülər. Sürücü, baş leytenant,  bir də kapitan Əsgərov maşında idi. Baş leytenant başladı şikayətə ki, bu nədir ee leytenantla baş leytenant maaşı arasında 20 manat fərq var. Kapitan Əsgərov da qayıtdı ki, azdı 20 manat? 20 manatı pul hesab etmirsən? Dedi, yox. Kapitan Əsgərov “onda hər dəfə maaşını alanda 20 manatını gətirib verərsən mənə” deyəndə hamı güldü, mən gülə bilmədim. Əsgər maaşım 12 manat idi. Mən hansı günümə gülüm deyə fikirləşdim.

 

Şəhid komutan

 

Snayperi ilə o qapısız, pəncərəsiz kazarmanın 3-cü mərtəbəsindən işğaldakı torpaqlarımıza baxmağı sevərdi. İnanırdı ki, bir gün o torpaqlara pəncərədən yox, lap yaxından baxacaq. Görəsən, bilirdimi ki, özü baxmasa da, bir gün minlərlə azərbaycanlı o torpaqlara yaxından baxacaq – onun şəhidliyi, qanı bahasına. Məncə, bilirdi. Bilməsəydi, əsgərlərilə birgə Suqovuşan uğrunda çiyin-çiyinə vuruşmazdı.

Bəli... O artıq şəhiddir. Özü də mayor rütbəsində. Vətənini, millətini, əsgərini sevən komandir idi kapitan Əsgərov. Ona görə də şəhidlərimizin siyahısında ismini və rəsmini görəndə düzü, təəccüb etmədim, sadəcə təəssüf etdim.

12 il sonra da dəyişməmişdi, xatirimdəki həmin kapitan Novruz Əsgərov idi. Yenə də uzaqlara baxırdı - Vətənə...  amma bu dəfə uzaqdan yox, ucalıqdan. İndi isə mən idim ona uzaqdan baxan. Həm illərin uzaqlığı var idi aramızda, həm məsafənin, həm məqamın. O, indi daha uca bir məqamdadı- şəhid məqamında. Ruhun ucalardan uca olsun, Komandir!

 

Əsgərin Asiman Məmmədov (2008-2009)

ABŞ, Tennessee. 2021

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08